Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Vasif Talıbovu o villadan dinləyiblər

Vasif Talıbovu o villadan dinləyiblər


3-08-2016, 10:30
Vasif Talıbovu o villadan dinləyiblər
Ləğv edilmiş Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbəri, bugünlərdə 14 il azadlıqdan məhrum edilmiş Vəli Ələsgərovun hansı səbəbdən MR rəhbərliyinin qəzəbinə gəldiyi, “vurulduğu” təxminən məlumdur. Heç bir şübhə yoxdur ki, V.Ələsgərov MR Ali Məclisinin sədri Vasif Talıbov və onun yaxın ətrafını, ailə üzvlərini MTN rəhbərliyinin – Eldar Mahmudov, Elçin Quliyev və digərlərinin sifarişi ilə dinləyib-izlədiyinə, toplanmış materialları onlara servis etdiyinə görə sözün əsl mənasında məhv edildi. Lakin yenə də bəzi suallar açıq qalır.

Məlumdur ki, V.Ələsgərov MTN sisteminə 33 yaşında işə götürülüb və qısa müddətdən sonra Naxçıvan MTN-in başına gətirilib, general rütbəsi alıb. Yəni bu yüksək pilləyə, mənsəbə özünün üstün zəkası, gərgin əməyi və xüsusi qabiliyyəti sayəsində deyil, bir şəxsin – Vasif Talıbovun etimadını qazandığı üçün irəli çəkilib. Belə olduqda o, V.Talıbova nəyin müqabilində xəyanət edə bilərdi? V.Ələsgərovu buna nə vadar etmişdi?

Bu xüsusda “AzPolitika.info”-ya yeni və maraqlı məlumatlar daxil olub. Sabiq nazirin cinayət işinin istintaqı V.Ələsgərovun Mahmudovçu generallar tərəfindən necə ələ alındığını üzə çıxarıb.

Məlumata görə, V.Ələsgərov MTN Antiterror Mərkəzinin rəisi, hazırda həbsdə olan Elçin Quliyevlə yaxın dostluq münasibətlərində olub. Elə müəyyən qədər də bu “dostluğun” güdazına gedib. İstintaqla müəyyən olunub ki, gizli çəkilişlər aparmaq və sonradan həmin çəkilişlərdən istifadə etməklə şantaj və “verbovka” üzrə mütəxəssis olan Elçin Quliyev, “əqrəb xarakterinə” sadiq qalaraq, dostunu – Vəli Ələsgərovu da “sancmaqdan” özünü saxlaya bilməyib. Qadın düşkünlüyü olan V.Ələsgərovun pornovideosunu əldə edən E.Quliyev, dar çevrədə “dostu” ilə videodakı müəyyən epizodlar üzrə zarafatlaşmağa başlayıb. Lakin sözsüz ki, V.Ələsgərov bu “zarafatları” tamamilə ciddi qəbul edib və narahat olmağa başlayıb. Ona başa salınıb ki, narahatçılığa əsas yoxdur, “videonu Vasif müəllimə göndərməyəcəklər”, amma əvəzində onların müəyyən istəklərini yerinə yetirməli olacaq…

Bir MTN generalının digərini “verbovkası” əməliyyatı uğurla başa çatıb və 2012-ci ildən sonra V.Ələsgərov V.Talıbovun əleyhinə fəaliyyətə cəlb olunub. Niyə məhz 2012? Məlumata görə, Mahmudovçular lazımi avadanlıqları Naxçıvana yerləşdirmək şansını 2012-ci ildə əldə ediblər. Məlumdur ki, 2012-ci il Bakıda keçirilən Avroviziya mahnı yarışması ərəfəsində MTN təhlükəsizlik tədbirləri çərçivəsində xaricdən yeni dinləmə qurğuları alaraq rabitə sistemində yerləşdirmişdi. Bu barədə E.Mahmudov işdən çıxarıldıqdan sonra “Delta Telekom” rabitə operatorunun baş direktoru Ramazan Vəliyev də ANS-ə müsahibəsində ətraflı danışmışdı. O, bildirmişdi ki, həmin qurğuların yerləşdirilməsini şəxsən Eldar Mahmudov ondan tələb edib və bunu terror təhlükəsi ilə əsaslandırıb.

İndi məlum olur ki, 2012-ci ildə sözügedən qurğular Naxçıvan MTN-nin istifadəsinə də verilib və MR-in rabitə sisteminə quraşdırılıb. Məhz bu qurğuların içində sırf V.Talıbovun dinlənilməsi üçün nəzərdə tutulan qurğular da Naxçıvana ötürülüb. Çünkü V.Talıbov qorunan, şifrəli rabitə xəttlərindən istifadə etdiyindən onu dinləmək üçün daha yüksək texnoloji imkanlar yaradan qurğular lazım idi. Onların Naxçıvana çatdırılması təmin edilib. Lakin əməliyyatın bundan sonrakı hissəsi daha böyük həssaslıq və ehtiyyatlılıq tələb edirdi. Ən xırda ehtiyyatsızlıq məlumat sızması ilə nəticələnə bilərdi. Bunu nəzərə alaraq, MR rəhbərliyinin dinlənilməsinə imkan verən qurğuların ən etibarlı yerdə – Eldar Mahmudovun Naxçıvan şəhərindəki villasında yerləşdirilməsi qərara alınır (Təsadüfi deyil ki, KİV-lərdə bu villanın söküldüyü barədə məlumatlar yayılmışdı-R.Ə). Bu villa Naxçıvan MTN-in nəzarəti altında olsa da, sahibindən və V.Ələsgərovdan icazəsiz heç kim ora daxil ola bilməzdi. Beləliklə, təxminən 3 il müddətində V.Talıbov və ətrafı Eldar Mahmudovun villasından dinlənilir, toplanılan materiallar V.Ələsgərov tərəfindən Bakıya ötürülür. Eldar Mahmudovun işdən çıxarılmasından dərhal sonra V.Ələsgərov şəxsən həmin qurğuları ordan götürür və Araz çayına atır. Villadakı bütün izlər isə məhv edilir.

V.Talıbov özünün xüsusi xidmət nazirinin bu xəyanətindən çox gec xəbər tutur. Qısası da göründüyü kimi ağır olur.

Lakin bütün izlər məhv edildiyindən V.Ələsgərov ağır fiziki-psixoloji işgəncələrə baxmayaraq, istintaqda bu əməllərə yol verdiyini etiraf etmir. Həm bu səbəbdən, həm də qurğular və yaddaş Araz çayına atılaraq məhv edildiyindən Eldar Mahmudovun əlində Naxçıvan rəhbərliyinə qarşı hansı kompramatların olduğu sirr olaraq qalır…

Geri qayıt