
Ermənistanın Baş naziri Nikol Paşinyan konstitusiya dəyişikliyi ilə bağlı referendumun 2027-ci ildə keçiriləcəyini bildirib.
Paşinyanın referendumu 2027-ci ilə qədər ləngitməsi Ermənistanın sülh sazişi imzalamaqdan yayınmaq cəhdi kimi xarakterizə oluna bilərmi? Mümkündürmü ki, Ermənistan 2027-ci ilə qədər vaxt qazanmaq və revanşist niyyətlərini gerçəkləşdirmək üçün güc toplamağa çalışır?
Moderator.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu, Ermənistanın sülhlə bağlı açıqlamasında səmimi olmadığını bildirib:
"Nikol Paşinyan sülh sazişinin imzalanmasında maraqlı olduğunu söyləsə də, bunun reallaşması üçün Konstitusiya dəyişikliyini iki il sonraya, yəni parlament seçkilərindən sonraya saxlamaq istəyir.
Paşinyan Konstitusiyada Azərbaycana ərazi iddiasını əks etdirən bəndin çıxarılacağına eyham vurub. Ancaq bu Azərbaycanı qane ebə bilməz. Prezidenti İlham Əliyevin də söylədiyi kimi, biz Ermənistanın sözünə və vədinə inana bilmərik. Misal üçün Paşinyan 9 noyabr bəyantına uyğun olaraq Zəngəzur dəhlizinin açılışına şərait yaratmalıydı. Ancaq o, sonradan maneəsiz dəhlizin əleyhinə olduğunu vurğuladı. Kim zəmanət verə bilər ki, Paşinyan sülh sazişini imzaladıqdan sonra Konstitusiyada zəruri dəyişikliyi edəcək?
Dünyada və bölgədə hadisələr sürətlə dəyişir. İki il böyük müddətdir. Ona görə Paşinyan sülh sazişini qısa müddətdə imzalamaq istəyirsə, Konstitusiya dəyişikliyini bu il ərzində həyata keçirməlidir”.