Əsas Səhifə > Cəmiyyət, Manşet > MTN Elman Rüstəmovun müavinini də həbs edibmiş
MTN Elman Rüstəmovun müavinini də həbs edibmiş12-01-2016, 10:53 |
Milli Təhlükəsizlik Nazirliyi (MTN) bir neçə il əvvəl Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun müavini Abdulla Məlik-Aslanovu saxlayıbmış. Buna səbəb onun Mərkəzi Bankdan külli miqdarda pul oğurluğu ilə bağlı baş verən məşhur qalmaqalda şübhəlilərdən biri olması imiş. Bu barədə «Unikal»a etibarlı qaynaqdan verilən məlumatda bildirilir ki, 2000-ci illərin ortalarında yeni dövriyyəyə buraxılan pulların sifarişi, daşınması və qəbulu ilə birbaşa məşğul imiş. Elə ortaya çıxan qalmaqalda da diqqətlər öncə Məlik-Aslanovun üzərinə yönəlib. Həmin vaxt Eldar Mahmudovun rəhbərlik etdiyi qurum bu səbəbdən onu saxlayıb və məqsəd ondan Mərkəzi Bank rəhbərinin əleyhinə baş verənlərlə bağlı ifadə almaq olub. «Görünür, sonrakı mərhələdə həmin ifadə əsasında Rüstəmovun həbsi nəzərdə tutulurmuş», - deyə qaynaq bildirib. Mənbənin bildirdiyinə görə, həmin vaxt bu plan işləməyib. Aslanov baş bankir əleyhinə ifadə verməkdən imtina edib. Bundan sonra Mərkəzi Bankın bir neçə vəzifəli şəxsi ilə birgə Abdulla Məlik-Aslanov da görəvindən kənarlaşdırılır. Elman Rüstəmov isə görünür, həmin vaxt şəxsi nüfuzundan istifadə edərək bu qalmaqalın daha ağır fəsadları olmadan aradan qaldırılmasına nail olur. Maraqlıdır ki, onun vəzifədən kənarlaşdırdığı Abdulla Məlik-Aslanov bir müddət sonra baş bankirin əmri ilə Mərkəzi Bankın İdarə Heyətinin sədri müşaviri postuna gətirilir. Qaynağımız hesab edir ki, bu, onun Elman Rüstəmov əleyhinə ifadə vermədiyi üçün Mərkəzi Bank tərəfindən mükafatlandırılmasıdır. Xatırladaq ki, məlum cinayət Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə araşdırılıb, təqsirləndirilənlər arasında Mərkəzi Bankın demək olar, heç bir yüksəkçinlisi olmayıb. İki “Kamaz” yükü pulun oradan çıxarılmasının məsuliyyəti ancaq aşağı vəzifəli şəxslərin üzərinə qoyulub. Geri qayıt |