Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Müəmmalı şəkildə ölmüş baş mühəndisin yaxınları izahat tələb edir...

Müəmmalı şəkildə ölmüş baş mühəndisin yaxınları izahat tələb edir...


9-03-2016, 12:48
Müəmmalı şəkildə ölmüş baş mühəndisin yaxınları izahat tələb edir...
Azərbaycan Dövlət İqtisad Universitetinin baş mühəndisi olmuş mərhum Hümbətov Şahmurad Qədim oğlunun ailəsi hələ də bu ali təhsil müəssisəsinin keçmiş rəhbərliyindən açıqlama gözləyir. Mövzuya dair qəzetimizin ötən saylarında artıq bir neçə material dərc etdək də, bu günə qədər ADİU-nun keçmiş rektoru, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev hələ də irəli sürülən ittihamlara heç bir reaksiya verməyib. Artıq qeyd etdiyimiz kimi, Şahmurad Hümbətov 31 mart 2011-ci il tarixində, gecə saat 12.00 – 01.00 radələrində işə, yəni Azərbaycan İqtisad Universitinə çağırılmış və ona bildirmişdi ki, universitetdə yanğın baş vermişdir. Təxminən saat 02.00 radələrində isə, İqtisad Universitetinin başqa bir əməkdaşı Hümbətovların evinə gələrək, demişdir ki, Ş.Hümbətovun təzyiqi qalxmış və onu xəstəxanaya aparmışlar. Bundan sonra mərhumun oğlu, İlqar Hümbətov həmin şəxslə maşına oturub Respublika Xəstəxanasına getmişdir. Ora çatanda universitetin bəzi müəllimləri ilə qarşılaşmış və universitetin baş energetiki Məzahir müəllim İlqara bildirmişdir ki, atasının ürək təzyiqi qalxmış və o, vəfat etmişdir.
Yalnız sonradan, təsadüfən aldıqları məlumata görə Hümbətovlar biliblər ki, universitet rəhbərliyi onları aldatmış və Şahmurad Hümbətov əslində elektrik cərəyanı vurmasından vəfat etmişdir. Bu barədə Sevil Hümbətovanın ərizəsində deyilir: “Biz dəfələrlə universitetin rəhbərliyi ilə əladə saxlmaq istəsək də, bizə heç bir məlumat verməmişlər və heç bir maddi yardım göstərməmişlər. Bu günə kimi universitet rəhbərliyi bizə müəyyən vədlər versələr də, indiyə kimi həyat yoldaşımın işdə ölümü ilə əlaqədar heç bir sənəd də verməyiblər...” Qeyd etdiyimiz kimi, bu ərizə 2013-cü ildə yazılsa da, indiyədək durumda heş bir dəyişiklik baş verməmişdir. Digər tərəfdən isə, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin eksperti Alim Hüseynov tərəfindən 04.04.2011-ci il tarixində imzalanmış və Birliyin möhürü ilə təsdiqlənmiş şəhadətnamədə də ölümün məhz elektrik cərəyanı vurması nəticəsində baş verdiyi bildirilir. Bəs görəsən universitetin o vaxtkı rəhbərliyi həqiqəti gizlətmək üçün niyə bu qədər səy göstərmişdir? Məhz bu suala aydınlıq gətirmək üçün, həmin vaxt İlqar Hümbətov atasının ölüm faktının araşdırılması üçün Səbail rayon prokurorluğuna müraciət etmişdi. Lakin bu zaman universitet rəhbərliyi işə qarışaraq, məsələnin “dinc yolla” həllinə nail ola bilmişdi. İlqar Hümbətov universitetə dəvət olunmuş, əvvəlcə prorektor (o vaxtkı) Mirənvər Mahmudov, sonra isə, ADİU-nun keçmiş rektoru Şəmsəddin Hacıyev tərəfindən qəbul edilmişdir. İlqar Hümbətovun sözlərinə görə, onun şikayətçi düşməməsini dönə-dönə xahiş edən keçmiş rektor, bunun müqabilində dəfn və sonrakı mərasim xərclərinin tam ödənilməsini, maddi yardım və 100 000 manat məbləğində təzminatın veriləcəyini vəd etmişdi. Bütün bu vədlərin müqabilində isə, mərhumun 7-ci gün mərasimindən sonra bütün sözlər unuduldu. Hətta universitet rəhbərliyi qəbir üstü üçün özünün sifariş etdiyi başdaşının hazırlanmasına görə ödənişdən belə imtina etdi. Universitetin qapıları isə, həmin gündən İlqar Hümbətovun üzünə birdəfəlik bağlandı. Digər tərəfdən də, sonradan məlum olub ki, hətta mərhumun ailəsinə yardım məqsədilə, universitetin bütün əməkdaşlarının topladıqları böyük məbləğdə vəsait, 30 min manat pul da Mirənvər Mahmudov tərəfindən mənimsənilərək, Hümbətovlara verilməmişdir.

Bu yaxınlarda isə, İlqar Şahmuradov həmin hadisənin təkrar araşdırılması xahişilə Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova ərizə ilə müraciət etdiyini bildirmişdir.

Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq.

Geri qayıt