Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > İsgəndərovların sürüb keçən "Karvan"ı...

İsgəndərovların sürüb keçən "Karvan"ı...


15-02-2016, 12:09
İsgəndərovların sürüb keçən "Karvan"ı...
Son vaxtlar Sumqayıt şəhərində “Karvan” və “Cavid” ticarət mərkəzində sahibkarlar bir neçə dəfə etiraz aksiyası keçirib. Aksiyalara səbəb ticarət mərkəzində icarə haqlarının çox olması olub. Ümumiyyətlə, son vaxtlar ölkənin bir çox bölgələrindən aksiya xəbərləri yayılır. Bu baxımdan Sumqayıt şəhərindəki aksiyalar adi, digər etiraz toplanışlarından biri kimi görünə bilər. Amma bu yalnız ilk baxışda belədir. Məsələnin mahiyyəti isə tamamilə fərqlidir. Çünki baş verən son iki aksiyanın səbəbi yerli icra orqanları deyil, iri sahibkarlardır. Baş verənlərlə bağlı cumhuriyyet.az olaraq xüsusi araşdırma apardıq. İlk araşdırmamızın ünvanı isə “Cavid” Ticarət Mərkəzi və onun rəhbəri Nizami İsgəndərovla bağlıdır.
“Karvan” aksiyaları və ya “aksiya karvanları”
Ümumiyyətlə, “Karvan” və “Cavid” Ticarət Mərkəzində ivarə haqlarının yüksək olmasını əsaslandırmaq mümkün deyil. Qafqazın ən böyük və ən aktiv ticarət obyekti olan “Binə” və “Sədərək”də belə icarədarlara ciddi güzəştlər edildiyi halda Ağamirzə Əhədovun qiymət rinsipiallığına daha nə ad vermək olar? İcarədarlar hesab edir ki, əhalinin alıcılıq qabiliyyətinin getdikcə aşağı düşdüyü bir zamanda bu qiymətə dükan işlətməkdənsə, dünyanın biznes mərkəzlərindən hesab edilən Honq-Konqda icarədar olaraq çalışmaq daha sərfəlidir. Sahibkarların etirazlarına, ticarət mərəzinin sürətlə boşalmasına baxmayaraq rəhbərlik icarə qiymətlərinin azaldılması istiqamətində hər hansı addım atmayıb. Bu isə süni etiraz yaratmaqla açıqdan açığa sabotaj sayıla bilər. Bu gün “Cavid” ticarət mərkəzində çalışan insanların böyük əksəriyyəti hesab edir ki, Zaman İsgəndərov Nizami İsgəndərovdan fərqli olaraq əməkdaşların rahat bir ortamda fəaliyyətinə daha ciddi yanaşır, arenda pulu xaricində icarədarların heç bir işinə qarışmırdı. Lakin ticarət mərkəzlərinə rəhbərlik N.İsgəndərovun əlinə keçdikdən sonra vəziyyət tamamilə dəyişməyə başladı. Bu gün bəzi hallarda obyekti icarəyə götürən şəxsin yanında hansı işçinin çalışıb-çalışmayacağına da N.İsgəndərov və onun yanındakı şəxslər qərar verir ki, bu da icarədarın haqlı narazılığına səbəb olur. İcarədarlar hesab edir ki, ağır arenda şərtləri altında fəaliyyət göstərdikləri azmış kimi bu cür əlavə və yersiz problemlərin meydana çıxması onların ticarət fəaliyyətinə ağır ziyan vurur. Bu isə gec-tez icarədarın ticarət mərkəzini tərk edərək tamam başqa bir ortama daşınmasına səbəb olur. Əslində bir sahibkar üçün bütün bu sadalananlar biznes baxımından əlverişli görünə bilməz. Amma indiki şəraitdə bu şəxslərin əsas məqsədi biznes gəlirindən daha çox, siyasi maraqlarının təmin olunmasıdır. Bu maraqlar isə bu gün mediada “Sumqayıtda aksiya keçirilib” başlıqlı xəbərlərin yer almasıyla təmin olunur…
“Təmizlik imandandır, pul arendatordan”
N.İsgəndərovun icarədarlara qarşı amansız münasibəti və sözügedən ticarət mərkəzindəki durum haqda cumhuriyyet.az-a ilginc məlumatlar daxil olub. Belə ki, mənbənin məlumatına görə, arendatorların təmizlik adı ilə də vəsait toplanılır ki, bu vəsait də kiçik sahibkarları narazı salan məqamlardandır: “N.İsgəndərovun arendatorlardan aldığı təmizlik haqqı da sahibkarlar tərəfindən narazılıqla qrşılanır. Çünki bu məsələdə də bütün problemin ağırlığı məhz arendatorların üzərinə düşür. Hər bir arendator sahib olduğu obyekt və onun qarşısının təmizliyini həyata keçirdiyi üçün hansısa əlavə təmizliyə ehtiyac qalmır. Buna görə də N.İsgəndərovun “təmizlik haqqı” adı ilə arendatorlardan pul yığımı ikincilərinin ciddi narazılığına səbəb olmaqdadır”.
