Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Oğuzda sosial yardım məsələsi...

Oğuzda sosial yardım məsələsi...


11-07-2016, 10:52
Oğuzda sosial yardım məsələsi...
Ölkəmizdə yoxsulluğun aradan qaldırılması üçün görülən tədbirlərdən biri də ünvanlı sosial yardımların təyin edilməsidir. Qeyd edək ki, Azərbaycanda minlərlə ailə bu cür yardım alır. Əfsuslar olsun ki, müavinətin təyini zamanı bir çox hallarda problemlər baş qaldırır. Vətəndaşın müraciəti gecikdirildiyi kimi, qarşı tərəfdən də ailənin gəlirləri barədə dəqiq informasiyaların verilməsi problem yaradır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) yerli mərkəzlərinin əksəriyyətində süründürməçilik halları mövcuddur. Belə ki, mərkəz rəhbərliyi sosial müavinətin təyin edilməsi müqabilində vətəndaşlardan nəysə umurlar. Halbuki, həmin vəsaiti dövlət ayırır və buna görə insanlardan heç nə tələb edilə bilməz. Gundelik-baku.com-a verilən informasiyalara görə, Oğuz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində (ƏSMM) sakinlərin incidilməsi, o cümlədən müxtəlif bəhanələrlə get-gələ salınması adi hala çevrilib. Məlumatlı mənbə bildirir ki, mərkəzin direktoru Cümşüd Süleymanov aztəminatlı ailələrin qarşısında ağır şərtlər qoyur: «Oğuz rayonunda əhalinin müəyyən hissəsi maddiyyat sarıdan sıxıntı yaşayır. Dövlətin ayırdığı sosial yardımı almaq ümidi ilə mərkəzə müraciət edən insanların əksəriyyəti əliboş yola salınır. Düzdür, mərkəzin işçiləri həmin şəxslərin sənədini qəbul edir. Lakin bu sənədlər düzgün araşdırılmır. Buna görə də müəyyən müddətdən sonra yardım üçün bura üz tutan vətəndaşlara rədd cavabı verilir. Mərkəzin rəhbərliyinin bu işdə məqsədi vətəndaşı tamamilə zərərsizləşdirmək və dogrudan da sənədlərində problemin olduğuna inandırmaqadır. Ki, vətəndaş ondan alınan pulun davasını etməsin və sakit dayanaraq problemli sənədlə yardım aldığı üçün sussun». Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı sosial yardımlarla bağlı şərtlər hər keçən gün daha da sadələşdirilir və elektronlaşdırılır. Buna baxmayaraq, Oğuz ƏSMM-in direktoru Cümşüd Süleymanov nə qanunlara məhəl qoyur, nə də nazir Səlim Müslümovun «rüşvətdən uzaq durun» xəbərdarlığına əhəmiyyət verir. Deyilənə görə, Oğuzda ünvanlı yardım almaq istəyən vətəndaşlar bunun ən azı 7 ayını direktora verməlidir. Əks halda heç bir ailəyə yardım təyin edilmir. Bu arada, nəzərinizə çatdırmaq istəyirik ki, son vaxtlar ƏSMM rəhbərinin fəaliyyətindəki qanunsuzluqlarla bağlı yuxarı instansiyalara çoxsaylı şikayət məktubları göndərilib. Buna baxmayaraq, hələ də adıçəkilən məmurun barəsində müvafiq cəza tədbirləri görülmür. Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Geri qayıt