Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Mikayıl Cabbarovun rəhbərliyi altında "pripiska"...
Mikayıl Cabbarovun rəhbərliyi altında "pripiska"...30-03-2016, 12:00 |
Bu gün Zəngilan RTŞ-də hökm sürən özbaşınalıq, rəhbərlik tərəfindən tətbiq olunan avtoritar idarə üsulu və bu zaman sərgilənən səriştəsizlik Təhsil Nazirliyi tərəfindən tətbiq olunan bütün yeniliklərin və inkişafa aparacaq başlanğıcların beşiyindəcə boğulmasına səbəb olur. Bu kimi iddialar Zəngilan orta təhsil müəssisələrinin hazırda fəaliyyət göstərdikləri regionlardan, xüsusilə Bakı və Sumqayıt şəhərlərindən, eləcə də Abşeron rayonunun Masazır qəsəbəsindən bizimdovr.az-a daxil olan məlumatlarda irəli sürülür. Bildirilir ki, Zəngilan RTŞ-nin müdiri Zakir İbrahimovun həyata keçirdiyi son dərəcə yarıtmaz kadr siyasəti, orta məktəb direktorlarının təyinatı məsələsində rəhbər tutduğu şəxsi maraq meyarları nəticə etibarı ilə rayonun bir çox təhsil müəssisələrində anarxiyanın hökm sürməsinə rəvac verir. Buna misal kimi, bir müddət əvvəl aldığımız açıqlamada Zəngilanın paytaxt Bakıda müvəqqəti yerləşən məktəblərindən birində direktorun bütün kollektivin gözü qarşısında əsil xuliqanlıq hərəkətinə yol verməsindən, tabeliyində olan şəxsləri döyərək onlara yüngül xəsarətlər yetirməsindən bəhs olunmuşdu. Bununla belə, Zakir İbrahimov yenə də həmin direktorun öz vəzifəsində qalması üçün israr etmişdi. Məhz elə buna görə də, aldığımız çoxsaylı məlumatlarda artıq neçə müddətdir ki, Zəngilan təhsilinin acınacaqlı durumu barədə açıqlamalar təqdim olunur. Qeyd etmək lazımdır ki, bu xüsusda mənbələr istər ümumilikdə RTŞ-nin fəaliyyətini, istərsə də ayrı-ayrılıqda götürülmüş bəzi Zəngilan məktəblərində müşahidə olunan vəziyyəti olduqca qeyri-qənaətbəxş qiymətləndirirlər. İlk növbədə bizimdovr.az-a təqdim olunan məlumatlarda bildirilir ki, şöbədə rüşvət ayaq açıb yeriyir. Elə cari dərs ilinin başlanmasından az öncə aldığımız məlumatlara görə də, Zakir İbrahimov rayon üzrə orta məktəblərdə hələ sentyabrın 15-dən bir qədər əvvəl pul yığımına start vermişdi. Məlumatlarda bu yığımın əsasən Zakir İbrahimov tərəfindən rayon məktəblərinə 500-1000 manat məbləğində aylıq “haqq” təyin olunması yolu ilə həyata keçirildiyi bildirilirdi. İddialara görə, bu məbləğlərin böyük bir hissəsi müəllimlərin aylıq maaşlarından 10-20 manat tutularaq toplanır. Məbləğin çatışmayan hissəsi isə, şagirdlərdən yığılan vasait hesabına təmin olunur. Təbii ki, bu vəziyyət təhsil prosesinə təsirsiz ötüşə bilməz. Aldığımız məlumatlarda da təsdiq olunur ki, bu gün Zəngilanın təhsil müəssisələrində tədrisin keyfiyyəti olduqca aşağı səviyyədədir. Mənbələr iddia edirlər ki, Zəngilan RTŞ-nin fəaliyyətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 14 may tarixli 67 nömrəli qərarı ilə təsdiq olunmuş “Dövlət büdcəsindən maliyələşən təlim-tərbiyə və təhsil müəssələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi qaydaları”nın tələblərinə əməl olunmur. Külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsinə yol açan qanun pozuntularına isə, şöbənin işində addımbaşı rast gəlmək olur. O cümlədən Zakir İbrahimov tərəfindən rəvac verilən qeyri-qanuni əmək haqlarının yazılması, məktəbdənkənar müəssisələrdə əlavə qrupların yaradılması, ödəniş dərəcələrinin düzgün müəyyən edilməməsi, siniflərdə qəsdən komplektləşmə aparılmaması və digər bu kimi hallar olduqca böyük məbləğlərin silinməsinə şərait yaratmaqdadır. Həmçinin bizimdovr.az-a verilən açıqlamalarda vurğulanır ki, Zakir İbrahimovun öz işində yol verdiyi ciddi qanun pozuntuları səbəbindən, bu gün işğal altında olan Zəngilanın təhsili getdikcə tənəzzülə uğrayır. Gerçəklik bundan ibarətdir ki, bu gün respublikanın hər yerinə səpələnmiş Zəngilan təhsil müəssisələrində fəaliyyət arzuolunan səviyyədən xeyli aşağıdır. Həm şagirdlərin, həm də müəllimlərin davamiyyəti ürəkaçan deyildir. Zəngilan təhsilinin aktivinə yazılan uğurların çoxu isə, artıq dəfələrlə qeyd olunduğu kimi, “legioner şagird transferi” maxinasiyaları hesabına reallaşdırılan saxta göstəricilərin təzahürlərindən başqa bir şey deyil. Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq. Geri qayıt |