Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > İbrahim Mehdiyevə qarşı ilginc iddia...

İbrahim Mehdiyevə qarşı ilginc iddia...


4-08-2016, 12:11
İbrahim Mehdiyevə qarşı ilginc iddia...
Məqalədə sputnik.az saytına istinadla bildirilirdi ki, Yasamal rayonu, Şərifzadə küçəsi 33 ünvanında yerləşən “alimlərin yataqxanası” kimi tanınan bina sökülməyə başlanıb. Sakinlər söküntü prosesinə, xüsusilə onlara məlumat verilmədən başlayan söküntüyə etiraz edirlər. Bina sakinlərinin bildirdiklərinə görə, söküntü “İnşaat və Konstruksiyalar” MMC-nin sifarişi və Yasamal RİH-in başçısı İbrahim Mehdiyevin göstərişi ilə həyata keçirilir. Lakin bir çox sakinlər mənzillərini tərk etmək istəmirlər. Bina sakini Mətləb Rəhimov bildirir ki, bina heç də qəza vəziyyətində deyil və sakinlər evlərini tərk etmək istəmirıər. Buna cavab olaraq, 22 saylı MİS-in əməkdaşları sakinləri işıq, qaz və sudan məhrum ediblər (sputnik.az).

Şərifzadə 33 ünvanında yerləşən bina qəza vəziyyətindədir”, – bu sözləri Kavkaznews.az-a Yasamal RİH-in təsərrüfat şöbəsinin müdiri Şahin Məmmədov bildirib. Ş.Məmmədovun sözlərinə görə, bu il fevralın 25-də Nazirlər Kabineti qərar çıxarıb ki, qəza vəziyyətində olan binaları sökən şirkətlər sakinləri müvəqqəti mənzillə təmin etməlidir. “Kirə mənzillər üçün ödənişlər də inşaat şirkəti tərəfindən təklif olunur. Şirkətlə sakinlər arasında fərdi müqavilə bağlanır. Bu müqavilə əsasında da qəza vəziyyətindəki ev sökülür. Şərifzadə 33 ünvanındakı binanın söküntüsü “İnşaat və Konstruksiyalar” MMC tərəfindən həyata keçirilir. Sökülən binanın yerində yeni ev tikiləcək ki, həmin binada mənzillərin yaşayış sahəsi əvvəlkindən 20 faiz daha böyük olacaq. Dövlət bu prosedura bir qəpik də xərcləməyəcək”, – deyə şöbə müdiri qeyd etdi.

“Biz “İnşaat və Konstruksiyalar” MMC-nin yerləşdiyi ünvanı heç cür tapa bilmirik. Bu şirkət ancaq kağızda mövcuddur”, – deyə Şərifzadə 33 ünvanındakı binanın sakini Əzizağa Ələkbərov Kavkaznews.az saytına bildirib. Başqa bir sakin Xatirə İsmayılovanın sözlərinə görə, 22 saylı MİS-in rəisi Məmməd Hüseynov ona təklif edib ki, mənzilini tərk edib kirəyə köçsün. Məmməd Hüseynov mənə “İnşaat və Konstruksiyalar” şirkəti adından aylıq 300 manat aylıq kirəpulu təklif edib”, – deyə Xatirə İsmayılova qeyd edib.

Biz MİSR rəisi Məmməd Hüseynovdan soruşduq ki, nəyə görə şirkət adından danışıqları Yasamal RİH işçisi olduğu halda o aparır? “Ona görə ki, bunu mənə RİH başçısı İbrahim Mehdiyevin özü tapşırıb”, – deyə Məmməd Hüseynov Kavkaznews.az-a cavab verib. Avqustun 2-də biz jurnalist araşdırmasını davam etdirmək qərarına gəldik. Bu dəfə bizi növbəti sual maraqlandırırdı: “Şərifzadə 22 ünvanındakı bina hansı əsasla qəza vəziyyətində hesab olunur?”.

“Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinin Layihələndirmə İnstitutu Şərifzadə 33 ünvanındakı binanın ekspertizasını həyata keçirib və binanın qəza vəziyyətində olduğunu bildirib”, – deyə Yasamal RİH-in baş memarı Eyvaz Bağırov Kavkaznews.az saytına bildirdi. Onun sözlərinə görə, sakinlərdən əvvəl də Yasamal RİH-ə binanın qəza vəziyyətində olması ilə bağlı müraciətlər daxil olurdu.

“Əvvəl bu problemin həlli üçün maliyyə imkanları yox idi. Amma Nazirlər Kabinetinin 25 fevral tarixli qərarı ilə belə bir imkan yaranıb”, – deyə Eyvaz Bağırov qeyd etdi. Şərifzadə №33 binasının sakini Əzizağa Ələkbərov Eyvaz Bağırovun sözlərini təkzib etdi.

“Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinin əməkdaşları bizim binada heç bir ekspertiza aparmayıb”, – deyə Ə.Ələkbərov bildirdi. Biz özümüz aydınlaşdırmaq istədik, FHN TTNDA həqiqətən də Şərifzadə 33 ünvanındakı binanın qəza vəziyyətində olduğu barədə rəy veribmi ? Agentliyin ümumi şöbəsinə müraciət etdik, ümumi şöbə əməkdaşları isə bizə məsləhət gördülər ki, Yasamal rayonuna kurasiya edən müfəttişlə əlaqə saxlayaq. TTNDA-nın Yasamal rəyonuna məsul olan müfəttişi Zakir (bizə soyadını bildirmədi – red.) dedi ki, onun Şərifzadə 33-ün qəza vəziyyətində olması ilə bağlı məlumatı yoxdur.

Hüquq müdafiəçisi Novella Cəfəroğlunun fikrincə, oliqarxlardan kimsə sözügedən binanın yerləşdiyi ərazini bəyənib. “Və həmin oliqarx qərar verib ki, binanın qəza vəziyyətində olduğu elan edilsin, sakinlər isə köçürülsün. Yəqin ki, binanın sökülməsindən sonra onun yerində göydələn tikiləcək”, – deyə hüquq müdafiəçisi qeyd etdi. O, sakinlərə təklif etdi ki, Yasamal RİH-i məhkəməyə versinlər.

“Qoy məhkəmədə RİH nümayəndələri bu binanın qəza vəziyyətində olduğunu sübut etməyə çalışsınlar”, – deyə N.Cəfəroğlu əlavə etdi.

Sözardı: Məqalə hazırlanarkən, bizə məlumat daxil oldu ki, SOCAR yanında “Azəriqaz” İstehsalat Birliyi Şərifzadə 33-ün qaz təchizatını dayandırıb. Sakinlərin sözlərinə görə, onların “Azəriqaz”a borcları yoxdur.

Belə olduğu halda, “Azəriqaz” hansı əsasla sakinləri qazdan məhrum edib? “Söküntü səbəbiylə binaya qaz təchizatı dayandırılıb” – deyə “Azəriqaz”ın Tahirova soyadlı dispetçeri Kavkaznews.az saytına bildirib. “Axı, orda hələ də insanlar yaşayır”, – deyə qeyd etdik. Təəssüf ki, dispetçer Tahirova bu iradımızı cavabsız qoydu.

İbrahim Mehdiyevə qarşı ilginc iddia...

Geri qayıt