Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Səhiyyə bizim əlimizdədir, çox ora-bura şikayət etsən..."
"Səhiyyə bizim əlimizdədir, çox ora-bura şikayət etsən..."7-09-2016, 11:09 |
Paytaxtın Y.V.Çəmənzəminli küçəsi 18 ünvanında yerləşən «Baku City Hospital» 13 ilə yaxındır ki, fəaliyyət göstərir və bu müddət ərzində adıçəkilən tibb müəssisəsinin adı bir sıra xoşagəlməz məqamlarda, qalmaqallarda hallanıb. Belə ki, Bayram Qorçuyevin direktoru olduğu hospitalda pasiyentlərdən yüksək məbləğdə ödəniş tələb olunsa da, bunun əvəzində onlara normal tibbi xidmətin göstərilmədiyini vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la bölüşdüyü informasiyada bildirilir ki, adıçəkilən tibb ocağında xəstələr o qədər mənasız və lazımsız analizlər, müayinələrdən keçirirlər ki, bu proseslərə az qala bir əməliyyatın pulu gedir. Əldə etdiyimiz bilgilərdə o da qeyd olunur ki, «Baku City Hospital»da baş tutan cərrahi əməliyyatların bir qismi arzuolunan nəticəni vermir: «Deyilənlərə görə, Bayram Qorçuyevin direktoru olduğu «Baku City Hospital»da əməliyyat zamanı həkim səhlənkarlığı və tibbi təchizatın yetməzliyindən ölüm halları da baş verib. Hələ bu, harasıdır. Onu da nəzərinizə çatdırım ki, hazırda bu tibb müəssisəsində ikili mühasibatlıq sistemi tətbiq olunur. Belə ki, 2 min manat və ondan yuxarı məbləğli əməliyyatlar, müayinələr daha aşağı qiymətə qeydiyyatdan keçirilir. Sözsüz ki, bunun da nəticəsində külli miqdarda vəsaitin vergidən yayındırılmasına yol verilir. Ümumiyyətlə, «Baku City Hospital» telekanallarda və radio verilişlərində mütəmadi olaraq reklam olunsa da, əhaliyə göstərilən xidmətin səviyyəsi reklam mətnində qeyd olunanlarla üst-üstə düşmür. Deyilənlərə görə, reklamlara inanaraq Bayram Qorçuyevin direktoru olduğu tibb müəssisəsinə müayinə olunmaq üçün müraciət edibən pasiyentlərin səhhətində xaricdən gəlmiş «mütəxəssis»lərin apardığı müayinədən sonra irəliləyiş əvəzinə geriləmə hiss olunur. Bu kimi hallar onu deməyə əsas verir ki, «Baku City Hospital»da pasiyentlərə normal xidmət göstərilməməklə yanaşı, hətta onlara kələk də gəlinir». Yeri gəlmişkən, 2014-cü ilin avqust ayının 6-da günorta saatlarında Bakı şəhəri Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 19 saylı binanın qarşısında qanlı cinayət hadisəsinin törədildiyini vurğulayan mənbənin sözlərinə görə, o zaman Bayram Qorçuyevin oğlu Cavidan Qorçuyevin rəhbərlik etdiyi peşəkar idmançılardan ibarət «qoçu» dəstəsi 1977-ci il təvəllüdlü Azər və 1986-cı il təvəllüdlü Aslan Cəfərov qardaşlarını, eləcə də, onların qonşusu 1970-ci il təvəllüdlü Telman Nuriyevi bıçaqlayıblar. Nəzərinizə çatdıraq ki, həmin hadisə baş verdiyi günə kimi «Baku City Hospital»da həkim-rentgenoloq işləmiş Aslan Cəfərovun dediklərindən belə məlum olur ki, davaya, daha doğrusu, döyülmələrinə baş həkimlə onun arasında yaranmış narazılıq səbəb olub: «2009-cu ildə Tibb Universitetini bitirmişəm. Əslən Şahbuz rayonunun Badamlı kəndindənik. Respublika Əlillərin Bərpa Mərkəzində işləyirəm. Bununla yanaşı, həm də «Baku City Hospital»da həkim işləmişəm. Hadisə baş verən gün klinikanın direktoru Bayram