Bəzi arendatorların baş verənlərlə bağlı öz narazılığını artıq büruzə verdiyini bildirən mənbə, N.İsgəndərovun köməkçilərinin bu məsələyə münasibətinin sərt olduğunu qeyd edib: “Bəzi arendatorlar ticarətin günü-gündən zəiflədiyi, arenda şərtlərinin isə sərtlşdiyi bir zamanda təmizlik adı ilə pul yığımına yumşaq şəkildə etirazını bildirsə də, sabiq millət vəkilinin köməkçiləri həmin şəxslərə çox sərt şəkildə qarşılıq verib. Belə ki, narazı arendatorlara bildirilib ki, kim narazıdırsa ticarət mərkəzini tərk edə bilər. Heç kim burada məcburən saxlanılmır. İş adamının köməkçiləri bu yerdə İslamı da yada salır və bildirir ki, təmizlik haqqına etiraz etməyə kimsənin haqqı yoxdur. Ən azından ona görə ki, “təmizlik imandandır. Arendatorlar isə bu məsələ ilə bağlı öz aralarında belə bir deyimdəm istifadə edir: “Təmizlik imandandır, pul arendatordan ”.
Təhlükəsizlik haqqı
N.İsgəndərovun təhlükəsizliyin təminatı məqsədilə də arendatorlardan vəsait topladığını bildirən mənbə, bütün bunların kiçik sahibkarların büdcəsi ilə yanaşı, əsəblərinə də mənfi mənada təsir göstərdiyini qeyd etdi: “Arendatorlardan təhlükəsizliyin təminatı adı ilə mühafizə xidməti üçün də vəsait toplanır ki, bu da kiçik sahibkarlar üçün yalnız maddi deyil, həm də vaxt itkisi deməkdir. Çünki bu vəsaitlərin hər birini arendatorlardan ayrı-ayrı adamlar toplayır. Daha doğrusu, arendatorlar ayın bəlli bir günündə bəlli şəxsin kabinetinə yaxınlaşaraq növbəyə durur, pul vermək üçün saatlarla vaxt və əsəb sərf edirlər. Arendatorlar hesab edir ki, bütün bu pulları konkret bir şəxsə toplu olaraq vermək daha məqsədəuyğun olar. Ən azından arendatorlar vaxt və əsəblərini korlamaz, buna sərf etdikəri vaxtı öz ticarətlərinə yönəldərlər. Lakin hələ ki, N.İsgəndərova məxsus ticarət mərkəzlərində sistem məlum qayda ilə idarə olunmaqdadır. Hansı ki, bu idarə sistemindən razı qalan yeganə şəxs iş adamı N.İsgəndərov və onun köməkçiləri hesab olunur”.
