Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Cahangir Hacıyev "siyasi məhbus" olmaq eşqinə düşüb
Cahangir Hacıyev "siyasi məhbus" olmaq eşqinə düşüb8-07-2016, 11:06 |
Azərbaycan Beynəlxalq Bankının hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev Avropadakı PR şirkətlərindən biri ilə anlaşaraq xaricdən anti-hakimiyyət təbliğatına başlayıb. Virtualaz.org xəbər verir ki, belə qənaətə gəlməyə Gürcüstanda nəşr edilən ingilisdilli “Georgia Today” qəzetində kommunikasiyalar üzrə avropalı müstəqil ekspert Eugen İladinin imzası ilə dərc olunan məqalə əsas verir. Məqalədə deyilir ki, “Azərbaycnın ən aparıcı bankirlərindən biri” olan Cahangir Hacıyev qeyri-müəyyən müddətə həbsxanaya salınıb və bu, “hakim ailənin uzun müddətdən bəri banka nəzarəti ələ keçirmək cəhdlərinin davamı” kimi görünür. Bildirilir ki, 54 yaşlı Cahangir Hacıyev Azərbaycanın hüdudlarından kənarda tanınmış şəxs deyil, ancaq o, ölkənin özündə “kifayət qədər nüfuzlu və güclü menecer kimi” məlumdur. “Daha doğrusu 2015-ci ilin martında qəfildən Beynəlxalq Bankın idarə heyətinin sədri vəzifəsini tərk edənə qədər belə idi. O, ötən ilin dekabrında həbs olunub və ağır ittihamlarla üzləşib, o cümlədən mənimsəmə, xidməti səlahiyyətlərindən sui-istifadə və digər cinayətlərdə ittiham olunub”-məqalədə deyilir. C.Hacıyevin müdafiəsinə həsr olunmuş məqalədə xatırladılır ki, Beynəlxalq Bankın işi ilə bağlı həbs olunanlardan çoxu azadlığa buraxılsa da o, hələ həbsdədir. Və təəcüblü də olsa hökumət tərəfindən bankın özünə qarşı heç bir təhqiqat aparılımır. Məqalədə C.Hacıyevin “xəstə olduğu və xəstəxanaya yerləşdirilməsinin vacibliyi” də vurğulanır. Məqalədə C.Hacıyevə qarşı irəli sürülən itthamların “siyasi motivli” olduğu deyilir, bildirilir ki, keçmiş sovet respublikalarında hakim alitanın gözündən düşən sahibkarlar və siyasi rəqiblər əsasən müxttəlif iqtisadi cinayətlərdə ittiham olunaraq həbs edilir. Müəllif yazır ki, Hacıyev 14 ildir Beynəlxalq Banka rəhbərlik edirdi və Mərkəzi Bankın rəhbəri postuna əsas namizəd idi. “Onun ulduzu parlamaqda idi. Həbsinə bir il qalmış Beynəlxalq Bank “Bahar Energy”ni və inşaat konqlomeratı “Azinşaat”ı almışdı. Bundan başqa bank xaricə, xüsusən də Rusiyaya və Birləşmiş Ərəb Əmirliklərinə xeyli investisiyalar yatırmışdı. Bu layihələrindən bir çoxu yaxşı gedirdi və Beynəlxalq Bankın kredit portfeli böyüməyə başladı. Daha sonra manatın devalvasiyası bankın kredit portfelinin daha 20 faiz artmasına səbəb oldu. Bankda pullarını saxlayan xarici investorlar yaxınlaşan iqtisadi böhranı hiss edib öz vəsaitlərini geri çəkdilər, bu da bankın vəziyyətini daha da mürəkkəbləşdirdi”-məqalədə deyilir. Məqalədə Beynəlxalq Bankdan kredit götürən iş adamlarının həbsindən də danışılır, iddia olunur ki, “hakimiyyətdəki yüksək rütbəli məmurlar” bankın üzləşdiyi böhrana görə məsuliyyəti C.Hacıyevə yüklədilər və onun həbsinə nail oldular. “Müxtəlif KİV-lər bildirir ki, Azərbaycanın bank sektorunda qisasdan və həbsxanada C.Hacıyevə qoşulmaqdan ehtiyat edərək Beynəlxalq Bankla bağlı situasiyanı müzakirə etmək istəmirlər. Onlardan bəziləri hesab edir ki, maliyyə naziri Samir Şərifov sakitcə “Azərtürkbank”ın ölkənin əsas maliyyə təsisatına çevrilməsinin və Beynəlxalq Bankın maliyyə sektorundakı yerini tutmasının yolunu açır”-məqalədə deyilir. Bildirilir ki, C.Hacıyevin işinin “siyasi motivli olmasına” onun həbsindən iki ay əvvəl qudası, milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən azad edilməsi də dəlalət edir. Məqalədə C.Hacıyevin vəkili Aqil Layıcova istinadən onun səhhətinin “ağır olduğu” da göstərilir. “Əksər funksional bazar iqtisadiyyatı ölkələrində idarəçilərin yol verdikləri səhvlər maliyyə itkilərinə səbəb olursa həmin rəhbərlər əsasən öz iş yerlərini itirirlər, ancaq siyasi motivli qurama ittihamlarla həbs olunmurlar. Əgər nə vaxtsa hüquqi araşdırmalara ehtiyac yaranırsa bunu şəffaf və hər hansı müddətsiz həbs olmadan həyata keçirmək lazımdır. Azərbaycanda isə C.Hacıyevlə bağlı belə deyil”-Beynəlxalq Bank rəhbərinin avropalı PR-çısı yazır. Xatırladaq ki, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev 2005-ci ildə həbs olunandan sonra ABŞ və Avropadakı PR şirkətləri ilə müqavilə əsasında xarici mediada özü barədə məqalələrin dərcinə nail olmuşdu. Habelə onun maraqlarını müdafiə edən lobbi şirkətləri ABŞ Konqresinin bəzi üzvlərinin keçmiş nazirin azadlığa buraxılmasına dair çağırışlarla çıxış etməsini təmin etmişdi. Məlum olmuşdu ki, F.Əliyev özünün siyasi məhbus imicini formalaşdırmaq və Azərbaycan hakimiyyətinə beynəlxalq təzyiqlərin göstərilməsinə nail olmaq üçün lobbi şirkətlərinə milyonlarla dollar xərcləyib. Həmin vaxt F.Əliyevin xarici mediada müdafiəsinin təşkil olunmasına Azərbaycandan da bəzi KİV rəhbərləri və insan haqları müdafiəçiləri cəlb olunmuşdu. İndi belə görünür ki, C.Hacıyev də analoji taktikanı seçib. Özünü xaricdə siyasi məhbus kimi tanıtmağa başlayıb və hakimiyyətə qarşı təbliğat hücumuna keçib. С.Hacıyevin Azərbaycan hakimiyyətinə qarşı təbliğat aparmaq və özünün barəsində "siyasi məhbus" imici formalaşdırmaq üçün xarici lobbi şirkətləri ilə adamları vasitəsilə danışıqlar apardığını bir neçə ay əvvəl haqqin.az və virtualaz.org saytları yazmışdı. İndi bu təbliğat başlayıb və bəribaşdan demək mümkündür ki, C.Hacıyevin bu müdafiə taktikasının onun üçün hansısa müsbət nəticələrə gətirib çıxaracağı ağlabatan deyil. Geri qayıt |