Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Akif Çovdarovun daha bir nəhəng obyekti üzə çıxdı
Akif Çovdarovun daha bir nəhəng obyekti üzə çıxdı16-08-2016, 12:12 |
Ləğv olunan MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun daha bir obyekti üzə çıxıb. Avropa.info xəbər verir ki, sabiq MTN generalının inşa etdirdiyi binalardan birinin də Bakı şəhəri, Binəqədi rayonu 7-ci mr ərazisində yerləşdiyi məlum olub. Əldə etdiyimiz məlumata görə, Abay Kunanbayev küçəsində, keçmiş Bolluq bazarının qarşısında yerləşən binanın tikintisi Çovdarovun həbsindən dərhal sonra dayandırılıb. Əvvəlcə qeydiyyatdan qeyri-yaşayış binası kimi keçirilən tikili daha sonra 42 mənzildən və 6 qeyri-yaşayış obyektindən ibarət yaşayış binası kimi inşa olunub. Qonşuların dediklərinə görə bina qarşı tərəfdə yerləşən yaşayış binasının həyətində insanların istirahəti üçün nəzərdə tutulmuş park ərazisində tikilib. Binanın təməli qoyularkən ərazidə 120-130 ağac kəsilərək yaşıllıq tamamilə məhv edilib. Nədənsə, Binəqədi Rayon İcra Hakimiyyəti də həmin vaxtda bu qədər ağacın kəsilməsinə heç bir reaksiya verməyib, ya da reaksiya verə bilməyib, bu məlum deyil. Hər halda 120-dən çox ağacın kəsilməsi və yaşıllığın məhv edilməsi faktdır. Məlumatlara görə, Çovdarov binanı tikdirməyə başlayarkən əvvəlcə bütün sənədlər onun qızının adına rəsmiləşdirilib. Onun həbs edilməsi ərəfəsində isə sənədlər başqa bir şəxsin adına keçirilib. Amma bu addımı da Çovdarovu kimisə aldatmağa imkan verməyib. O həbs edilən kimi tikintidə işlər dayandırılıb. Binanın bundan sonrakı taleyi isə hələlik məlum deyil. Geri qayıt |