Əsas Səhifə > Güney Press, Şou-biznes > "Qızıma deyirəm ki, boşanacaqsansa, ərə getmə"

"Qızıma deyirəm ki, boşanacaqsansa, ərə getmə"


23-05-2016, 11:47
"Qızıma deyirəm ki, boşanacaqsansa, ərə getmə"
Müğənni Rəqsanə İsmayılova pəhrizindən, yeniliklərindən, qızı Aysunun nişanlanmasından danışıb.

İfaçının Axşam.az-a müsahibəsini təqdim edirik:

- Son günlər kökəlib-arıqlamaqla gündəmə gəlmisiniz. Artıq çəkidən necə xilas oldunuz?

- Ana olmağa hazırlaşırdım. Qismət elə gətirdi ki, övladım dünyaya gəlmədi. Hamiləlik ərəfəsində çox kökəlmişdim, 74 kiloqram olmuşdum. Bunu çox yerdə deməyə utanıram (gülür). Özümə yazığım gəlirdi. Uşaq tələf olandan 10 gün sonra efirə çıxdım, sosial şəbəkədə mənə nələr yazdılar. Biabırçılıq idi... Qarşıma məqsəd qoydum ki, pəhrizə başlamalıyam. Pəhrizi həmişə özüm təyin edirəm. Həftədə 1 dəfə istədiyimi yeyirəm: xıngəl, dolma, plov. Digər günlərdə isə ancaq tərəvəz istifadə edirəm. Özü də duz vurmuram. Çünki duz iştah artırır. Gün ərzində ən çox xiyar yeyirəm. Həftəyə 5-6 kiloqram xiyar istifadə edirəm. Bu tərəvəz həm böyrəkləri təmizləyir, həm də iştahı öldürür. Səhər yuxudan duran kimi su içirəm. İmkanım olanda idman da edirəm. İrad tuturlar ki, qolların kökdür. Bu da idmanın nəticəsidir. 2 aydır çörək yemirəm. Hər gün tərəziyə çıxıram, bu da insana ruh verir. Bəzi paltarlarım var idi ki, əynimə olmurdu. İndi rahatlamışam. Hərdən düşünürəm ki, kök xanımlar nə edir? Hazırda 57 kiloqramam. Amma pəhriz davam edəcək.

- Yaxın günlərdə ad gününüz olacaq. Təmtəraqlı keçirməyi düşünürsünüz?

- Mayın 25-də ad günümdür, qocaldım (gülür). Restoranda qeyd etməyi düşünmürəm. Bağda, qapalı məclis edəcəm. Beş-altı müğənni dostum olacaq.

"ƏGƏR QALSAYDI, İNDİ QUCAĞIMA ALMIŞDIM"

- Bir müddət əvvəl övladınızı itirdiniz və depressiyaya düşdünüz. Bu ərəfədə çoxları doğulmamış bir körpə üçün bu qədər əziyyət çəkməyinizi qınadı. Hətta bununla özünüzü reklam etməyə çalışdığınızı da dedilər...

- Çox əziyyət çəkirdim. Deyirlər ki, “qaçmırdı, danışmırdı, qucağına almırdın, nəyinə pis olursan?” Mən bu uşağın dünyaya gəlməsini çox istəyirdim. 5 aylıq uşaq idi, pis təsir etdi. Əgər qalsaydı, indi qucağıma almışdım. Hər gün ağlayırdım. Psixoloqum Vəfa xanımın köməkliyi ilə düzəldim. Evimdə bir divanım var, bütün günüm onun üstündə keçirdi.

- Bir çoxları sizin ailəli olmağınıza da şübhə ilə yanaşır...

- Müğənniliyi seçən biri bilməlidir ki, onu təhqir də edəcəklər, tənqid də. Mən həyatımı yaşayıram, kiminsə ailəmin olmasına inanmamağı mənim üçün önəmli deyil. O, inansa nə dəyişəcək ki? Son günlər hamı görür ki, heç bir şou tədbirinə getmirəm. Kənara çəkilmişəm, qalmaqal istəmirəm. İnanan inansın, inanmayan isə...

"MƏN HƏLƏ "HƏ" DEMƏMİŞƏM"

- Qızınız Aysunun nişanlanma xəbəri yayılıb. Toy nə vaxtdır?

