Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > 2 saylı Dəri Zöhrəvi Dispanseri həkimlərsiz qalıb
2 saylı Dəri Zöhrəvi Dispanseri həkimlərsiz qalıb11-08-2016, 12:10 |
Redaksiyamıza yeni daxil olan məlumatlarda Bakı şəhər 2 saylı Dəri Zöhrəvi Dispanserinin fəaliyyətndə müşahidə olunan nöqsanlardan bəhs edilir. Açıqlamalarda bildirilir ki, bu tibb müəssisəsinin baş həkimi Arif Hasilov tərəfindən tətbiq olunan idarəçilik üsulları hazırda dispanserdə rüşvətxorluq və korrupsiya hallarının çiçəklənməsi üçün əlverişli şərait yaratmışdır. Mənbənin verdiyi açıqlamaya görə, 2 saylı dispanserə müayinə və müalicə məqsədilə müraciət edən əksər xəstələr bu fikirdədilər ki, yaşı artıq çoxdan 60-ı ötmüş Arif Hasilov, hazırda tutduğu vəzifənin tələb kimi irəli sürdüyü meyarlara qətiyyən cavab vermir. Məlum olduğu kimi bir vaxtlar respublikanın Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən dövlətə məxsus xidməti vəzifələrin, əmək haqqı formasında ayrılan dövlət vəsaitlərinin və digər səlahiyyət və imtiyazların öz şəxsi rəyləri əsasında seçilmiş kadrlara təqdim olunması və bu yolla himayədarlığın nümayiş etdirilməsi bir tendensiya halını almışdı. Bu səbəbdən də bir çox elmi, tədris və müalicə-profilaktik müəssisələrə rəhbərlik səriştəsiz, vəzifələrdən doğan tələblərə cavab verməyən kadrlara həvalə olunurdu. Belə vəziyyət isə, az müddət sonra bir sıra problemlərə yol açmış oldu. Bu cür təcrübələr eyni zamanda həm ümumilikdə səhiyyənin inkişafını ləngidir, həm də konkret müəssisənin funksional fəaliyyətini əngəlləyir. Bu isə, həmin müəssisələrin məxsusi hansı sahəyə aidiyyatından asılı olaraq daha ciddi problemlərin baş verməsinə, o cümlədən ölkə daxilində müəyyən xəstəlik və epidemiyaların da yayılmasına yol aça bilər. Təsadüfi deyildir ki, bu gün səhiyyəmizin məhz dəri-zöhrəvi xəstəlikləri sahəsində mövcud olan xoşagəlməz durum həm ictimaiyyətin, həm də mütəxəssislərin diqqətini getdikcə daha çox cəlb edir. Belə ki, son illər dəri üzərində gicişmə, göynəmə, ağrı, dartılma, yandırma, bir sıra hissiyyat pozulmaları, eləcə də ümumi üşütmə-qızdırma, yuxusuzluq, iştahasızlıq və əsəbiliklə müşahidə olunan xəstəliklər insanları daha çox narahat edir. Təbii ki, əgər vatxında müdaxilə olunmasa, bu xəstəliklər insan orqanizmi üçün ciddi fəsadlar törədə bilər. Bəzən bu cür xəstəliklərə tutulan şəxs hətta müalicə almasına baxmayaraq, uzun müddət əziyyət çəkir. Bu vəziyyət isə, həm də 2 saylı Dəri Zöhrəvi Dispanserinin qeyri-qənaətbəxş fəaliyyətinin nəticəsidir. Aldığımız məlumatlarda bildirilir ki, dəri-zöhrəvi xəstələrinin müalicəsi zamanı onlara verilən dərmanların keyfiyyətsiz olması səbəbindən 2 saylı dispanserə müraciət edən şəxslər arzuolunmaz durumla üzləşməli olurlar. Mütəxəssislər hesab edirlər ki, bu tibb müəssisəsində xəstələrin dəri-zöhrəvi xəstəliklərindən şəfa tapmaları üçün zəruri şərtlər belə mövcud deyil. Digər tərəfdən isə, aldığımız məlumatlarda vurğulanır ki, Səhiyyə naziri Oqtay Şirəliyev özü bir vaxtlar məhz Arif Hasilovun rəhbərliyi altında çalışıb. Bu səbəbdən də indi bu baş həkimin bir çox özbaşınalıqlarına yuxarı instansiya tərəfindən göz yumulur. Belə ki, aldığımız məlumatlarda Arif Hasilovun özünün dispanserin fəaliyyətində elə də aktiv iştirak etmədiyi qeyd olunur. Açıqlamaya görə, baş həkim rəhbərlik etdiyi müəssisəyə həftə ərzində 1-2 dəfə gəlir. Həmçinin iddia olunur ki, belə bir tendensiya bəzi həkimlərə də sirayət etmişdir. Mənbənin verdiyi açıqlamaya görə, 2 saylı Dəri Zöhrəvi Dispanserinin iki həkimi, Təranə Nəsibova və Lalə İsgəndərova artıq üç ildir ki, Türkiyədə yaşayırlar. Buna baxmayaraq, hər iki həkimin adları dispanserin ştat cədvəlində qeyd olunub. Qeyd edək ki, məsələyə aydınlıq gətirmək məqsədilə əməkdaşımız Arif Hasilovla telefon əlaqəsi saxlamışdır. Baş həkim bildirmişdir ki, Lalə İsgəndərova hal-hazırda dispanserdə işdədir. Təranə Nəsibovanın isə, işdən azad olunması barədə əmr verilmişdir. Öz növbəmizdə biz də dəqiqləşdirmə apardıq. Məlum oldu ki, Lalə İsgəndərova həqiqətən də bu yaxınlarda Bakıya gəlib. Amma, sadəcə olaraq sertifikasiya imtahanı vermək üçün. Digər tərəfdən isə, Təranə Nəsibovanın da yalnız üç il işə çıxmadıqdan sonra barəsində əmr verilməsi xüsusi maraq doğurur... Qarşı tərəfin də mövqeyini dərc edə bilərik. Geri qayıt |