Əsas Səhifə > Cəmiyyət, Manşet > Şəki səhiyyəsində “dəftərxana” maxinasiyaları

Şəki səhiyyəsində “dəftərxana” maxinasiyaları


20-01-2016, 12:25
Şəki səhiyyəsində “dəftərxana” maxinasiyaları
Artıq uzun müddətdir ki, bizimdovr.az-a daxil olan açıqlamalarda Şəki rayon səhiyyə sisteminin arzuolunmaz durumu ilə bağlı açıqlamalar təqdim olunur. Məhz bu məlumatlar əsasında qəzetimizin ötən saylarında Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) fəaliyyətində yer almış bir sıra ciddi qanun pozuntularından bəhs edən tənqidi materiallar dərc olunmuşdu. Yerli mənbələrdən aldığımız məlumatlarda RMX-nın baş həkimi Məcid Əliyevin törətdiyi çeşidli korrupsiya hallarından bəhs edilir. Bildirilir ki, bu tibb müəssisəsinin fəaliyyəti ümumilikdə Şəki səhiyyəsinin bərbad durumunu olduqca dəqiq əks etdirir. Bu səbəbdən də rayonda əhaliyə göstərilən tibbi xidmətlərin olduqca aşağı səviyyədə olması yerli ictimaiyyəti son vaxtlar ən çox narahat edən məqamlardan biri kimi çıxış edir. Daxil olan məlumatlarda Şəki RMX-nın xüsusilə doğum və cərrahiyə şöbələrində vəziyyətin son dərəcə təhlükəli fəsadlara yol aça biləcək durumda olduğu vurğulanır. Həm də xüsusi olaraq xəstəxananın doğum şöbəsinin fəaliyyətinə dair ciddi iradlar irəli sürülür. Şikayətçilər bildirirlər ki, şöbənin müdiri Ruziyyə Hüseynova doğuş üçün konkret qiymətlər müəyyənləşdirib və ana olmaq istəyənlərdən həmin pul alınmadan pasient şöbəyə buraxılmır. Belə ki, qeysər üsulu ilə doğuş həyata keçirmək istəyən analar bunun üçün 500-600 manat pul ödəməlidirlər. Təbii doğuş isə 300-400 manata başa gəlir. Digər tərəfdən də doğum şöbəsində bura gələnlərə göstərilən tibbi xidmətin səviyyəsi ümumilikdə xəstəxanada olduğundan qətiyyən fərqlənmir. Yəni bu xidmətlər arzuolunandan xeyli aşağıdır. Hətta bəzi mənbələrin iddialarına görə qeysəriyyə üsulu ilə uşaq dünyaya gətirmək istəyən hamilə qadınlar üzərində cərrahi əmaliyyatlar da burada qeyri-peşəkar həkimlər tərəfindən aparılır. Daha sonra məlumatlarda bildirilir ki, son illər Şəkinin tibb müəssisələrinə ayrılan dərman və tibbi pereparatların heç 20 faizi də ünvanı üzrə verilmir. Hər il Şəkiyə dövlət tərəfindən ayrılan təqribən 1 milyon manatlıq dərman pereparatlarının demək olar ki, 90 faizi baş həkimə və ona yaxın olan şəxslərə məxsus apteklərdə satılır. Həmin preparatların məhz dövlətin Şəki səhiyyəsinə ayırdığı dərmanlar olduğu bildirilir. Digər tərəfdən də, Şəkidən aldığımız məlumatlarda Məcid Əliyev raon səhiyyəsinə ayrılan külli-miqdarda dövlət vəsaitlərinin də mənimsənilməsində ittiham olunur: “Şəki səhiyyəsinə ayrılan vəsaitlərin silinməsinə nəzər yetirdikdə, əslində yarasız kənd sahə xətəxanalarının və tibb məntəqələrinin hesabına hər il yüz minlərlə manat vəsaitlərin silinərək mənimsənildiyi üzə çıxır. Son bir ildə Şəki Rayon Mərkəzi Xəstəxanasına 1,3 milyon manatdan çox vəsait ayrılıb. Həmin vəsaitin böyük hissəsi əsaslı və cari təmir işləri, avadanlıq və inventarların, ərzaq mallarının alınması, mətbəə xidmətləri və digər xərclər bəhanəsilə mənimsənilib. Sənədlərdə təkcə bir ildə Şəki Rayon Mərkəzi Xəstəxanasının nə az, nə çox, tam 105 min manatlıq dəftərxana ləvəzimatları işlətməsi qeyd olunub. Kəndlərdə tibb ocaqları uçuq-sökük daxmalardan ibarət olan Şəki Rayon Mərkəzi Xəstəxanasının bir ildə yüz min manatdan artıq dəftərxana ləvazimatının işlətməsi doğurdan gülünc görününr və bu, açıq korrupsiya faktı kimi dəyərləndirilə bilər”.

Geri qayıt