- Oğlanın ailəsini tanımışıq, araşdırmışıq. Mən yalan danışmağı sevmirəm, milyonçu deyil. Bizimkilər gedir ərə, gəlib deyirlər “türkiyəli biznesmendir”. Heç kimə möhtac olmayan, çalışan, sadə oğlandır. İki qardaş mağaza işlədirlər. Çörək pulunu özü qazanır. Onların ailəsi hicablıdır. Qızım da başını bağlayan deyil. Aysuna deyirəm ki, əgər gedib, sonra boşanacaqsansa, getmə. Qızımın mənim taleyimi yaşamasını istəmirəm. Onlar da qızımla, mənimlə maraqlanıblar. Mən hələ “hə” deməmişəm. Oğlan da qızıma sərbəstliyinə qarışmır, oxumasına icazə verib. Aysuna deyirəm, fikirləş, ərə getməyə tələsmə, nişanlan. Mən səni yaşadıram, həyatını yaşa. Gedəcəksən ərə, bir uşaq doğacaqsan və bununla da hər şey bitdi.

- Bir ara qızınız üçün moda evi açacaqdınız, amma nədənsə yarımçıq qaldı...

- Aysunun hazırda dərsləri davam edir, gələn ay Bakıya qayıdır. Övladımı sərbəst böyütmüşəm. İstədi ki, bu sahədə oxusun və eyni zamanda da aktrisalıq dərsi alsın. Mən də etiraz etməmişəm. Həm bacım oğlu da onu tək qoymur. Çox çətinliklər görmüşəm, ona görə də qızıma bunu yaşamağa imkan vermərəm. Qızım iyundan yeni seriala çəkiləcək.

"BU LAYiHƏYƏ 100 MİN XƏRCLƏMİŞDİM"

- ATV telekanalında yayımlanan “Göz önündə” verilişinizin yayımı dayandırıldı. Yeni mövsümdə efirə qayıdacağınız deyilsə də, alınmadı...

- Mən o qədər insanlara yardım etdim ki... Heç kəsdən dəstək almırdım, öz qazancım idi. Verilişin çox bölümünü çəkmişdik, efirə getmədi. Bəzi səbəblər var ki, bunu hamı bilir. Bağlanan tək mənim proqramım olmadı. Çəkdiyimiz verilişləri “Youtube”-a verəcəyik. Etdiyim yaxşılıqları tamaşaçıya nümayiş etdirməsəm də, olar. Əsas odur ki, Allah gördü. Bu layihəyə 100 min xərcləmişdim. Təkcə dekorasiyaya 50 min vermişdim. Azərbaycanda belə dekorasiya yox idi. Ondan sonra mənə şou xarakterli veriliş təklif etdilər. Bu dəfə mən istəmədim. Müalicə alırdım. Mənim üçün önəmli olan övlad dünyaya gətirmək idi.

- Özünüzü bəstəkar kimi də göstərdiniz. Bəs həmkarlarınıza hədiyyə etdiyiniz mahnıların aqibəti necə oldu?

- Bu yaxınlarda Natavan Həbibi xəbər göndərib ki, mahnını versin oxuyum. Nə vaxt istəsələr, göndərəcəm oxusunlar. Bu, mənim onlara hədiyyəmdir.

- Yaradıcılığınızda nə kimi yeniliklər var?

- Avqustda “Yaşıl Teatr” konsert verəcəm. İki ay fasilədən sonra qapalı məkanda da konsert planlaşdırıram. O vaxta kimi 50 kiloqram olacağam. Yeni albom hazırlayıram. Mahnıları Hacı Nazimə həvalə etmişəm. Türkiyədə aranjiman etdirəcəm. Ola bilsin, iki tanınmış türk bəstəkardan mahnı da aldım.

- Bəs Türkiyə ilə bağlı layihələriniz necə oldu?

- Mən qələt edərəm, türk şou-biznesinə qatılmaq istəyərəm. Bir səhv idi, etdim. Bundan sonra orada mahnılar yazdırıb, öz ölkəmdə təqdim edəcəm. Türkiyədə xərclədiyim pula dəymir. Çox fikirləşdim, gördüm,alınmır. Orada yazdırıb, burada reklam etmək daha uğurludur. Biz millət olaraq türklər qədər deyilik. Onların əhalisinin sayı qat-qat çoxdur. Bizdə on, onlarda yüz telekanal var. Özümüzü məcbur etməklə deyil ki, alınmır. Orada 100-200 min xərcləməkdənsə, burada daha az pul sərf edərəm.

Geri qayıt