Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > «Neftqaztikinti» Trestinin müdirinə ağır ittihamlar
«Neftqaztikinti» Trestinin müdirinə ağır ittihamlar28-04-2016, 10:33 |
Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidentinin 12 mart 2007-ci il tarixli 51 nömrəli və 14 mart 2007-ci il tarixli 61 nömrəli əmrləri ilə 31 oktyabr 1949-cu ildə yaradılmış «Azərdənizneftinşaat» və 7 may 1979-cu ildə yaradılmış «Xəzərdənizneftqaztikinti» trestlərinin bazasında formalaşdırılan «Neftqaztikinti» Trestinin nöqsanlı fəaliyyəti ölkə büdcəsinin böyük bir hissəsini təşkil edən neft-qaz sektorunun inkişafına mənfi təsir göstərir. Belə ki, Mirkazım Abbasovun rəhbərlik etdiyi trestin Xəzər dənizinin dərinliklərində və quruda neft-qaz yataqlarının abadlaşdırılması, neft-qaz hasilatının inkişaf etdirilməsinə xidmət göstərən obyektlərin tikintisi ilə məşğul olduğunu vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-a verdiyi informasiyaya görə, «Neftqaztikinti» Trestinin işçiləri rəhbərliyin əməllərindən təngə gəlib. Adıçəkilən müəssisənin ölkənin bütün regionlarında, o cümlədən «Günəşli» və «Neft Daşları» yataqlarında, Qum adası, Pirallahı, Çilov, Xərə-Zirə və digər adalarda, həmçinin onların ətrafında, Səngəçal-Duvannı rayonunda və digər yerlərdə müxtəlif sifarişçi təşkilatlar üçün podratçı olaraq bütün növ xidmətlər göstərdiyini qeyd edən mənbə bildirir ki, hazırda trestin tərkibinə daxil olan 7 müəssisə və Gürcüstan Nümayəndəliyində çalışan işçilər Mirkazım Abbasovun nöqsanlı fəaliyyətinin əziyyətini çəkirlər: «Nəzərinizə çatdırım ki, trestin tərkibinə 1, 2, 3, 4 və 5 saylı tikinti quraşdırma idarələri, o cümlədən Dəmir Beton Məmulatları Zavodu, Anbar Təsərrüfatı İdarəsi, Gürcüstan Nümayəndəliyi, İqtisadiyyat və Uçot Departamenti, Keyfiyyətə Nəzarət Departamenti, Qaynaq Texnoloji, Dağılan və Dağılmayan Müayinə Mərkəzi daxildir. Ümumiyyətlə, «Neftqaztikinti» Tresti dənizdə və quruda müxtəlif diametrli magistral neft-qaz-su boru kəmərlərinin tikintisi, dənizdə və quruda qaz-kompressor stansiyalarının tikintisi, yeraltı qaz saxlama anbarlarının tikintisi, dəniz estakadalarının tikintisi, liman və liman qurğularının tikintisi, neftin yığılması, saxlanması, hazırlanması və nəqli məqsədilə dənizdə və quruda neft terminallarının, müxtəlif təyinatlı texnoloji qurğuların tikintisi, dənizin dayaz və dərin hissələrində stasionar özüllərin tikintisi, yataqların elektrik təchizatı sisteminin qurulması, yüksək gərginlikli sualtı kabel xətlərinin çəkilişi, yüksək gərginlikli kabel və hava elektrik ötürücü xətlərin çəkilişi, metal konstruksiyaların korroziyadan mühafizə işləri, dəmir-beton məmulatlarının istehsalı və digər işləri həyata keçirir. Təbii ki, bütün bu ağır və məsuliyyətli işlər trestin əməkdaşlarının, əsasən də fəhlələrin gərgin əməyi hesabına başa gəlir. Lakin trestin müdiri Mirkazım Abbasov işçilərə yetərincə diqqət və qayğı göstərmir, hətta bəzi məqamlarda onların hüquqlarını tapdamaqdan belə çəkinmir». Bununla bağlı konkret misal göstərən məlumatlı şəxs «Neftqaztikinti» Trestinin işçilərinin bir müddət öncə üzləşdikləri problemlərlə bağlı ARDNŞ rəhbərliyinə, eləcə də digər müvafiq qurumlara şikayət xarakterli müraciət ünvanladıqlarını qeyd edib. Məlumat üçün bildirək ki, adıçəkilən trestin fəhlələri həmin müraciətlərində konkret olaraq Mirkazım Abbasov, trestin həmkarlar təşkilatının sədri Elşad Cəbrayılov və direktor müavini Həmif Qurbanovun əməllərindən gileyləniblər. Belə ki, «Məlumunuz olsun ki, trestin müdri Mirkazım Abbasovun, trestin həmkarlar təşkilatının sədri Elşad Cəbrayılovun, həmçinin trestin direktor müavini Həmif Qurbanovun başı özlərinin MMC-lərinə qarışıb, dərdimizi eşitmirlər» deyən fəhlələr iddia edirlər ki, «Neftqaztikinti» Trestinin müdirinin Qusardakı mülkü, Bakıda restoranı və mağazası var. Əldə etdiyimiz informasiyada həmçinin o da deyilir ki, Mirkazım Abbasov bu yaxınlarda paytaxtın «Vorovski» adlanan ərazisindəki dəbdəbəli imarətini 10 milyona satışa qoyub. Bu və digər önəmli məqamlarla bağlı Gundelik-Baku.com-u bilgiləndirən məlumatlı şəxs vurğulayır ki, «Neftqaztikinti» Trestinin müdiri Bakının mərkəzində yerləşən bir neçə butiki də artıq fəaliyyətini dayandırıb: «Deyilənlərə görə, Mirkazım Abbasov sahib olduğu daşınmaz əmlakın böyük bir hissəsini satışa çıxarıb və əldə olunan kapitalı ölkədən kənara çıxarmağı planlaşdırır. Bildirilir ki, o, bu məqsədlə «Azərbaycan Hava Yolları» QSC-nin sədri Cahangir Əsgərovun yardımlarına baş vurmaq üçün AZAL rəhbəri ilə görüşüb. Beləliklə, tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən «Neftqaztikinti» Trestinin müdiri kapitalını Cahangir Əsgərovun yaxın adamlarından birinə təhvil verməli və AZAL rəhbərindən cavab gələnədək sakit, səssiz-səmirsiz gözləməlidir. Deyilənlərə görə, Mirkazım Abbasov irəli sürülən şərtlə razı olsa da, hələlik obyektlərini tam şəkildə satıb qurtara bilməyib. Odur ki, proses bir qədər də ləngiməli olacaq...» Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |