Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Burada yaralı barmağa belə çarə yoxdur...

Burada yaralı barmağa belə çarə yoxdur...


25-02-2016, 10:15
Burada yaralı barmağa belə çarə yoxdur...
Bu günlərdə redaksiyamıza ərizə ilə müraciət etmiş vətəndaş Səmədov Rəşad İltizam oğlu bir müddət bundan əvvəl “Vital” klinikasında əl barmağı üzərində aparılmış cərrahi əməliyyatın ağır fəsadlarından bəhs edir. Rəşad Səmədov bildirir ki, ötən ilin oktyabr ayında, çalışdığı tikintidə sağ əlinin şəhadət barmağını zədələmişdir. Bundan sonra Rəşad Yeni Yasamal massivində fəaliyyət göstərən “Vital” klinikasına müraciət etmişdir. Klinikanın həkimi Emil isə, onun barmağını müayinə etdikdən sonra toxumaların ciddi zədələndiyini bildirmiş və mütləq şəkildə cərrahi əməliyyatın aparılmasının zəruri olduğunu vurğulamışdır. Rəşad Səmədovun sözlərinə görə o, əməliyyatdan öncə çoxsaylı müayinə və laborator analizlərə yönəldilmiş və bu məqsədlərə ümumilikdə təxminən 400 manata yaxın pul xərcləmişdir. Nəhayət, 16.10.2015-ci il tarixində Emil həkim Rəşad Səmədovun barmağını əməliyyat etmişdir. Əməliyyatdan sonra isə, həkim öz pasiyentinə əməliyyatın uğurlu keçdiyini söyləmiş və qısa zamanda onun əmək qabiliyyətinin tam bərpa olunacağını vəd etmişdir. Qeyd edək ki, şikayətçi ayrıca olaraq əməliyyata görə də həkimə 600 manat ödədiyini deyir. Lakin aradan artıq dörd aydan çox müddət keçməsinə baxmayaraq, Rəşad Səmədovun barmağı nəinki sağalmır, əksinə onun ümumi vəziyyəti də getdikcə pisləşir. Şikayətçi bildirir ki, daima hiss etdiyi güclü ağrılar və mütəmadi baş verən temperatur qalxmaları səbəbindən o, bu yaxınlarda Travmatologiya İnstitutuna müraciət etmişdir. Burada isə, müayinədən sonra Rəşad Səmədova bildirmişlər ki, onun barmağının vəziyyəti çox ağırdır və əgər müalicə bir nəticə verməzsə, bu zaman hətta amputasiya da zəruri ola bilər. Bundan sonra Rəşad Səmədov öz iradlarını bildirmək üçün yenidən “Vital” klinikasına müraciət emişdir. Bu zaman şikayətçini klinikanın rəhbəri Afaq Məcidova qəbul edib. Maraqlıdır ki, Afaq xanım Rəşad Səmədova onun rəsmi olaraq klinikaya 90 manat pul ödədiyini bildirib və bu məbləği şikayətçiyə geri ödəməklə, öz funksiyasını tamamlamış hesab edib. Əməliyyatı aparan Emil həkim isə, öz növbəsində Rəşad Səmədova daha 400 manat pul ödəyib. Etiraf edək ki, insan sağlamlığına qarşı belə etinasızlıq, həm də özlərinin yol verdikləri səhv ucbatından yaranmış fəsadlara görə məsuliyyəti belə qeyri-etik şəkildə üzərilərindən atma cəhdlərinə çox nadir hallarda rast gəlmək olar. Şikayətçi isə bildirir ki, məhz “Vital” klinikanın həkimlərinin səriştəsizliyi ucbatından o, artıq dörd aydır ki, əmək qabiliyyətini itirib və evinin dolanışığını təmin edə bilmir. Bu gün isə, hətta barmağını da itirmək təhlükəsilə üz-üzədir.
Təbii ki, bütün bunlara aydınlıq gətirmək üçün biz Emil həkimlə də əlaqə saxladıq. Bu həkim isə, sorğularımıza cavab olaraq bildirdi ki, o, ümumiyyətlə Rəşad Səmədovun barmağı üzərində cərrahi əməliyyat aparmayıb və yalnız “biopsiya müayinəsi” keçirib. Əlbəttə, biz heç də tibbi biliklərə malik olduğumuzu iddia etmirik, lakin bununla belə, insanın barmağında “biopsiya müayinəsi” keçiriilməsinə də təəccüblənməyə bilmərik. Ən azından mötəbər mənbələrdə bu termin belə izah olunur: “Biopsiya, nazik iynə vasitəsilə qalxanabənzər vəzdən və yaxud vəzdə olan düyündən bir parça toxuma ya da maye götürülərək mikroskop altında baxmaqdan ötrüdür. İynə vasitəsilə alınan material bir həkim (həkim-sitopatoloq) tərəfindən müayinə olunur və bu toxumada xərçəng hüceyrələrinin olub-olmaması müəyyən edilir...” Anlamadıq ki, bunun Rəşad Səmədovun barmağına və elə şikayətçinin özünün dediyi kimi, bütün “dəm-dəsgahı” ilə keçirilmiş cərrahi əməliyyata nə aidiyyatı var?
Təəssüflər olsun ki, bu hadisənin araşdırılması məqsədilə müraciət etdiyimiz klinikanın rəhbəri Afaq Məcidova da bu məsələyə bir aydınlıq gətirə bilmədi. Amma bir tərəfdən də baxanda, rəhbərlik etdiyi tibb müəssisəsinin maliyyə işlərində aşkar saxtakarlıqlara yol verən Afaq xanım bizi maraqlandıran problem barədə tabeliyində çalışan həkimin söylədiklərindən fərqli nə deyəcəkdi ki?
Yeri gəlmişkən, “Vital” klinikanın devizini yəqin ki, çoxları görüb: “Özəl insanlar üçün, özəl klinika!” Həqiqətən də çox maraqlı özəllikləri var bu klinikanın. Və bu özəlliklərə Səhiyyə Nazirliyi də diqqət yetirsətdi, heç pis olmazdı...

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Geri qayıt