
Bakıda daha bir nəfər spirtdən zəhərlənərək ölüb. Hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb. Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Sadiq Əzizxan oğlu Səmədov spirtli içkidən zəhərlənib. Onun texniki spirtdən zəhərləndiyi bildirilir. Faktla bağlı Səbail rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, bununla da Bakıda spirtdən zəhərlənərək ölənlərinb sayı 20-yə çatıb.
Son günlər spirtdən zəhərlənmə nəticəsində baş verən ölüm halları davamlı xarakter alıb. Həmin spirtin əsasən apteklərdən alındığı ilə bağlı məlumatlar var. Ölümə səbəb olan spirt apteklərdən yığışdırılırmı?
"Cebheinfo.az"-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən verilən məlumata görə, nazirliyin müvafiq göstərişinə əsasən yerli dərman istehsalına dəstək məqsədilə, qanunvericiliyə uyğun olaraq risklərin idarə olunması sisteminə və yoxlamaların aparılmasının dövriliyi nəzərə alınaraq hər il yerli dərman istehsalçılarının yoxlaması aparılır:
"Yoxlamalar yalnız lisenziya əsasında fəaliyyət göstərən dərman vasitəsi olaraq istifadə edilən tibbi spirt istehsal edən müəssisələrdə keçirilir. Mərkəzin müvafiq məlumat bazalarına əsasən hazırda xaricə istifadə məhlulu hazırlanması üçün konsentrant istehsal edən iki əcnəbi (Rusiya Federasiyası və Belarus Respublikası) və xaricə istifadə üçün tibbi spirt istehsalçısı olaraq iki yerli şirkət Dərman vasitələrinin dövlət reyestrində qeydiyyatdadır.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, yeyinti sənayesi üçün etil spirtinin istehsalına və idxalına nəzarət Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir. Kimyəvi maddə kimi məişətdə, istehsalatda istifadə edilən etil spirtinin istehsalına nəzarətin aparılması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununa əsasən 2015-ci il tarixdən dayandırılıb.
Rektifikasiya olunmuş 1-ci növ etil spirti məhsuluna (ГОСТ 5962-2013 Dövlətlərarası Standartı üzrə yeyinti sənayesi üçün istifadə oluna bilməz) və onun əsasında istehsal olunan etil spirti əsaslı əllərin və ya səthlərin təmizlənməsi üçün gigiyenik vasitələrə istehsalçıların müraciətlərinə əsasən Respublika Gigiyena və Epidemiologiya Mərkəzin tərəfindən gigiyenik sertifikatlar verilə bilər.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən rektifikasiya olunmuş 1-ci növ etil spirti məhsuluna və əllərin təmizlənməsi üçün gigiyenik vasitələrə verilən gigiyenik sertifikatlarda onların içməli olmaması və əllərin təmizlənməsi, eləcə də məişətdə istifadə edilməsi barədə məlumatlar birmənalı olaraq qeyd edilir".