Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Bizi işdən azad etməkdə israrlıdırlar”
“Bizi işdən azad etməkdə israrlıdırlar”24-02-2016, 12:19 |
Bir müddət bundan öncə Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin rəhbərliyinin adıçəkilən qurumda çalışan xeyli sayda insanı, eləcə də bəzi Qarabağ veteranları və şəhid ailələrini işdən azad etməyə hazırlaşdığını, bu məqsədlə onlara müvafiq bildirişlərin belə paylanıldığından bəhs etmişdik. Qeyd etmişdik ki, Qarabağ veteranları işdən çıxarılmaqla bağlı MMC rəhbərliyinin qərarından müvafiq dövlət qurumlarına müraciət ünvanlayıb, onlardan yardım istəyib. Bu gün məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin əməkdaşı, adı ixtisar edilənlər siyahısında olan Qarabağ veteranı Natiq Əliyev bu nüraciətlərin heç bir fayda vermədiyini, qurum rəhbərliyinin öz mövqeyində israr etdiyini bildirib: “Mən Azərbaycan Vətən Müharibəsi Veteranları İcrimai Birliyinin ərazi üzrə səlahiyyətli nümayəndəsi, Mingəçevir şəhər şöbəsinin sədriyəm. Azərbaycan istilik Elektrik Stansiyası MMC-də çalışıram, aparıcı mühəndisəm. Məndən aşağıdakı, 9-cu dərəcəli mühəndislər qalıb, amma məni, 11-ci dərəcəli mühəndisi ixtisar edirlər. Mən ali təhsilli mütəxəssisəm və bura təyinatla gəlmişəm. Lakin bütün bunlara baxmayaraq məni ixtisar etmək niyyətindədirlər. Bizə verilən bildirişlərdə göstərilir ki, martın 28-dən etibarən işdən azad olunacayıq. Bildirişlər Gülağa Bəşirovun adından paylansa da, onlar iddia edir ki, bunu Etibar Pirverdiyevin göstərişi ilə ediblər”. N.Əliyevin sözlərinə görə, Qarabağ veteranlarının, şəhid ailələrinin işdən azad edilməsinin yolverilməzliyi ilə bağlı millət vəkilləri, ölkə rəsmiləri dəfələrlə açıqlama versə də, bu açıqlamalar Azərbaycan İstilik Elektrik Stansiyası MMC rəhbərliyinin mövqeyinə təsir göstərməyib: “Bizimlə bağlı verilən qərar hər şeydən öncə Əmək Məcəlləsinin 77, 78 və 79-cu maddəsinə ziddir. Bundan baqşa, bu günlərdə bir sıra millət vəkilləri, ölkə rəsmiləri də televiziyalardakı açıqlamalarında vurğuladı ki, Qarabağ veteranlarını, şəhid ailələrinin nümayəndəsini işdən çıxartmaq olmaz. Millət vəkili Siyavuş Novruzov da bu barədə danışdı. Biz Qarabağ üçün döyüşmüşük. Biz dövlətin, xalqın maraqları üçün mübarizə aparmışıq. İndi bizi niyə işdən çıxartmalıdırlar ki? 157- nəfərin işdən çıxarılması nəzərdə tutulur ki, onlardan da 7 nəfər Qarabağ veteranı, 4 nəfər isə şəhid ailəsidir. Biz baş verənlərdən təəssüf hissi duyur və bildiririk ki, öz haqqımızı müdafiə etmək üçün sona qədər mübarizə aparacayıq. Bununla yanaşı, əlaqədar dövlət qurumlarından baş verənlərə müdaxilə edəcəyini, həyatını və sağlamlığını torpaqlarımız uğrunda qurban verən insanların çörəklə sınağa çəkilməsini önləyəcəyinə ümid edirik. Ümdi edirik ki, bu gözləntimizdə yanılmayacayıq”. Mövzunu diqqətdə saxlayacayıq. Geri qayıt |