Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Balakən təhsilində kadrlar necə müəyyən olunur

Balakən təhsilində kadrlar necə müəyyən olunur


24-08-2016, 10:48
Balakən təhsilində kadrlar necə müəyyən olunur
Məlumdur ki, bu gün ölkənin təhsil sisteminin yenidən qurulması və inkişafı məqsədilə Azərbaycan dövləti bu sahədə əsaslı islahatlar həyata keçirir. Respublikanın təhsil sahəsində həyata keçirilən bu islahatlar ilk növbədə bütün tədris müəssisələrində, o cümlədən orta-ümumtəhsil məktəblərində, peşə liseyləri sistemində, kollec və universitetlərdə mütərəqqi reformalar nəzərdə tutur. Nəzərə almaq lazımdır ki, bu sahədə əldə olunan uğur və nailiyyətlər ümumilikdə iqtisadiyyatımızın inkişafına da böyük təkan verir. Digər tərəfdən isə etiraf olunmalıdır ki, həyata keçirilən islahatların son nəticələri konkret rayon və bölgələrdə bu sahəyə rəhbərlik edən kadrların həm şəxsi, həm də professional keyfiyyətləri ilə müəyyənləşir. Lakin ölkənin tədris müəssisələrində baş verən çoxsaylı neqativ halların araşdırılması da təsdiq edir ki, Təhsil Nazirliyi tərəfindən bir sıra hallarda məhz kadr məsələlərində ciddi nöqsanlara yol verilir. Nətisədə isə respublikada fəaliyyət göstərən bir çox təhsil şöbələrinə rəhbərlik səriştəsiz kadrlar tərəfindən həyata keçirilir.

O cümlədən son vaxtlar Balakən ictimaiyyətinin də bu rayonun təhsil sistemində baş verənlərdən doğan narahatlıqları getdikcə artmaqdadır. Artıq uzun müddətdir ki, Balakən Rayon Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti bu sahənin inkişafdan qalmasına, bəzi hallarda isə, artıq aşkar geriləmələrin müşahidə olunmasına səbəb olmuşdur. Bu barədə redaksiyamıza Balakəndə olan mənbələrdən mütəmadi olaraq daxil olan məlumatlarda xəbər verilir. Təəssüf doğurucu haldır ki, Balakən təhsilində müşahidə olunan bu geriləmələr, əslində dövlət tərəfindən bu sahənin inkişafına göstərilən böyük diqqət və qayğının fonunda müşahidə olunmaqdadır. Digər tərəfdən də bir çox mənbələr Balakən RTŞ-nin keçmiş rəhbərliyi öz vəzifəsindən alındıqdan sonra əksər problemlərin öz həllini tapacağına ümid edirdilər. Nəhayət, bu ilin əvvəllərində bu dəyişiklik baş verdi. Balakən Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə Vahid Əliyev təyin olundu. Lakin aradan keçən müddət ərzində rayon təhsilinin inkişafına olan ümidlər ketdikcə sönməyə başladı. Artıq bu gün Balakəndən aldığımız məlumatlarda bildirilir ki, RTŞ-nin rəhbərliyində olmuş bu kadr dəyişikliyi heç bir müsbət nəticə verməyib. Əksinə, yeni şöbə müdirinin fəaliyyəti bir çox ciddi nöqsanlarla ictimaiyyətin diqqətini cəlb etməyə başlayıb. Bu xüsusda aldığımız məlumatlarda bildirilir ki, Vahid Əliyev vəzifəyə təyin olunduqdan sonra, ilk növbədə rayonun məktəb direktorlarından pul yığımları həyata keçirməyə başlayıb. Belə ki, direktorları ciddi kadr islahatları keçirmək niyyətində olduğu barədə xəbərdar edən yeni şöbə müdiri, bu islahatlar dalğasının təsirindən kənarda qalmaq, yəni öz vəzifəsini itirməmək arzusunda olanları müvafiq “tədbir görməyə” çağırıb. Bu tədbirin isə, müəyyən məbləğdə ödənişlər həyata keçirməkdən ibarət olduğu direktorlara “xüsusi qaydada” izah olunub.

Dünən redaksiyamıza daxil olmuş yeni məlumatda artıq “kadr islahatları” əhatəsinə rayonun müəllim heyətinin də düşdüyü bildirilir. Mənbə xəbər verir ki, hazırda Balakən məktəblərində yüzdən artıq müəllim işdən çıxarılıb. İddiaya görə, bu müəllimlərin RTŞ rəhbərliyi tərəfindən onlara qarşı irəli sürülən tələbləri qarşılaya bilmədiklərindən belə vəziyyətə düşüblər. Həmçinin məlumatda xəbər verilir ki, bu gün artıq işdən çıxarılmış müəllimlərin yerinə yeni kadrların qəbulu prosesinə başlanılıb. Mənbə belə bir məqamı da vurğulayır ki, öz iş yerlərini “qoruyub saxlamağa” maddi imkanları çatmayan müəllimlər baş verənlər barədə ölkə rəhbərliyinə müraciət etməyə hazırlaşırlar...

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Geri qayıt