Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Texnazor”lar rüsum toplamaqla işlərini bitmiş hesab edir

“Texnazor”lar rüsum toplamaqla işlərini bitmiş hesab edir


20-05-2016, 10:12
“Texnazor”lar rüsum toplamaqla işlərini bitmiş hesab edir
Kənd təsərrüfatının milli iqtisadiyyatımızda prioritet sahəyə çevrildiyi bir vaxtda, məhsul istehsalçılarının istifadə etdiyi texniki vasitələrin vəziyyəti də diqqətlə nəzərdən keçirilməlidir.

İllər öncə kombayn çatışmazlığı, fermerlərin min bir əziyyətlə yetişdirdiyi taxıl məhsullarının bir hissəsinin itgiyə getməsinə səbəb olurdu. Bəzi kənd təsərrüfatı məhsulları üzrə məhsuldarlığın aşağı olmağının, işlərin əl əməyi ilə görülməyinin başlıca səbəbi becərmə texnikalarının olmamağıdır.

Hələ də dövriyyədə keçmiş koxoz və sovxozlardan qalma, istismar müddətini çoxdan başa vurmuş, müxtəlif maşın və mexanizmlərdən “xalq yaradıcılığı” ilə yığılmış texnikalara rast gəlinir.

Təbii ki, belələrinin dövlət qeydiyyatı yoxdur. Nazirlər Kabineti tərəfindən müəyyən edilən nəqliyyat vasitələrinin və mexanizmlərin dövlət qeydiyyatını aparan, onların texniki vəziyyətinə və istismarına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanı var.

Bu, Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan Baş Dövlət Texniki Nəzarət Müfəttişliyidir.

Sözügedən dövlət orqanı qeydiyyat aparmaq və texnik baxış keçirməklə yanaşı, traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulunu və sürücülük vəsiqələrinin verilməsini (dəyişdirilməsini) təmin, onlardan istifadəyə nəzarət etməli, müasir tipli texnikaların idarə edilməsi üçün ixtisaslı kadrlar hazırlanmasında iştirak etməlidir.

Bu qurum inzibati orqn kimi, texniki vəziyyəti standartlara uyğun gəlməyən, dövlət qeydiyyatına alınmayan, texniki baxışdan keçməyən kənd təsərrüfatı texnikalarının istismarını qadağan etmək səlahiyyətindədir. Müfəttişliyin mərkəzi aparatının 7, Bakı şəhəri üzrə 17, rayonlar üzrə 70 nəfər olmaqla ümumilikdə 94 əmkdaşı var. İşçiləri xüsusi geyim forması, habelə nəzarət-ölçü cihazları və xidməti minik avtomobilləri ilə təmin olunur.

Göründüyü kimi, kifayət qədər təminat və səlahiyyətlər var. Amma bu təşkilat, onun fəaliyyəti hiss olunurmu?

Əsasnaməsinə görə, Müfəttişlik öz fəaliyyəti haqqında əhalinin məlumatlandırmalı, internet saytı yaratmalı, qanunla açıqlanmalı olan informasiyaları həmin saytda yerləşdirməli və bu informasiyaları daim yeniləməlidir.

infom.az-ın əməkdaşı müxtəlif kənd rayonlarında əhali arasında sorğu keçirib. Sadə insanların əksəriyyəti bu qurumun varlığından bixəbər olduqlarını deyib.

Qurumun rəsmi internet səhifəsində- texnazor.az saytına ötəri baxış keçirdik. “Xəbərlər” bölümündə son paylaşma bu ilin yanvarın 4-də olub. Ondan əvvəl isə ötən ilin avqustun 16-18-də. Deyəsən KİV-lər də bu qurum barədə heç yazmayıb- “Media bizim haqımızda” bölümü boşdur.

Texnikaların sayı, baxışdan keçənlər, onların istismara yararlılıq vəziyyəti barədə heç bir məlumat yoxdur. Bu məlumatların üzdə olmamağı təkcə dövlət nəzarətinin necə həyata keçirilməyini deyil, həm də kənd təsərrüfatındakı mövcud problemlərin bir hissəsini ört-basdır edir, ayrı-ayrı bölgələr üzrə mövcud resursları qiymətləndirmək imkanı vermir.

“Texnazor”ları əsasən traktorçular tanıyır. Texnikalarının qeydiyyatda olub-olmamağından, texniki baxışdan keçib-keçməməyindən asılı olmayaraq hamısı ildə bir dəfə rüsum ödədiklərini deyirlər.

Buna görə bəzilərinə elə gəlir ki, “texnazor”lar vergi işçiləridir...

Geri qayıt