Su israfını önləməyin daha bir yolu
N.İsgəndərovun su sərfini önləmək üçün daha bir maraqlı üsula əl atdığını bildirən mənbə cumhuriyyet.az-a ayaqyoluna bu məqsədlə yeni bir cihaz yerləşdirildiyini bildirib. Belə ki, artıq ayaqyolundan istifadə edən hər kəs girişdə quraşdırılan məlum aparata 20 qəpik məbləğində pul atmağa məcburdur: “İş adamı işçilərinin sudan sadalanan məqsədlərlə istifadəsini önləsə də, su sərfindən narahat olan N.İsgəndərov daha bir üsula əl atıb. Belə ki, ayaqyolunun girişinə eyniylə metrodakı cihaza bənzər yeni bir aparat yerləşdirilib. Beləliklə də, iş adamı ayaqyolundan istifadə edən hər kəsi bura girdiyi hər dəfədə 20 qəpik ödəmək məcburiyyəti qarşısında qoyub. N.İsgəndərovun bu addımı ticarət mərkəzinin əməkdaşlarını şoka salmaqla yanaşı, onları maddi baxımdan da ciddi ziyana uğradıb. Belə ki, gündə bir neçə dəfə ayaqyolundan istifadə edən şəxslər hər dəfə 20 qəpik məbləğində pul ödəyir ki, bu da ay sonunda nəzərəçarpacaq bir məbləğ təşkil edir. Ümumiyyətlə, əksər satıcı və arendatorlar hesab edir ki, N.İsgəndərovun ticarət mərkəzlərində həyata keçirdiyi bütün yenilik və islahların hamısı iş adamının şəxsi maraqlarına hesablanıb və bu islahatlarda icarədarların maraqları zərrə qədər də olsun nəzərə alınmır. Bu isə öz növbəsində bir çox icarədarın ticarət mərkəzini tərk etməsinə səbəb olur. “Cavid” Ticarət Mərkəzində əksər obyektlərin boş qalması buna nümunədir”.
N.İsgəndərovun «işıq pulu» biznesi
Sabiq millət vəkilinin bütün mümkün vasitələrlə arendatorları ciddi maddi sıxıntıya məhkum etdiyini bildirən mənbə, N.İsgəndərovun bu məqsədlə hər cür vasitəyə əl atdığını vurğulayıb. Mənbənin sözlərinə görə, arendatorların sərf etdiyi aylıq işıq enerjisinə görə haqqı yaxın adamları vasitəsilə özü toplayan N.İsgəndərov bu «biznesdən» də xeyli gəlir əldə edir: «Bu gün istifadə edilən elektrik enerjisinin hər kilovatına görə dövlət tərəfindən müəyyən edilən kommunal ödənişin məbləği 6 qəpik olsa da, N.İsgəndərovun qiymətləndirmə şkalasında bu rəqəm 4 qəpik də artaraq 10 qəpik təşkil edir. Arendatorların sərf etdiyi enerjinin hər kilovatını 10 qəpikdən hesablayan sabiq millət vəkili onlara sərf etdikləri enerjinin haqqını əlaqədar dövlət qurumuna deyil, ona ödənilməsini tələb edir. Beləliklə də, nəhəng ticarət mərkəzində istifadə edilən işıq enerjisinin pulları hər ayın sonu N.İsgəndərovun kabinetində toplanır. Toplanan puldan istifadə edilən real enerjinin haqqını ayıraraq kommunal xərc kimi əlaqədar instansiyanın balansına keçirən keçmiş millət vəkili, qalan pullara əlavə gəlir kimi əl qoyur».
Arendaya verilən otaqların xeyli hissəsində qış ayları ilə əlaqədar olaraq kondisioner sistemindən istifadə edildiyini bildirən mənbə, bu səbəbdən də arendatorların işıq enerjisi ilə bağlı kommunal borcunun heç də az olmadığı fikrindədir: «Hazırda qış mövsümü olduğu üçün dükanların böyük əksəriyyətində kondisioner sistemindən istifadə edilir ki, bu da əlavə enerji sərfi deməkdir. Bu isə ay sonunda arendatorlara «işıq pulu» borcu şəklində geri qayıdır. Belə olduqca, N.İsgəndərovun hər kilovat enerjiyə görə əlavə tələb etdiyi 4 qəpik üst-üstə yığılaraq ciddi bir məbləğ təşkil edir. Bu isə arendatorlar üçün əlavə maddi yük deməkdir».
Cavid Ticarət Mərkəzini arendatorlarmı qoruyur?
