Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > “Prezidentin ayırdığı pul bizim yolumuzun da təmirinə xərclənsin”

“Prezidentin ayırdığı pul bizim yolumuzun da təmirinə xərclənsin”


9-09-2016, 10:51
“Prezidentin ayırdığı pul bizim yolumuzun da təmirinə xərclənsin”
Tovuz rayonu Ağdam kənd sakinləri yollarının bərbad vəziyyətdə olmasından şikayətlidirlər. Ermənistanla həmsərhəd olan kəndin rayon mərkəzindən çox da uzaqda yerləşmədiyini Hurriyyet.org-a yazan sakinlər bildirirlər ki, ümumi uzunluğu 12 kilometr olan yolun 8 kilometrədək hissəsi tam təmirsiz vəziyyətdə, zığ, palçıq içərisindədir. Redaksiyaya göndərilən videomaterialdan da bu mənzərə aydın görünür.

Palçıqlı yolağadan qan aparan yaralını keçirmək dərdi

Sakinlər yazırlar ki, Ermənistanla həmsərhəddə, dəfələrlə düşmən tərəfdən təhlükəli həmlələrə rast gəlmələrinə baxmayaraq, nə qorxub, nə qaçıblar. Kəndin müdafiəsində döyüşənləri də olub, kəndə atılan mərmilərdən yaralananları da. Amma qan aparan yaralının xilası üçün onlara ilk növbədə təmirli, asfalt yol lazımdır. 1970-ci ildən salınan bu yol isə elə sovetlər dönəmindən təmir olunub, asfaltı sürtülüb, dağılıb, kələ-kötür, palçıqlı yolağaya çevrilib.

“Yuxarılara səhv məlumat verilir”

Sakinləron sözlərinə görə, bu problemlə bağlı tez-tez yuxarılara yazırlar, amma yuxarı instansiyalara yanlış məlumat çatdırılır ki, sərhəd bölgəsi olduğundan Ağdam kəndinə yetərincə dövlət qayğısı var. Əslində isə belə deyil.
Məktubdan sətirlər: “Necə olur ki, Tovuzun bütün kənd yolları asfalt olur, təkcə bizim kənddən başqa. Rayon mərkəzindən kəndə gələn yolun müəyyən hissəsi təmir olunub, yarımçıq saxlanıb. Nə səbəbə bilmirirk. Ermənilərlə aramızda 30-40 metr məsafə var. Hər anımız təhlükəlidir. Hər cəhətdən vəziyyətimiz bərbaddır. İndi də dolu vurub, bütün təsərrüfatımız batıb, kənddə dolanışıq çox çətinləşib.
Bütün problemlərimizi, güzəranımızı zor-güc həll edərik, təki bizim yolumuz düzəlsin”.

Prezidentin Tovuza ayırdığı pul kəndimizin yoluna da sərf edilsin
“Qarşıdan kəskin qış gəlir, bizi daha böyük çətinliklər gözləyir. Maşını olanların bu yolda qazandıqları ancaq maşınların hissələrinin təmirinə gedir. Bir dəfə maşın qırıldı, yaralını zor-güclə rayon mərkəzinə çatdırdıq. 10 dəqiqəlik yolu 30-40 dəqiqəyə getməli oluruq. Sovetlər dönəmində bu yolda nəqliyyatın gedişhaqqı 30 qəpik idi, indi adambaşına 1 manatdır. Arzumuz budur ki, prezidentin ayırdığı puldan bizim yollarımızın da bərpasına sərf edilsin”.

İcra hakimiyyəti rəsmisi: “Məsələni şişirdirlər...”

Tovuz rayon İcra Hakimiyyətiylə əlaqə saxladıq. Özünü icra hakimiyyətində İdarəetmə şöbəsinin əməkdaşı Cəlal Abbasov kimi təqdim edən şəxs bildirdi ki, kənd yolunun cəmi 20 faizi təmir olunmamış vəziyyətdədir və planlaşdırılıb ki, həmin hissə də təmir edilsin: “Əslində kənd sakinlərindən tək-tük adam şikayət edə bilər. Belə şikayətçilər də hər yerdə var. Yaxşısı budu kənd icra nümayəndəliyilə, bələdiyyəsiylə bir əlaqə saxlayasız. Yəqin ki, bu məsələni şişirdən tək-tük sakindir. O kəndin elə də ciddi problemi yoxdur. Kənd icra başçısının xüsusi diqqətindədir. Yolun qalan hissəsi də layihəyə salınıb, Allahın köməkliyilə problem aradan qaldırılacaq”.

