Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Daha bir icra başçısı yola salınır

Daha bir icra başçısı yola salınır


16-06-2016, 12:03
Daha bir icra başçısı yola salınır
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevlə bağlı son zamanlar ayrı-ayrı mətbuat orqanlarında müxtəlif səpkili informasiyalar dolaşmaqdadır. İcra başçısının və komandasında təmsil olunan bəzi məmurların fəaliyyətinin rayon sakinləri tərəfindən ciddi narazılıqla qarşılandığını vurğulayan mənbənin Gundelik-Baku.com-la bölüşdüyü məlumatlarda deyilir ki, dövlət büdcəsindən Beyləqan rayonuna ayrılan subsidiyalar lazımi ünvana çatmır. Beləliklə, Vaqif Abdullayevin əslən Qərbi Azərbaycanın Basarkeçər rayonunun Aşağı Şorca kəndindən olduğunu qeyd edən məlumatlı şəxsin sözlərinə görə, o, rəhbərlik etdiyi rayonun inkişafı üçün deyil, məhz maraqlarının təmin olunması üçün çalışır: «Deyilənlərə görə, onun icra başçısı kimi fəaliyyəti beyləqanlıların kəskin narazılığına səbəb olur. Çünki ölkə başçısı tərəfindən təsdiq edilən Dövlət Proqramları çərçivəsində Beyləqanın sosial-iqtisadi inkişafında irəliləyişlərə nail olunmasından ötrü dövlət büdcəsindən ayrılan vəsaitlər təyinatdankənar xərclərə sərf olunur. Vaqif Abdullayev icra başçısı təyin olunduqdan sonra Beyləqan ölkənin ən geridə qalmış rayonlarından birinə çevrilib. Onu da nəzərinizə çatdırım ki, deyilənlərə görə, icra başçısı təxminən, iki ay bundan əvvəl özünün katibəsi olan Səcidə Sadıqovanı döyüb. Bunun dəqiq səbəbi hələlik bəlli olmasa da, qeyd edim ki, Səcidə Alışan qızı Sadıqova Beyləqan Rayon İcra Hakimiyyətinin rəsmi saytında aparıcı məsləhətçi - yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi - psixoloq kimi göstərilib. Lakin icra hakimiyyətində hər kəs bilir ki, Səcidə Sadıqovanın bu işi formal xarakter daşıyır və onun əsas işi Vaqif Abdullayevin katibəsi olmaqdır. Belə ki, icra başçısının bir çox idarə və müəssisə rəhbərlərinə sözünü məhz Səcidə Sadıqova çatdırır». Mövzu ilə əlaqədar əldə etdiyimiz digər məlumatda isə qeyd olunur ki, icra başçısı Beyləqan Kommunal Təsərrüfat Birliyinin keçmiş rəhbəri Azil Aslanov və Məhəmməd Həsənovla birlikdə saysız-hesabsız qanunsuzluqlara imza atıb: «Deyilənlərə görə, rayona ayrılan maliyyə vəsaitləri Məhəmməd Həsənova məxsus MMC-lər vasitəsi ilə yuyulub. Vaqif Abdullayev Beyləqana gəldikdən sonra Azil Aslanovu şəhər ərazi inzibati nümayəndəsi təyin edib. Beləcə, adıçəkilən şəxslər rayonun mühüm postlarını ələ keçirərək icra başçısının himayəsi altında şəxsi maraqlarını təmin etməyə başlayıblar. Bildirilir ki, maliyyə «əməliyyatları»nın qanuniləşdirilməsini Məhəmməd Həsənov həyata keçirir. Onun bir neçə MMC-si var. «Əməliyyatlar»a cəlb olunan şirkətlərdən biri Atamoğlan Məmmədov adlı şəxsin adına qeydiyyatdan keçən «Mirdamət-2008» MMC-dir. 2013-cü ildə Beyləqan Rayon Mədəniyyət və Türizm Şöbəsinin təmirini və şəhərin abadlaşdırılması üçün adıçəkilən MMC-yə ümumilikdə 300 min manatdan çox vəsait ayrılıb. Deyilənə görə, icra başçısının göstərişi ilə «Mirdamət-2008» MMC-yə ayrılan pul sadəcə hesabdan hesaba köçürülüb və bankdan çıxarılaraq nəqdləşdirilərək məlum şəxslərin arasında bölüşdürülüb. Bunun müqabilində isə icra başçısı köçürtmə əməliyyatında iştirak edən şirkətə 16 faiz «əməliyyat haqqı»verib». Bu arada, Beyləqanda Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə tikilən uşaq baxçasının istifadəyə verilmədiyini iddia edən məlumatlı şəxsin sözlərinə görə, buna səbəbkar icra başçısıdır: «Deyilənlərə görə, həmin binanın inşası 3 il öncə başa çatıb. Lakin buna baxmayaraq, bina 3 ildir qıfıllanmış vəziyyətdə saxlanılır və istifadəyə verilmir. Bildirilir ki, icra başçısı həmin bağçaya müdirə vəzifəsinə təyin edəcəyi şəxslər arasından birini seçməyi bacarmayıb. Çünki hələlik onun irəli sürdüyü «şərtlər» heç kimi qane etmədiyindən Vaqif Abdullayevlə razılaşan yoxdur. Yeri gəlmişkən, onu da qeyd edim ki, son zamanlar müəyyən səbəblər üzündən icra başçısı ilə müavinləri, əsasən də Telman Məstanov arasında ciddi narazılıq hökm sürür. Deyilənlərə görə, icra başçısının birinci müavini Telman Məstanov Vaqif Abdullayevin postuna iddialıdır və artıq bu istiqamətdə bir sıra tədbirlərə baş vurub. Belə ki, o, əlaqələrini işə salaraq Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat almaq üçün bir sıra şəxslərlə görüş keçirib. Vaqif Abdullayev isə öz növbəsində, bundan xəbər tutub və nəticədə tərəflər arasında münasibətlər xeyli gərginləşib. Bunun nə ilə nəticələnəcəyini isə zaman göstərəcək. Lakin görünən odur ki, artıq Vaqif Abdullayevin kreslosu laxlamaq üzrədir…» Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt