Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Kia Motors Azərbaycan” daha bir müştərisini aldatdı

“Kia Motors Azərbaycan” daha bir müştərisini aldatdı


8-09-2016, 11:49
“Kia Motors Azərbaycan” daha bir müştərisini aldatdı
Məlumdur ki, bu gün Azərbaycan xarici avtomobil markalarının çoxluğu və müxtəlifliyi baxımından bir çox inkişaf etmiş ölkələrlə müqayisə oluna bilər. Həmçinin əhali arasında avtomobillərə olan tələbat artımını nəzərə alan avtomobil istehsalçıları Azərbaycanda öz fəaliyyətlərini daim genişləndirirlər. Belə ki, məhz son bir neçə ildə ölkəmizdə bir çox iri avtomobil şirkətlərinin rəsmi nümayəndəlikləri və servis mərkəzləri açılaraq müştərilərin xidmətinə verilmişdir. Təqdirəlayiq haldır ki, ölkəmizdə fəaliyyət göstərən bu şirkətlər arasında mövcud olan sağlam rəqabət onlar tərəfindən istehlakçılara göstərilən xidmət səviyyəsinin də daim yüksəlməsinə səbəb olur. Məlum olduğu kimi “Kia Motors Azərbaycan” 2005-ci ildən Cənubi Koreyanın ilk avtomobil istehsalçısı olan Kia Motors korporasiyasının Azərbaycanda rəsmi distribütoru olaraq fəaliyyətə başlamışdır. 2006-cı ildən tam Azərbaycan Respublikasının şəraitinə uyğun istehsal olunan ilk “Kia” avtomobillərinin “Kia Motors Azərbaycan” MMC tərəfindən satışına başlanmışdır. Qeyd etmək lazımdır ki, “Kia Motors Azərbaycan” şirkəti hazırda ölkənin ən böyük satış və servis şəbəkələrindən birinə malikdir. Eyni zamanda da ötən illərin statistikasına görə “Kia” markası ölkəmizdə ən çox satılan avtomobillərin arasındaaparıcı mövqeylərdən birinə sahib ola bilib. Şirkətin servis mərkəzləri isə bu gün artıq təkcə Bakıda deyil, bir çox bölgələrdə də fəaliyyət göstərirlər.

Lakin bütün bunlara baxmayaraq, son vaxtlar “Kia Motors Azərbaycan” MMC-nin fəaliyyətinə dair kifayət qədər ciddi iradlar eşitmək olar. Həm də maraqlıdır ki, bu iradlar əksər hallarda bilavasitə MMC-nin rəhbəri Əşrəf Səfərovun öz müştərilərinə qarşı yol verdiyi hərəkətlərlə bağlı olurlar. Eyni zamanda da, şirkətin nəzdində fəaliyyət göstərən bəzi “Kia Servis” mərkəzləri heç də həmişə öz müştərilərini razı sala bilmirlər. Bu xüsusda ölkə mətbuatında dərc olunan məlumatlarda da həmin servis mərkəzlərində vətəndaşların incidilməsi, onların hüquqlarının pozulması hallarına ara-sıra rast gəlindiyindən xəbər verilir. O cümlədən, bu günlərdə redaksiyamıza daxil olmuş daha bir şikayət ərizəsində paytaxtın Bakıxanov qəsəbəsi ərazisində fəaliyyət göstərən “Kia Servis” mərkəzində baş vermiş xoşagəlməz bir insident barədə açıqlamalar təqdim edilir.

Vətəndaş Yaqut Zeynalova bildirir ki, o, bir müddət bundan əvvəl, Babək prospektində yerləşən “008” avtosalonundan “Kia Sportage” avtomobilini əldə etmişdir (90 SG 433). Bundan bir qədər sonra, avtomobilin yağına nəzarət etmək üçün Yaqut xanım Bakıxanov qəsəbəsi ərazisində fəaliyyət göstərən “Kia Servis” mərkəzinə yollanır. Burada mərkəzin müdiri Anar bəy və əməkdaşı Kamar yeni müştərilərinə avtomobilə 8 illik zəmanət talonu almağı təklif edirlər. Bu şərtlə ki, avtomobilə bütün qulluq məhz bu mərkəzdə həyata keçiriləcək. Bundan sonra, təxminən bir il altı ay ərzində, Yaqut xanım bir neçə dəfə həmin “Kia Servis” mərkəzində avtomobilin yağını dəyişdirmişdir. Təbii ki, ödənişli əsasla. Lakin bu yaxınlarda avtomobilin idarəolunmasında müəyyən problem yaranır. Bu səbəbdən Yaqut Zeynalova yenidən “Kia Servis” mərkəzinə müraciət edir. Məlum olur ki, avtomobilin sükan dirəyi dəyişilməlidir. Zəmanət talonu olduğundan, ehtiyat hissənin dəyişdirilməsi pulsuz həyata keçirilir. Lakin üç gündən sonra, Yaqut Zeynalovanın telefonuna zəng gəlir. Onunla əlaqə saxlayan şəxs Əşrəf Səfərov olur və o, Yaqut xanımın təcili olaraq servis mərkəzinə gəlməsini xahiş edir. Bundan sonra mərkəzə gələn Yaqut Zeynalova burada Əşrəf Səfərovla görüşür. İlk növbədə MMC-nin rəhbəri müştəridən zəmanət talonunu təqdim etməsini xahiş edir. Talonu alandan sonra isə, Əşrəf bəy əsil niyyətini bildirir. MMC rəhbəri müştəriyə bildirir ki, onun zəmanət talonu saxtadır və buna görə də, ya dəyişdirilmiş sükan dirəyinin pulu ödənməlidir, ya da həmin hissə sökülərək geri qaytarılmalıdır. Əks halda isə, Əşrəf Səfərov dərhal polisə müraciət etdiyini bildirir. Maraqlıdır ki, MMC rəhbəri müştəridən aldığı zəmanət kartını da geri qaytarmır. Bu zaman zəmanət kartının bilavasitə “Kia Servis” mərkəzinin əməkdaşları tərəfindən verildiyi də nəzərə alınmır. Çarəsiz qalan Yaqut Zeynalova ehtiyat hissəni geri qaytarmalı olur.

Amma məsələ bununla da bitmir. Belə ki, bu günlərdə Yaqut Zeynalova ilə Sabunçu rayon prokurorluğundan əlaqə saxlayaraq bildirirlər ki, Əşrəf Səfərov prokurorluğa şikayət ərizəsi ilə müraciət edib. Ərizədə isə iddia olunur ki, guya Yaqut Zeynalova özü zəmanət talonunu saxtalaşdırıb.

Burda deyiblər, oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Amma qeyd etdiyimiz kimi, bu insident Əşrəf Səfərov tərəfindən müştərilərin hüquqlarının kobud şəkildə pozulduğu nə ilk, nə də yeganə hal deyil. Ümid edirik ki, aidiyyatı olan orqanlar bu məsələyə aydınlıq gətirəcəklər.

Qarşı tərəfin də öz mövqeyini bildirmək hüququ var.

Geri qayıt