Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Göyçay Məhkəməsi vətəndaşdan qisas alır?
Göyçay Məhkəməsi vətəndaşdan qisas alır?21-06-2016, 11:51 |
Göyçay rayonunun Qarabaqqal kənd sakini Mirsadiq Ağamusa oğlu Həmidov əsassız təzyiq və böhtanlarla üzləşdiyini bildirir. Qafqaznews.az-a müraciət edən M.Həmidov ailəsinin torpaq mübahisəsi işi üzrə açılan məhkəmə prosesinin ləng getməsi ilə yanaşı, həm də özünə hakim Fərhad Əfəndiyevin köməkçisi tərəfindən şər atıldığını qeyd edib. “Ailəmizə məxsus 72 sot torpağımız var idi. Onun 62 sotunu sənədləşdirmişdik. 10 sotu isə mübahisəli olduğunda görə məhkəməyə müraciət etmişdik. Belə ki, qonşu Nəriman Məmmədov həmin ərazini zəbt etmişdi. Martın 11-də məhkəmədə tanışlıq iclası keçirildi. Lakin qarşı tərəf məhkəmədə iştirak etmədiyindən, hakim Fərhad Əfəndiyev bildirdi ki, məsələ ilə bağlı 10 gün ərzində ekspertiza təyin olunacaq, daha sonra məlumat veriləcək. Amma xeyli müddət keçdi, nə ekspertiza edildi, nə də bizə xəbərdarlıq gəldi. Atam xəstə olduğu üçün, bu işlə mən maraqlanmağa qərar verdim. Məhkəmədən dedilər ki, hakim köməkçisi Ülkər Kərimovadan məlumat alım. Köməkçi isə dedi ki, başı qarışıqdır, bunun üçün heç bir cavab verə bilməyəcək. Bildirdi ki, gedib başqa vaxt müraciət edim. Ondan əlaqə nömrəsini istədim. Kağıza qaralanmış bir nömrə yazdı, aydın oxumaq olmurdu. Neçə dəfə yığdımsa, zəng çatmadı. Yenidən köməkçinin yanına gedib ona müraciət edəndə mənimlə kobud danışıb qovdu. Mən də elə məhkəmə binasındaca əl telefonumla Ədliyyə Nazirliyinin “Qaynar xətti”nə müraciət etdim. Oradan isə əvvəl mənə yazılı surətdə bildirildi ki, şikayətimlə bağlı məsələyə baxılacaq, lakin sonradan Ədliyyə Nazirliyi Təşkilat-Nəzarət Baş İdarəsinin baş məsləhətçisi Həlimə Alıyeva məhkəmə işlərinə qarışmadıqlarını bildirdi”, – deyə M.Həmidov qeyd edib. Mirsadiq Həmidovun sözlərinə görə, Ü.Kərimova ondan “Qaynar Xətt”ə şikayət etdiyinə görə qisas alır: “Qəribə bir vəziyyət yaranıb. Bizim məhkəmə işini, ekspertizanı ləngidirlər, amma mənim özümə iş açırlar, tutdurmaq istəyirlər. Görəsən, onlardan narazı düşən başqa vətəndaşları da bu cür cəzalandırırlar?”.Biz məsələni araşdıraraq, Göyçay Rayon Prokurorluğu ilə əlaqə saxladıq. Prokuror köməkçisi Füzuli Vəliyev Qafqaznews.az-a bildirdi ki, Ü.Kərimova birinci hakimə müraciət edib, o da ərizəni prokurorluğa yönəldib. “Lakin burda xuliqanlıq məsələsindən söz getdiyinə görə, işi verdik polisə. Onlar araşdırır. Ülkər Kərimovanın dediyinə görə, M.Həmidov məhkəmədə səs-küy salıb. Lakin məsələ tam aydın deyil. Kimin haqlı olduğunu polis araşdırmalıdır”, – deyə F.Əliyev bildirib.Polis təhqiqatçısı Kamran müəllim (soyadını öyrənə bilmədik) bildirdi ki, burda cinayət işindən söz getmir və iş artıq məhkəmədədir.Ü.Kərimova isə bizimlə geniş danışmaqdan imtina etdi və bildirdi ki, Mirsadiq Həmidovun xuliqanlığı ilə bağlı şahidləri var: “Nömrəni səhv yazmışdıq. İnsanıq da, 051 yerinə 050 yazmışam. Buna görə səs-küy salmaq lazım deyildi”. Biz Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin aparıcı məsləhətçisi Həlimə Alıyevanın məktubuna da baxdıq. Məlum oldu ki, H.Əliyeva bu məsələni araşdırmağı Fərhad Əfəndiyevdən xahiş edib, lakin göründüyü kimi, Göyçayda vətəndaşların şikayətlərinə “özünəməxsus” şəkildə yanaşırlar… Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Geri qayıt |