Qorçuyev məni vəzifə səlahiyyətimə aid olmayan bir işi görməyə məcbur etdi. Razılaşmadım və xahiş etdim ki, vəzifəmə aid olmayan işi məndən istəməsin. O da əvəzində məni nalayiq söyüşlərlə söydü. Elə həmin gün klinikanı birdəfəlik tərk etdim, işdən çıxdım. Evə gedəndən bir qədər sonra Bayram Qorçuyevin oğlu Cavidan zəng vurub mənə hədə-qorxu gəldi, İnqilab küçəsinə gəlməyimi tələb etdi, getmədim. Ona dedim ki, sənin atan məni təhqir edib, mən onu yox. Harada olduğumu soruşdu. Yaşadığım binanın qarşısında olduğumu dedim. Qardaşım Azər, qonşumuz Telman və mən həyətdəki “besedka”da oturmuşduq. Qəflətən Cavidan və yanında beş-altı nəfər idmançı bizə yaxınlaşdılar. Çatan kimi üçümüzü də döyüb yerə yıxdılar, əllərindəki bıçaqla bizi vurmağa başladılar. Hər üçümüz ağır bıçaq xəsarətləri aldıq, əməliyyat olunduq. Qardaşım Azərin vəziyyəti lap ağır idi, neçə gün reanimasiyada qaldı. Həkimlərin səyi nəticəsində onu həyata qaytarmaq mümkün oldu. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlandı». Aslan Cəfərovun sözlərinə görə, hadisədən sonra Bayram Qorçuyev, həyat yoldaşı, qohumları, o cümlədən Cavidanın qayınatası, 5 saylı xəstəxananın həkimi Surxay Hadiyev dəfələrlə onlara xahiş-minnətə gəliblər: «Onlar bağışlanma üçün gələndə qardaşım Azər hələ reanimasiyada idi. Dedim ki, bizi vuranlar gəlsinlər, siz niyə gəlirsiniz. Hüquq-mühafizə orqanlarının süründürməçilik etdiyini görüb yuxarı qurumlara şikayət etməyə başladıq. Bundan sonra yenidən təhdidlərə tuş gəldik. Bayram Qorçuyev “səhiyyə bizim əlimizdədir, çox ora-bura şikayət etsən, Cavidanın kəllə-beyin travması alması ilə bağlı tibbi rəy alacağıq ki, siz də onu vurmusunuz” dedi. Yəni bu qanlı cinayəti «Baku City Hospital»ın direktoru ört-basdır etdirir. Cavidanın yanında olanlardan biri kikboks üzrə 5 qat dünya çempionu Ehram Məcidov idi, digəri Sənan adlı şəxs idi. O biri iki nəfəri isə tanımıram. Onların adını nədənsə gizli saxlayırlar. Bu günə qədər heç biri həbs olunmayıb». Bu arada, Azər və Aslan Cəfərov qardaşlarını, həmçinin onların qonşusu Telman Nuriyevi bıçaqlayan, onlara ağır bədən xəsarətləri yetirən şəxsin – «Baku City Hospital»ın direktoru Bayram Qorçuyevin oğlu Cavidan Qorçuyevin qayınatası Surxay İsmayıl oğlu Hadıyevin bu günlərdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının direktoru vəzifəsinə təyin olunduğunu qeyd edən mənbə bildirir ki, kürəkəninin əməllərinin ört-basdır edilməsində, onun məsuliyyətdən kənarda qalmasında Surxay Hadıyev qudasına yaxından köməklik göstərib: «Deyilənlərə görə, əslən Göyçay rayonundan olan Surxay Hadıyev kürəkəni Cavidan Qorçuyevin və dostlarının məsuliyyətdən kənarda qalmasında qudası, «Baku City Hospital»ın direktoru Bayram Qorçuyevə əlindən gələn yardımı göstərib. Əgər aidiyyəti qurumlar bu məsələni ciddi şəkildə araşdırsalar, o zaman bir çox qaranlıq məqamlara aydınlıq gətirilə bilər». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. P.S. Növbəti sayımızda qudaların – Bayram Qorçuyev və Surxay Hadıyevin nəzarətində olan «Baku City Hospital»ında yaşanan digər neqativ hallarla bağlı ətraflı məlumat verəcəyik. Geri qayıt |