Təyyarə qəzasında həlak olan ekipay üzvlərinin qəhrəmanlığına layiqli qiymət verildi - İsrafil Kərimovun yazısı
Bir neçə gündür ki, xalqımız Bakı-Qroznı marşrutu yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinın qəzaya uğraması ilə bağlı narahatlıq və təşviş hisləri keçirir. Qəza nəticəsində 38-in həlak olub və təyyarənin pilotları və digər ekipaj üzvlərinin səyləri, sücaəti sayəsində 29 sərnişin sağ qalıblar. Hazırda paytaxtın tibb mərkəzlərində yaralıların müalicəsi aparılır.
Dekabrın 29-da isə təyyarə qəzasında həlak olan üç ekipaj üzvü - gəmi kapitanı İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva ilə Heydər Əliyev Beynəlxalq Aeroportunda vida mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qəza nəticəsində həlak olan ekipaj üzvlərinin keçirilən vida mərasimində iştirak edib, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.
Daha sonra qəzada həlak olan ekipaj üzvlərinin nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimindən sonra Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Prezident İlham Əliyev göstərdikləri şücaət və qəhrəmanlıqlarına görə ekipaj üzvlərinin mükafatlandırılacağı barədə məlumat vermişdi.
Müsahibədən dərhal sonra ölkə başçısı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda xüsusi olaraq qeyd edilib ki, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib və 29 sərnişin xilas edilib. Qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə təyyarənin pilotları İqor Kşnyakin, Aleksandr Kalyaninov və ekipaj üzvü Hökumə Əliyevaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib, digər ekipaj üzvləri Zülfiqar Əsədov və Aydan Rəhimli isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər.
Bununla da ölkə rəhbərimiz öz qəhrəman övladlarının qəhrəmanlığını və sücaətini xüsusi qeyd edib.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
"DİA-AZ"