Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Klinik Uroloji Xəstəxanada pullu xidmət problemləri

Klinik Uroloji Xəstəxanada pullu xidmət problemləri


22-06-2016, 13:32
Klinik Uroloji Xəstəxanada pullu xidmət problemləri
Redaksiyamıza yeni daxil olmuş məlumatlarda akademik M. Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının fəaliyyətində müşahidə olunan bəzi problemlər diqqət mərkəzinə çəkilir. Bir müddət əvvəl yaxınlarından birinin bu xəstəxanada müalicə aldığını deyən mənbənin bizimdovr.az-a verdiyi açıqlamalarda müəssisənin rəhbərliyi və personalı tərəfindən yol verilən qanun pozuntularından bəh olunur. Məlumatda deyilir: “Əgər siz Respublika Klinik Uroloji Xəstəxanasında müayinə olunmaq və ya müalicə almaq məcburiyyətində deyilsinizsə, bu zaman korrupsiya və rüşvətxorluğa qarşı istənilən şüarı irəli sürə bilərsiniz. Əks halda isə əliniz cibinizdə, diliniz də boğazınızda olmalıdır. Yoxsa, xəstəniz qucağınızda qala bilər. Belə ki, xəstəxananın liftindən tutmuş reanimasiya otağına qədər hər yerdə rüşvət, qeyri-qanuni pullu xidmət baş alıb gedir. Liftlə qalxmaq üçün 40 qəpik, ayaqyoluna getmək üçün isə 20 qəpik ödəməlisən. Xəstəxananın giriş-çıxış qapısında da rüşvətsiz ötüşmək olmur. Amma bunlar hələ içəridə baş verənlərə bəsit hazırlıqdır. Məsələn, reanimasiya otağının qapısı önündə xəstələrindən xəbər gözləyən vətəndaşlar içəridəki həkimlərə və tibb bacılarına hər gün pul vermək məcburiyyətindədirlər. Pul verməsək, xəstəmizə yaxşı baxmırlar. Bizim də xəstəmiz ağır vəziyyətdə reanimasiyaya yerləşdirilmişdi. Reanimasiya otağında xəstəmizə yaxşı nəzarət olunsun deyə içəridəki həkimə hər gün 20-30 manat arası, tibb bacılarına 5-10, sanitara isə 3-5 manat verirdik. Bu pulu verməsək, xəstəmizə yaxşı nəzarət olunmayacaqdı. Buranın pullu xəstəxanalardan heç bir fərqi yoxdur. Sadəcə olaraq, adı dövlət xəstəxanasıdır. Ultrasəs müayinəsinin aparıldığı kabinetdə də konkret tariflər müəyyənləşdirilib. Məsələn, qadınlarda daxili orqanların kompleks müayinəsi 100 manata başa gələcək. Bundan başqa burada qanın ümumi analizi 10, qanda qlükozanın müəyyən olunması 5, sidiyin ümumi analizi 10, böyrək analizləri 50, QİÇS analizi 20, adi həkim müayinəsi 30, professor müayinəsi 70, ginekoloji yoxlanma 50 manata başa gəlir. Döş qəfəsinin rentgeni üçün 15-25 manat ödəmək lazımdır. Daxili orqanların ümumi müayinəsi isə 150-200 manatdır.

Əslində M. Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında yer almış müxtəlif neqativ hallar, bu tibb müəssisəsində baş verən çeşidli qanun pozuntuları barədə uzun-uzadı danışmaq olar. Amma bütün bunlar bir nəticə verməyəcəyi halda, çox danışmağın da bir əhəmiyyəti yoxdur...”

Sonda 2015-ci il üçün qeydə alınmış bir statistik göstəriciyə nəzər salaq. Rəsmi məlumata görə, ötən il Azərbaycanda 492 hemodializ xəstəsində letal sonluq (ölüm) qeydə alınıb ki, onlardan 207 nəfəri Bakı şəhərində, 285 nəfəri isə regionlarda olub. Qeyd edək ki, bunu mətbuata verdiyi açıqlamasında M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev deyib.

Şöbə müdiri həmçinin bildirib ki, ölkə üzrə ölüm faizi 20,1% təşkil edib: “Ölüm hallarının analizi göstərir ki, letal sonluğun əsas səbəbini 78,8% halda kəskin ürək qan-damar çatışmalığı təşkil edir. 12,9% halda beyin-qan dövranı pozulması, 1,4% daxili qanaxmalar, 3,9% septiki hallar xəstələrin ölümünə səbəb olur”. Etiraf edək ki, bu göstəricilərin Klinik Uroloji Xəstəxananın bilavasitə fəaliyyətinin qiymətləndirilməsinə necə təsir göstərə biləcəyi bizim üçün bir qədər qaranlıq qalır. Lakin bəzi mütəxəssislərin rəyinə görə, xəstəxananın fəaliyyətinin düzgün istiqamətləndirilməsi, ən əsası da yuxarıda qeyd olunan neqativ halların aradan qaldırlıması hesabına bu göstəriciləri ən azı 30-40% aşağı salmaq tamamilə realdır.

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Geri qayıt