Arendatorlardan ticarət mərkəzinin mühafizəsi məqsədilə də aylıq pul toplandığını bildirən mənbə, alqı-satqı mərkəzinin arendatorların hesabına qorunduğunu vurğuladı: «N.İsgəndərovun ticarət mərkəzinin həyatına gətirdiyi yeniliklərdən biri də arendatorlardan dükanların mühafizəsi məqsədilə pul toplamaqdan ibarətdir. N.İsgəndərov hesab edir ki, dükanlar arendatorların sərəncamına verildiyi üçün onların mühafizəsinin qeydinə də ticarət mərkəzinin rəhbərliyi deyil, məhz arendatorlar qalmalıdır. Odur ki, hər ay ticarət obyektinin mühafizəçilərinə vermək üçün arendatorlardan 6 manat məbləğində pul toplayan sabiq millət vəkili, özünü bu qayğıdan da sığortalamış olur».
Mənbə arendatorların aylıq ödənişlərinin yalnız bununla məhdudlaşmadığını söylədi. Mənbənin sözlərinə görə, aylıq ödənişlər sisteminə «işıq pulu», «mühafizə pulu» kimi «ayaqyolu pulu» da daxildir. Dükan sahiblərinin hər ay bu məqsədlə 5 manat məbləğində vəsait ödədiyinə diqqət çəkən mənbə, keçmiş millət vəkilinin bu kimi «gözəgörünməz» ödənişlərinin insanlarda gizli qəzəb və istehza ilə qarşılandığını qeyd etdi.
Nizami İsgəndərovun «mənəviyyat qurbanları»
N.İsgəndərovun arendator və satıcıları yalnız saysız-hesabsız maddi ödənişlərlə deyil, həm də şəxsi kaprizləri ilə təngə gətirdiyini bildirən mənbə, sabiq millət vəkilinin xeyli sayda «mənəviyyat qurbanına» malik olduğunu söylədi: «İnsanların şikayət etdiyi məqamlardan biri də N.İsgəndərovun mağaza sahiblərini həm də şəxsi kaprizləri ilə narazı salmağı ilə əlaqədardır. Nə qədər qəribə də olsa N.İsgəndərov arendator və satıcılardan harada, hansı vəziyyətdə olmaqlarından asılı olmayaraq ona hörmət və ehtiram göstərməyi tələb edir. Məsələn, əgər N.isgəndərov sizin arendator olduğunuz və ya satıcı işlədiyiniz mağazanın qarşısından ötübsə və siz fikirli olduğunuz, yaxud müştəri ilə ilgiləndiyiniz üçün onu görüb ayağa qalxmamısınızsa, bu, ən yaxşı halda sizin işdən uzaqlaşmağınızla nəticələnəcək. Belə ki, sizin bu «ədəbsizliyinizdən» sonra sizi kabinetinə çağıran N.İsgəndərov sizə əxlaq və mənəviyyat haqqında sərt və qısa mülahizə oxuyandan sonra artıq qovulduğunuzu elan edəcək».
Mənbənin bildirdiyinə görə, adıçəkilən ticarət mərkəzində işləmək üçün üz cizgiləri və simmetrik quruluşuna, addım və hərəkətlərinə görə də N.İsgəndərovun xoşuna gəlməyə çalışmaq şərtdir: «Məsələ bundadır ki, əgər sizin üz quruluşunuz, sifət cizgiləriniz N.İsgəndrovun xoşuna gəlməz, onda mənfi təəssürat oyadarsa, o zaman əmin ola bilərsiniz ki, artıq işdən qovulmusunuz. Çünki bir neçə insanın məhz bu səbəbdən işdən azad edildiyi ticarət mərkəzinin personalına bəllidir. Ona görə də, N.İsgəndərovla qarşılaşmağın bütün hallarda risk kəsb etdiyini çoxdan başa düşən personal imkan daxilində sabiq millət vəkili ilə qarşılaşmamağa, üz-üzə gəlməməyə çalışır».
İsgəndərovların kriminal qohumu;
“Caco” ləqəbli şəxs kimdir?
“Ekzotika”nın görünməyən tərəfləri…
Bütün bunlar haqda növbəti yazımızda…

Geri qayıt