Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Cahangir Hacıyev Elman Rüstəmovu xilas edir
Cahangir Hacıyev Elman Rüstəmovu xilas edir29-08-2016, 10:25 |
Azərbaycan Beynəlxalq Bankının (ABB) sabiq rəhbəri Cahangir Hacıyevin məhkəmədə maliyyə naziri Samir Şərifovu hədəf alan açıqlamaları Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmovu rahatladıb. Bunun isə iki səbəbi var. Qaynarinfo.az-a məlumatlı mənbələrdən daxil olan xəbərə görə, səbəblərdən biri sabiq bankirin məhkəmə çıxışlarında maliyyə naziri ilə bərabər, AMB rəhbərini də hədəf ala biləcəyi yönündə dolaşan iddiaların özünü doğrultmaması idi: “Əksəriyyət belə hesab edirdi ki, Cahangir Hacıyev məhkəmə Samir Şərifovla bərabər, Elman Rüstəmovun da ünvanına ciddi ittihamlar səsləndirəcək. Əslində belə düşünmək üçün kifayət qədər əsaslar da var idi. Söhbət yalnız Rüstəmovun ölkənin baş bankiri olmasından və bank sektoruna cavabdehliyindən getmir. Məsələ burasındadır ki, bir neçə ay əvvələdək Cahangir Hacıyev cəbhəsindən yalnız maliyyə nazirini deyil, Mərkəzi Bank rəhbərini də hədəfə alan açıqlamalar verilirdi. Bu da ABB-nin sabiq prezidentinin məhkəmədə Elman Rüstəmovu da kəskin ittiham edə biləcəyinə dair ehtimalların yaranmasına səbəb olmuşdu. Amma bu, nəyə görəsə baş vermədi, nəticədə baş bankir rahat nəfəs almağa başlayıb”. Mənbələrimizin bildirdiyinə görə, ikinci səbəb Hacıyevin qısa müddətdə baş verən iki kəskin devalvasiyaya görə birbaşa Samir Şərifovu günahlandırmasıdır: “Əslində devalvasiya təşəbbüsünün konkret olaraq kimdən gəldiyinə dair iqtisadi çevrələrdə uzun müddətdir gizli mübahisə və müzakirələr gedir. Bir qrup bunda Elman Rüstəmovu, digər qrup isə Samir Şərifovu ittiham edirdi. Beynəlxalq Bankın sabiq sədrinin kifayət qədər məlumatlı şəxs olduğunu nəzərə alsaq, onun məhz maliyyə naziri üzərində dayanması Rüstəmova qarşı devalvasiyaya görə ağır suçlamaları da arxa plana keçirib. Bu isə Mərkəzi Bankın İdarə Heyətinin sədrinin əlini maliyyə nazirinə qarşı xeyli gücləndrib. Belə ki, hökumətin bu iki önəmli fiquru arasında soyuqluq olduğuna dair də iddialar var. Onların ölkənin pul-maliyyə siyasəti ilə bağlı fikirlərinin kəskin haçalandığı, bu səbəbdən də aralarının bir o qədər də isti olmadığı deyilir”. Bir sözlə, Cahangir Hacıyevin məhkəmə çıxışlarında səsləndirdiyi kifayət qədər ilginc iddia və ittihamlar hələlik baş bankirin leyhinə işləyir. Bu açıqlamaların hökumət daxilindəki anti-Şərifovçuların əlinə maliyyə nazirinin mövqelərini sarsıtmaq üçün əlavə arqumentlər verdiyi isə birmənalıdır. Geri qayıt |