Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Əli İnsanovun "yadigarı", gizli oliqarx, büdcə pullarının qənimi və daha nələr...
Əli İnsanovun "yadigarı", gizli oliqarx, büdcə pullarının qənimi və daha nələr...9-05-2016, 13:37 |
Bildiyiniz kimi, ölkəmizdə hər il səhiyyə sektoruna külli miqdarda vəsait ayrılır. Həmin pullarla Bakıda, eləcə də yerlərdə fəaliyyət göstərən yüzlərlə səhiyyə müəssisəsi əsaslı şəkildə təmir edilərək vətəndaşların istifadəsinə verilib. Əhalinin böyük hissəsi dövlətin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirir. Amma bütün bunlara baxmayaraq, ölkəmizin səhiyyə sektorunda bu gün də ciddi problemlər qalmaqdadır. Təbii ki, bu sahədə durumun bərbad halda olması Səhiyyə Nazirliyinin rəhbərliyində təmsil olunan şəxslərin fəaliyyətsizliyi ilə bağlıdır. Gundelik-baku.com-un əməkdaşları səhiyyə nazirinin müavini Abbas Vəlibəyovla bağlı maraqlı araşdırma aparıblar. Araşdırmalar nəticəsində məlum olub ki, keçmiş səhiyyə naziri Əli İnsanovun yadigarı kimi tanınan bu şəxs düz 17 ildir ki, nazir müavini postunda çalışır. Məlumat üçün deyək ki, Vəlibəyov Abbas Soltan oğlu 1947-ci ildə Bərdə şəhərində anadan olub. 1965-ci ildə Bakı şəhəri 175 nömrəli orta məktəbi bitirib. 1965-1971-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun sanitariya- gigiyena fakültəsini bitirib. 1971-ci ildə Azərbaycan Mülki Aviasiya idarəsində həkim–epidemioloq, 1974-1988-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyində həkim-inspektor, baş sanitariya epidemiologiya idarəsində rəis müavini, rəis vəzifələrində çalışıb. 1988-ci ildə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin Elmi-Təcrübi və Tədris Birliyinin baş direktoru vəzifəsinə təyin edilib. 1990-cı ildə Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini, Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru, 1993-cü ildən isə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru təyin olunub. 1999-cu ildən bu günə kimi Səhiyyə Nazirinin müavini Azərbaycan Respublikası baş Dövlət Sanitar həkimi vəzifəsində çalışır. 1976-1977-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının Moskva Mərkəzi Beynəlxalq Həkimləri Təkmilləşdimə İnstitutunda təşkil etdiyi 9 aylıq sosial gigiyena və səhiyyənin təşkili beynəlxalq kurslarında iştirak edib. 1980-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının üzvüdür. Sosial gigiyena və epidemiologiya üzrə ali dərəcəli həkimdir. Bu məlumatlardan göründüyü kimi, Abbas Vəliyev artıq 36 ildir ki, nazirliyin kollegiyasında çalışır. Bunun 17 ilini nazir müavini kimi fəaliyyət göstərir. Ən maraqlısı isə odur ki, Abbas müəllimin 69 yaşı var və o pensiya yaşını 4 ildir ki, haqlayıb. Apardığımız araşdırmalar göstərir ki, uzun ilərdir nazir müavini işləyən Vəlibəyov ölkə səhiyyəsinin inkişafı məqsədilə heç bir iş görə bilməyitb. Əksinə onun adı Əli İnsanov nazir işləyərkən bir sıra əyri işlərdə hallandırılıb. İddialara əsasən, sabiq nazir tutduğu vəzifədən azad olunarkən Abbas Vəlibəyov böyük həyəcan yaşayıb, hətta onun səhhətində bir müddət problem belə yaranıb. Lakin sonradan kimlərinsə sayəsində nazir müavininin postuna olan təhlükə sovuşub. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, sakit bir insan təsiri bağışlayan Vəlibəyov əslində nazirliyin əsas fiqurlarından biri hesab edilir. Belə ki, nazirliklə bağlı olan kadr məsələlərin əksəriyyəti onun razılığı əsasında həyata keçirilir. Bundan başqa, səhiyyə müəssisələrinin təmir-tikinti işləri ilə bağlı elan edilən tenderlərdə də onun payının olduğu bildirilir. Məhz bu tip işlərə imza atan nazir müavini nəhəng biznes imperiyasına sahib çıxmağı bacarıb. Deyilənə görə, adıçəkilən məmurun Bakıda bir neçə klinikası, stomatoloji kabineti, aptekləri və digər ticarət obyektləri fəaliyyət göstərir. Maraqlıdır görəsən, o bütün bunları hansı vəsaitlə əldə edib? Bu arada, onu da bildirək ki, nazir müavini keçmiş rəhbəri Əli İnsanovla əlaqələrini kəsməyib. Əksinə onun tez-tez sabiq nazirə «peredaça» göndərdiyi, telefon əlaqəsi saxladığı iddia olunur. Bu barədə növbəti yazımızda ətraflı məlumat verəcəyik. Geri qayıt |