PƏNAH HÜSEYNƏ EV VERİBLƏR, AMMA XƏBƏRİ YOXDUR
Tarix: 23-07-2012, 12:29 |
Çap et
KEÇMİŞ BAŞ NAZİR: “BƏLKƏ O BİLƏR”
AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov Facebook səhifəsində prezidentin müxalifət lideri Pənah Hüseynə ev bağışlaması ilə bağlı məlumat yayıb.
“Qafqazinfo”nun məlumatına görə, Facebook səhifəsində paylaşılan xəbərdə İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseynə şəhərin mərkəzində ev bağışlanması bir sıra müxalifətçilər tərəfindən narazılıqla qarşılanıb. Xüsusən də, AXCP fəalları hökumətdən belə dəyərli hədiyyə qəbul etdiyi üçün onu qınayıblar. Lakin bəzi müxalifətçilər P.Hüseyni müdafiə edərək onun keçmiş deputat kimi belə bir hədiyyəni qəbul etməsini dəstəkləyiblər.
Məsələni dəqiqləşdirmək üçün Pənah Hüseynlə əlaqə saxladıq. O, bunun N.Ədilov tərəfindən edilən zarafat olduğunu deyib: “Məlumatı dəqiqləşdirmək üçün elə onun özü ilə əlaqə saxlayın. Bəlkə o bilər, amma mənim bundan xəbərim yoxdur. Onun nə üçün belə bir qeyri-ciddi xəbər yazdığını bilmirəm. Bu, tamamilə yanlış məlumatdır”.