Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Etibar Pirverdiyev üçün çətin mərhələ...
Etibar Pirverdiyev üçün çətin mərhələ...15-03-2016, 11:55 |
Bir müddət əvvəl «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyevin fəaliyyətinin təftiş ediləcəyinə dair yazdıqlarımız təsdiqini tapıb. «Unikal» adıçəkilən ASC-də yüz milyonlarla manatın qaranlıq taleyinin müəyyənləşdirilməsi üçün geniş miqyaslı yoxlamaların qaçılmazlığını xeyli əvvəldən anons etmişdi. Srağagün yayılan məlumata görə isə, Maliyyə Nazirliyi «Azərenerji» ASC-də istehsal edilən elektrik enerjisinin maya dəyərini və enerji istehsalında yanacaq sərfini araşdırmaqdan ötrü beynəlxalq məsləhətçi şirkət axtarır. Bildirildiyinə görə, artıq bu məqsədlə tender elan edilib. Tenderin qalibinə elektrik stansiyaları və enerji istehsalının, eləcə də enerji qurğularının səmərə baxımından diaqnostikasını aparmaq da tapşırılacaq. Rəsmi məlumatlara görə, son 10 ildə Azərbaycanda elektrik enerjisinin artırılmasına, enerjipaylayıcı şəbəkənin yenidən qurulmasına 4 milyard manat sərmayə qoyulub. Bu vəsaitin əsas qaynağı dövlət büdcəsi və xaricdən cəlb olunmuş kreditlərdir. 2007-2014-cü illərdə texniki itki kimi təqdim olunan enerjinin ümumi həcmi ölkədə bir ildə generasiya olunan enerjinin həcminə, yəni 28,5 milyard kilovat-saata bərabərdir. Enerji itkilərinin hələ də yüksək səviyyədə qalması artıq hökumətdə rahatsızlıq yaradıb. Enerji məsələləri üzrə ekspert İlham Şaban Maliyyə Nazirliyinin «Azərenerji» ASC ilə bağlı planlarını şərh edərkən deyib ki, istehsalçının maliyyə-təsərrüfat fəaliyyətində şəffaflığa dair cavabı açıq qalan xeyli sual var: «2015-ci ildə "Azərenerji”nin istilik enerji stansiyaları qazdan mazut rejiminə keçdi. Səbəb - istifadə olunmuş təbii qaza görə SOCAR-a yüz milyonlarla manat borcun yığılıb qalması idi. Neft şirkəti "Azərenerji”ni borca görə məhkəməyə verdi və qalib gəldi. Amma 382 milyon manatlıq borc problemi hələ də qalmaqdadır». Ekspertin sözlərinə görə, istehsala çəkilən xərclər baxımından Azərbaycanda elektrik enerjisinin maya dəyəri yüksək sayılmalıdır: «Bir kilovat elektrik enerjisinin maya dəyəri orta hesabla 2,7-2,8 qəpikdir. Enerji paylayıcı şəbəkəyə 3,5 qəpikdən ötürülür. Bununla belə, şirkət öhdəliklərini yerinə yetirə bilmir». Hökumət Mingəçevirdən ötürülən elektrik enerjisi itkilərini azaltmaq üçün bir neçə il öncə Şirvan şəhərində gücü 800 meqavat olan "Cənub” İES-i tikdi. Bu məqsədlə kredit götürüldüyündən həmin stansiya, az qala, 1 milyard ABŞ dollarına başa gəldi. Amma görünür, köhnə avadanlıq ucbatından indi həmin stansiya enerji sisteminə cəmi 300 meqavat elektrik ötürə bilir. Sənayenin və əhalinin əsas hissəsinin cəmləşdiyi Abşeron yarımadasında enerji təchizatı yenə də, əsasən, Mingəçevir elektrik stansiyası hesabına aparılır. Ekspertlər deyirlər ki, "Azərenerji”nin rəhbərliyi elektrik enerjisi sisteminin Avropa standartları səviyyəsində yenidən qurulması üçün gərəkli tədbirlərin görüldüyünü iddia edir. Ancaq Qərbin enerji şirkətləri «Azərenerji» ASC-nin problemləri ilə üzləşmir. Maliyyə hesabatına görə, ötən ilin əvvəlinə "Azərenerji"nin vergi, kredit və s. öhdəliklərinin ümumi məbləği 3 milyard 266 milyon manat olub. 2014-cü il ərzində gəlirlər 11,7 faiz artaraq 830 milyon 700 min manata çatıb. Bu qədər gəlirin qarşısında şirkətin xalis mənfəəti cəmi 19,6 milyon manat olub. «Unikal»ın əldə etdiyi məlumata görə, E.Pirverdiyev yaranmış bu vəziyyətdən narahatdır və fəaliyyətinin təftişə başlanmasından ciddi əndişə keçirir. O, gələcəyinin Əli Abbasov, Eldar Mahmudov kimi sabiq nazirlərinkindən fərqlənməyəcəyindən qorxur. Bunun üçün isə onun kifayət qədər əsası var: «Azərenerji» ASC-də korrupsiya dərin kök salıb və aparılacaq yoxlamalar zamanı ortaya ciddi mənimsəmə faktlarının çıxacağına şübhə yoxdur. Belədə isə Pirverdiyevin işsiz qalması, hətta daha ağır formada cəzalandırılması (söhbət həbs riskindən gedir) kifayət qədər real görünür. Geri qayıt |