Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Sahibkarların daha bir qənimi: Baba Rzayev...
Sahibkarların daha bir qənimi: Baba Rzayev...5-05-2016, 11:58 |
«Bakıelektrikşəbəkə» ləğv edilərək əvəzində «Azərişıq» Açıq Səhmdar Cəmiyyəti (ASC) yaradılanda və «Azərenerji» ASC-nin əksər səlahiyyəti yeni yaradılan quruma veriləndə insanların çoxu sevindi. Ona görə sevindilər ki, vətəndaşların yetərli hissəsi, o cümlədən sahibkarlar bu dəyişikliklərin sayəsində işıqlı günə çıxacaqlarını gözləyirdilər. Amma yeni yaradılmış «Azərişıq» ASC-nin sədri Baba Rzayev cənabları insanların ondan gözləntilərini doğrultmadı. Səbəb var ki, belə deyirik Baba müəllim. Fikirləşməyin ki, sizinlə hansısa ədavətimiz, qərəzimiz var. Sadəcə olaraq, rəhbəri olduğunuz ASC-nin yerli şöbələrinin rəhbər şəxsləri sahibkarlara qənim kəsilməklə sizin haqqınızda mənfi fikir yaradırlar. Gundelik-baku.com-a daxil olan məlumatlara görə, bu gün Bakı şəhəri ərazisində yerləşən 20-yə yaxın ticarət obyektinə elektrik enerjisinin verilişi dayandırılıb. Narazı sahibkarların bildirdiyinə görə, «Azərişıq» ASC-nin səlahiyyətli şəxsləri borcları olmadıqları halda onların obyektinə elektrik enerjisinin verilməsini dayandırıblar: «Hamı bilir ki, bu gün cənab prezidentimiz İlham Əliyev ölkədə sahibkarlığın inkişaf etməsi məqsədilə çox təqdirəlayiq işlər həyata keçirir. Dövlətin, ölkə rəhbərliyinin sahibkarlara göstərdiyi xüsusi diqqət və qayğı danılmazdır. Təəssüflər olsun ki, Baba Rzayev kimi məmurlar və onların tabeliyində işləyən şəxslər sahibkarları incitmək yolunu seçiblər. ASC-nin işçiləri gəlib hər obyektdən 26-27 min manat tələb edirlər. Obyektlərimizin texniki şərti var, bütün sənədlər qaydasındadır. Başa düşə bilmirik ki, bizdən nə istəyirlər? Bizim Baba Rzayevə aylıq tas verməyə pulumuz yoxdur. Obyektlərimizin bir saat işıqsız qalması bizə ziyansız ötüşmür. Axı nəyə görə belə edirlər? Niyə bizi dövlətdən incik salmağa çalışırlar. Baba Rzayev və işçiləri bilsinlər ki, biz ona bir qəpik də olsa artıq pul verən deyilik. İşlətdiyimiz işığın borcunu verə bilərik vəssalam. Gecə-gündüz əziyyət çəkib, işləyib pul qazanırıq. Baba müəllim isə rahat kabinetində, yumşaq kreslosunda oturub bizdən ayda 26-27 min manat istəyir. Hardan tapaq bu qədər pulu?». Zülmətə qərq olunan sahibkarlar «Azərişıq» ASC-nin sədrinin özbaşına əməllərindən prezidentə şikayət ediblər: «Cənab prezident, bəzi məmurlar sizin apardığınız uğurlu siyasətə uyğun iş görmür. Siz sahibkarlara qayğı ilə yanaşdığınız halda Baba Rzayev iş adamlarının obyektlərinin işığını kəsir. Sizdən xahiş edirik ki, ASC sədrinin qeyri-qanuni əməllərinin qarşısını alasınız, bizi düşdüyümüz bu çətin vəziyyətdən xilas edəsiniz». Bu arada, «Azərişıq» ASC-nin yetkili şəxslərinin Cəlilabad rayonunda da özbaşınalıq törətməsi barədə məlumat almışıq. Rayon sakinlərinin bildirdiyinə görə, Cəlilabad Paylayıcı Elektrik Şəbəkəsinin rəisi Aydın Məmmədovun göstərişi əsasında rayondakı məscidlərə verilən elektrik enerjisi kəsilib. Səbəb kimi Aydın Məmmədovun sübh azanını eşitmək istəməməsi göstərilir. Deyilənə görə, şəbəkə rəisi səhərlər azan səsini eşitdiyindən narahat olur və bu səbəbdən məscidlərin işığının kəsilməsi barədə göstəriş verib. Qeyd edək ki, Aydın Məmmədov «Azərişıq» ASC-nin sədr müavini Vüqar Əhmədovun adamı kimi tanınır. Mövzunu davam etdirəcəyik. Qarşı tərəfləri də dinləyə bilərik. Geri qayıt |