Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Şapka Mamed"in ölmüş toyuq biznesi...
"Şapka Mamed"in ölmüş toyuq biznesi...13-04-2016, 11:39 |
Dünən redaksiyamıza yeni daxil olmuş məlumatda bir neçə gün bundan öncə “Şuraabad Quşçuluq” MMC-nin rəhbərliyi tərəfindən yol verilmiş ağlasığmaz hərəkətdən bəhs olunur. Etiraf edək ki, bu əməli necə adlandırmaq barədə çox düşünsək də, ağlımıza “cinayət” ifadəsindən daha münasib bir söz gəlmədi. Həm də birbaşa insanlığa qarşı işlənmiş bir cinayət. Hətta belə də demək olar ki, bu əməlin törədə biləcəyi ağır fəsadlar nəticəsində kütləvi şəkildə vətəndaşların həyat və sağlamlıqları da ciddi təhlükə altında qala bilər. Məlum olduğu kimi, “Şuraabad Quşçuluq” MMC-nin sahibi Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbəri olan Məmməd Musayevdir. Müəssisənin direktoru isə, onun qardaşı, Hatəm Musayevdir. Qeyd edək ki, bu müəssisənin fəaliyyəti barədə əvvəllər də bizimdovr.az-a bir çox şikayət xarakterli məlumatlar daxil olub. Belə məlumatlarda ilk növbədə MMC-nin məhsullarının əksəriyyətinin kimyəvi dərmanlar hesabına bəslənib-böyüdüldüyü və müəssisədə bir sıra neqativ halların yaşandığı diqqət mərkəzinə gətirilir. Bu xüsusda müxtəlif mənbələr tərəfindən təqdim edilən açıqlamalarda bildirilir ki, “Şuraabad Quşçuluq” MMC-də artıq çoxdan qeyri-normal vəziyyət hökm sürür. İrəli sürülən iddialara görə, müəssisədə xəstə quşların hər hansı laboratoriya nəzarətindən və yoxlanışından keçirilmədən təkrar yem kimi istifadə olunması hallarına geniş yer verilir. Bu barədə açıqlama verən mənbələr bildirirlər ki, fabrikdə müxtəlif səbəblərdən xəstə quşlar, hər hansı bir laboratoriya nəzarətindən və yoxlanışından keçirilmədən öldürülərək, doğranılır və digər toyuqlara yedizdirilir. Halbuki, baytarlıq təlimatına əsasən bu və ya digər səbəbdən ölmüş quşları yalnız yüksək temperaturda yandırdıqdan sonra, onların külünü digər yem növlərinə müəyyən olunmuş miqdarda qataraq, təkrar yem kimi istifadə etmək olar. Bu isə, onu deməyə əsas verir ki, bu quşçuluq fabrikinin məhsulları keyfiyyət sarıdan çox problemlidir. Bundan başqa aldığımız bir çox açıqlamalarda MMC-də istehsal olunan toyuq əti məhsullarının keyfiyyət baxımından müasir standatlara cavab vermədiyi iddia olunur. Qeyd edək ki, bu gün əhali arasında da bu müəssisənin istehsal etdiyi quş əti məhsullarına münasibət heç də birmənalı deyil. Dünən bizimdovr.az-a daxil olmuş açıqlama isə, bütün bu sadalanan nöqsanları kölgədə qoyur. Bu barədə açıqlama verən mənbə iddia edir ki, aprel ayının 10-da “Şuraabad Quşçuluq” MMC-nin fermasında naməlum səbəbdən toyuqların kütləvi şəkildə qırılması baş vermişdir. Gözlənilmədən və olduqca qısa zaman kəsiyində baş vermiş bu hadisə nəticəsində çoxlu sayda toyuq məhv olmuşdur. Bu barədə məlumat alan MMC rəhbərliyi dəymiş maddi ziyanı minimuma endirmək üçün ağlasığmaz qərar qəbul etmişdir. İlk növbədə işçilərə ciddi şəkildə göstəriş verilmişdir ki, baş vermiş hadisə barədə məlumat müəssisədən kənara çıxarılmasın. Daha sonra, yenə də rəhbərliyin tapşırığı ilə, ölmüş quşların başları kəsilmiş və toyuqlar adi qaydada tüklərdən təmizlənib, qablaşdırılaraq satış mərkəzinə göndərilmişdir. Qeyd edək ki, Fuad adlı şəxsin rəhbərlik etdiyi bu satış mərkəzi Bakının Nərimanov rayonu ərazisində, məşhur “Çin restoranı”nın yaxınlığında yerləşir. Mənbə bildirir ki, “Şuraabad Quşçuluq” MMC-nin ölmüş toyuqları bu satış mərkəzindən marketlərə paylanıb. Geri qayıt |