Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Məmurlarımız nədən yumruq davasına çıxıblar?

Məmurlarımız nədən yumruq davasına çıxıblar?


19-08-2016, 11:46
Məmurlarımız nədən yumruq davasına çıxıblar?
Sovet dissidenti Soljenitsin “Almaniyadan məktublar”ında yazırdı ki, “fərz et ki, bir cəmiyyət ən yüksək inkişafa nail olub. Həmin cəmiyyəti məhv etmək üçün nə etmək lazımdır?” Dissident əsərində sualını özü cavablandırırdı: “Kiçik bir qrupa hər şeyə icazə vermək, yerdə qalanlara isə hər şeyi qadağan etmək lazımdır”. Ölkə başçısı demək olar ki, bütün müşavirələrdə dövlət görəvində olanları sadə olmağa, insanlarla münasibət qurarkən müəyyən edilmiş həddi keçməməyi tövsiyyə edir. Əfsuslar olsun ki, əsasən regionlarda dövlət başçısının bu çağırışlarını önəmsəmiyəcək qədər “cəsarət” nümayiş etdirən idarə və müəsisə rəhbərləri var. Sözsüz ki, məhz prezident sərəncamı ilə yerlərdə icra hakimiyyəti vəzifəsini daşıyan şəxslər bu cür “cəsarətlilərin” rəhbərlik etdikləri rayonlarda ərköyünləşməsində mühüm rol oynayırlar. İmişlidə də vəziyyət bu sahədə ürəkaçan deyil.

Rayondakı mənbəmizin Conflict.az-a verdiyi məlumata görə bir neçə gün öncə rayon mərkəzində yerləşən “Nərgizim” şadlıq sarayında keçirilən toy məclislərindən birinə dəvət alan Maliyyə Nazirliyinin İmişli rayon şöbəsinin müdiri Rəhim Rəhimov sərxoş vəziyyətdə disko mahnılarına rəqs edərkən, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin İmişli rayon şöbəsinin baş mühasibi Kərim adlı şəxsin rayonun baş maliyyəçisinin yersiz hərəkətlərinə irad bildirməsindən qəzəblənərək, ona çoxsaylı fiziki xəsarətlər yetirib.

Mənbənin verdiyi məlumata görə İmişli rayon Maliyyə Şöbəsinin müdiri Rəhim Rəhimova həmin toyda iştirak edən oğlu da yaxından kömək edib. Conflict.az-a verilən məlumatda bildirilir ki, bədəninin müxtəlif nahiyyələrindən xəsarət alan Səlim Müslümovun işçisini dərhal rayon Mərkəzi Xəstəxanasına aparıblar.

Həkimin ilkin yardımından sonra müalicəsini ambulator şəraitdə davam etdirən baş mühasib İmişli rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edib. Məlumatda o da bildirilir ki, İmişli rayon polis idarəsində Maliyyə şöbəsinin müdiri haqqında bədənə xəsarət yetirdiyi üçün xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

Adının açıqlanmasını istəməyən polis əməkdaşı mənbəmizə faktı təsdiq edib. Qəribədir ki, Rəhim Rəhimov hadisədə bilavasitə iştirak edən oğlunu hələ ki, özü haqqında açılan cinayət işindən yayındıra bilib. Lakin məsələ ilə bağlı Conflict.az-ı bilgiləndirən mənbəyə faktı təsdiq edən polis əməkdaşı bunun müvəqqəti xarakter daşıdığını bildirib. Redaksiyamıza məlumat verən mənbə bildirdi ki, Rəhim Rəhimov hadisədən sonra demək olar ki, iş yerinə gəlmir. Mənbə əlavə olaraq qeyd etdi ki, rayonun baş maliyyəçisi döyərək xəsarət yetirdiyi şəxsin şikayətinin geri götürülməsi üçün mümkün olan bütün vasitələrdən isitfadə edir.

Geri qayıt