Əsas Səhifə > Cəmiyyət, Manşet > Dəri-Zöhrəvi Dispanserindən "yuxarılara" şikayət...

Dəri-Zöhrəvi Dispanserindən "yuxarılara" şikayət...


15-01-2016, 11:05
Dəri-Zöhrəvi Dispanserindən "yuxarılara" şikayət...
Rəsmi statistikaya görə, son iki il ərzində ölkəmizdə dəri-zöhrəvi xəstəliklərinə yoluxma halları ötən dövrlərlə müqayisədə xeyli artıb. Heç kimə sirr deyil ki, hər il dövlət büdcəsindən səhiyyə xərclərinin qarşılanması məqsədilə külli miqdarda vəsait ayrılır. Yəni bu vəsaitlə səhiyyə sistemində mövcud olan bir çox problemi həll etmək olar. Lakin təəssüflə vurğulamaq istəyirik ki, bəzi vəzifə sahiblərinin işlərinə biganə münasibət sərgiləmələri, ayrılan vəsaitləri təyinatı üzrə xərcləməmələri bu sahədə acınacaqlı vəziyyət yaradıb. Elə bunun nəticəsidir ki, hazırda Respublika Dəri-Zöhrəvi Dispanserinin fəaliyyəti qənaətbəxş hesab edilmir. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, dispanserin baş həkimi Şahnaz Baxşəliyeva ona tapşırılan işlərin öhdəsindən layiqincə gələ bilmir və səhiyyə naziri Oqtay Şirəliyevin göstərişlərini istənilən səviyyədə icra etmir: «Bu tibb müəssisəsi son illər ölkəmizdə geniş yayılan dəri-zöhrəvi xəstəliklərin tam və tez bir zamanda müalicə olunmasında o qədər də ciddi nailiyyət əldə etməyib. Bunun bir çox səbəbləri var. Məsələn, bu gün dəri-zöhrəvi xəstəliklərin müalicəsində istifadə olunan dərmanlarla bağlı kifayət qədər ciddi problemlər var. Respublika Dəri-Zöhrəvi Dispanserində bu cür xəstəliklərə yoluxan şəxslərin müalicəsinə etinasız yanaşılır. Zöhrəvi xəstəliklərin hamısı insan həyatı üçün təhlükəlidir. Çünki bu cür xəstəliklər nəticəsində kişi və qadında sonsuzluq yaranır. Şahnaz xanımın rəhbərlik etdiyi dispanserdə zöhrəvi xəstəliklərin müalicəsi zamanı istifadə olunan dərman preparatlarının keyfiyyəti aşağı səviyyədədir. Buna görə də Respublika Dəri-Zöhrəvi Dispanserinə müraciət edən şəxslər çətin vəziyyətlə üzləşməli olurlar. Dispanserdə göstərilən bütün növ tibb xidmətlərinin qarşılığı var. Yəni bura müraciət edən vətəndaş həkimlə dialoqdan, müayinədən sonra mütləq əlini cibinə salmalıdır. Əks halda, həkimlər vətəndaşların şikayətinə qulaq asmaq istəmir və onların problemi ilə maraqlanmır». Məlumata görə, qan və digər analizlərin öz qiyməti var. Laborator müayinə üçün vətəndaşlar əlavə olaraq «şirinlik» verməlidir: «Halbuki, nazir Oqtay Şirəliyev 2008-ci ildə Səhiyyə Nazirliyinin strukturuna daxil olan və dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrində əhaliyə göstərilən pullu tibbi xidmətin ləğvinə dair əmr imzalayıb. Həmin əmrdə göstərilib ki, 2008-ci il fevral ayının 1-dən etibarən Səhiyyə Nazirliyinin strukturuna daxil olan və dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrində əhaliyə göstərilən pullu tibbi xidmət ləğv edilir. Həmçinin qeyd olunub ki, səhiyyəyə ayrılan büdcə vəsaitinin ilbəil artırılması, tibb müəssisələrinin maddi–texniki bazasının möhkəmləndirilməsi, idarəetmənin mütərəqqi formalarının tətbiq edilməsi və təsərrüfat mexanizminin təkmilləşdirilməsindən irəli gələn əmrin icrasına dair göstərişlər artıq Səhiyyə Nazirliyinin bütün strukturlarına verilib. Belə olan halda dövlət səhiyyə müəssisəsi sayılan Respublika Dəri-Zöhrəvi Dispanserində həkimlər vətəndaşlardan nəysə umurlar. Deyilənə görə, səhiyyə ocağında belə acınacaqlı vəziyyətin yaranması baş həkimin yarıtmaz fəaliyyəti ilə bağlıdır». Onu da diqqətinizə çatdırmaq istəyirik ki, Şahnaz Baxşəliyeva artıq 8 ildir ki, Respublika Dəri-Zöhrəvi Dispanserinə rəhbərlik edir. Belə ki, o, 2007-ci ildə nazir Oqtay Şirəliyevin əmri ilə Səhiyyə Nazirliyinin səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri vəzifəsindən azad edilərək Respublika Dəri-Zöhrəvi Dispanserinin baş həkimi vəzifəsinə təyin edilib. Onu qızı Nərgiz xanım isə Zığ Sağlamlıq Mərkəzinin baş həkimidir.

Geri qayıt