Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Bakının məşhur otelləri MTN şəbəkəsinin nəzarəti altında...
Bakının məşhur otelləri MTN şəbəkəsinin nəzarəti altında...20-04-2016, 11:26 |
Ötən günlərdə xəbər vermişdik ki, MTN generalı, hazırda həbsdə olan Elçin Quliyev əxlaqsızlıq yuvalarından da aylıq haqq alırmış. JAM.AZ Azerinews.tv-yə istinadən xəbər verir ki, Quliyevin haqq aldığı əxlaqsızlıq yuvası kimi ad çıxarmış otellərdən biri «Clear» olub. Məlumatda deyilir ki, Fikrət adlı şəxsin olan, əsasən imkanlı adamların uşaqlarını şantaj edərək, pul qazanmağa üstünlük verilən oteldə indi də analoji proseslərdən yararlanıldığı istisna deyil. MTN ləğv olunana qədər Elçin Quliyevə ayda 1000 manat haqq verən «Clear» rəhbəri, elə zənn edir ki, əvvəlki kimi indi də addım atmaq olar. Qeyd edilir ki, sözügedən otelin sahibi hələ xeyli əvvəl İrana civə keçirərkən yaxalanıb, lakin müəmmalı şəkildə azadlığa çıxıb. Bundan başqa, həmin otelin sahibinin Ermənistanda da ticarətlə məşğul olduğu və istirahət mərkəzi işlətdikləri vurğulanır. «Clear»la bağlı ayrıca bir yazımız daha olacaq və yaxın günlərdə oxuculara təqdim ediləcək. Sayt yazır ki, Elçin Quliyevə haqq vermiş digər otellər isə «Romi» və «Ağ Otel» olub. Binəqədi yolunun üzərində yerləşən və əxlaqsızlıq yuvası kimi ad çıxarmış «Romi»nin keçmiş generala ayda 400 manat verdiyi artıq dəqiqdir. «Ağ Otel»in sahibi isə ayda 1000 manatla MTN-in himayəsinə sığınmağa nail olub. Saytın apardığı araşdırmalar zamanı Elçin Quliyevə haqq vermiş və bu gün də onun ailəsinə pul göndərən əxlaqsızlıq yuvalarının daha 6-ı dəqiqləşdirməyə nail olub. Belə ki, həmin otellərdən biri «Neapol»dur. Bu otelin sahibi MTN generalına hər ay 1000 manat haqq ödəyirmiş. Çox maraqlıdır ki, bu otelin MTN generalının «nişangahı»na gəlməsində media təmsilçilərindən birinin müstəsna rolu olub. Bundan başqa, «Bədo» motel də Elçin Quliyevə haqq verib. Ayda 300 manat ödəməklə generalın himayəsi altına keçən bu əxlaqsızlıq yuvası birmənalı olaraq heç kimdən çəkinmədən hərəkət edir. Elə bu gün də həmin arxayançılıq var. «Sabirabad» moteldən də aylıq 1000 manat alan keçmiş MTN generalı, onlara da çoxlu sayda vədlər verib. Qeyd edək ki, bu motel də əxlaqsızlıq yuvası kimi ad çıxarıb və ölkədə məşhuri-cahandır. Bazarda elə də böyük olmayan, hətta bir o qədər ad çıxarmamış obyektlər də keçmiş generalın diqqət mərkəzində olub. Daha doğrusu, ona bu yerlərlə bağlı məlumatlar ötürülüb. Aydın məsələdir ki, bu zaman mətbuatdakı dostlarının da imkanlarından geniş yararlanıb. Bu əsnada «Kinq Palas» otelin Elçin Quliyevə ayda 200 dollar haqq verməsi üzə çıxıb. Bir generalın özünü bu qədər aşağı səviyyəyə salması da elə bu səbəbdən anlaşılan deyil. Belə başa düşmək olur ki, Elçin Quliyev dilənçiliklə məşğul olub. Eyni məbləğin, yəni ayda 200 dolların alınması «Azərin» və Quest House» otelləri üçün də keçərli olub. Çünki hər iki oteldən aylıq haqq alınmasını elə özləri də etiraf edirlər. Əldə etdiyimiz məlumatlara görə, Elçin Quliyevin adamları hər ay bu otel və motellərə gələrək, aylıq haqları indi də yığırlar. Və bu yığımın «generala kömək lazımdır» adı altında həyata keçirirlər. Quliyevin adamları deyirlər ki, «General çıxdıqdan sonra, hamıya daha geniş imkanlar yaradacaq». Geri qayıt |