Sakinlərsə İH rəsmisinin yalanını üzə çıxarır...
Ağdam rayon orta məktəbinin direktoru Şahnaz Əliyeva (?) ilə əlaqə saxladıq. Direktor dedi ki, kənd yolunda vəziyyət həqiqətən də heç abad deyil. Bu səbəbdəndir ki, bəzi müəllimlər məktəbə gəlməyə imtina edirlər və dərslərin tədrisi prosesində çox çətinliklər olur.
Kənd icra nümayəndəsi Həqiqət Məmmədova da bildirdi ki, kəndin sosial problemi əsas yolla bağlıdır: “Dərdin alım, əsas şikayət yoldandır. Yolun təxminən 7 kilometri çox bərbaddır. Bir də elektrik dirəklərinin bəziləri dayanıqsızdı, aşa bilər. Qalan məsələlər pis deyil. Amma bu yaxınlarda dolu vurub, təsərrüfatımıza da ziyanlar dəyib”.
İcra nümayəndəsi olaraq aidiyyəti dairələr qarşısında məsələ qaldırmaq səlahiyyətiniz yoxdurmu?
Həqiqət Məmmədova: “Qənirə xanım kəndimizə gələndə deyirəm. Elə dünən də burdaydı. Yenə dedim, ona...”

Qənirə Paşayeva: “Bu məsələyə görə baş nazirin qəbuluna gedəcəm”

Millət vəkili Qənirə Paşayeva ilə saxladıq. Millət vəkili dedi ki, hazırda Tovuzdadır. Tovuzda baş verən təbii fəlakətlə əlaqədar, dolu yağıntısı ilə bağlı bəzi kəndlərə ciddi ziyan dəyib, o cümlədən də ön cəbhə bölgəsində olan Ağdam kəndinə. Ona görə rayona öz seçicilərilə görüşə gedib. Ağdamın yol məsələsinə gəlincə, millət vəkili dedi ki, iki dəfə bu məsələni parlamentdə hökumətin nazirlərin iştirakıyla keçirdiyi hesabatında səsləndirib: “Çox ehtiyac var ki, Ağdam kəndinin yolları daha da yaxşı olsun. Çünki ön cəbhəyə yolun biri də bu kənddən keçir. Bu yolda zaman-zaman müəyyən işlər görülüb. Tovuzdan Ağdam kəndinə qədər təmir olunub, o hissədə vəziyyət normaldır, amma kəndin içərisindəki ana yolda yüksək səviyyədə əsaslı təmir-bərpanın aparılmasına ehtiyac var. O hissəyə müəyyən vaxtlarda xırlar tökülüb, müəyyən işlər görülüb. Bununla bağlı biz rəsmi qurumlarla da söhbətlər aparmışıq. Tovuzun ön cəbhə kəndlərinə gedən yollar tamamilə bərpa olundu. Məsələn, Əlibəyli yolu, Tovuz-Qaralar yolu ən yüksək səviyyədə düzəldildi, indi o kəndlərdə vəziyyət şəhər yollarındakı kimidir. İndi də hökumətin rəsmi nümayəndələri Ağdam yolunun da düzəlməsi üçün addımlar atacaqlarını deyirlər. Ağdam sakinləri də çox istəyirlər ki, onların da yolu bu cür olsun. Ağdam kənd sakinlərinin mərdliyi, mətanətliliyi düşmən tərəfə çox böyük bir zərbədir və təmirli yol məhz öncə cənhə kənd sakinlərinin şücaətinin haqqıdır. Mən də vətəndaşlarımızın bu istiqamətdə, həm təkliflərini, həm narahatlıqlarını hökumət nümayəndələrinə çatdırmışam. Özəlliklə qış aylarında o yolun yaxşı səviyyədə olmasına çox ehtiyac yaranır. Mən kəndin fəal sakinlərilə, rəsmilərilə də görüşdüm. Onlar xahiş etdilər ki, bu məsələni təkrar qaldırım. Mən də rayondan paytaxta döndükdən sonra Ağdam kənd sakinlərimizin bu xahişini ölkəmizin baş naziri Artur Rəsizadəyə həm yazılı şəkildə müraciət etməklə, həm də qəbulunda olmaqla çatdıraram və qısa zamanda bu məsələnin həllinə nail olmağa bacardığım qədər çalışacam”.
Söhbət yüzlərlə zərə görmüş evdən gedir

Qənirə Paşayeva eyni zamanda bildirdi ki, Tovuzda və bəzi kəndlərində, o cümlədən Ağdamda dolu yağması nəticəsində bəzi problemlər yaranıb. Bir çox evlərin dam örtüyü yararsız hala düşüb, elektrik xətləri kəsilib, təsərrüfatlara zərər dəyib: “Söhbət yüzlərlə evdən gedir. İcra hakimiyyətiylə Fövqəladə Hallar Nazirliyinin yerli nümayəndələri araşdırma aparıb, dəymiş ziyanı hesablayaraq Bakıya hesabat göndəriblər. Mən də Bakıya qayıtdıqdan sonra Fövqəladə Hallar Nazirliyində olacam, yerində aydınlaşdırdığım məsələləri bir daha onların diqqətinə çatdıracağam ki, problemin həllində yardımçı olum”.

“Prezidentin ayırdığı pul bizim yolumuzun da təmirinə xərclənsin”
“Prezidentin ayırdığı pul bizim yolumuzun da təmirinə xərclənsin”
“Prezidentin ayırdığı pul bizim yolumuzun da təmirinə xərclənsin”
“Prezidentin ayırdığı pul bizim yolumuzun da təmirinə xərclənsin”
“Prezidentin ayırdığı pul bizim yolumuzun da təmirinə xərclənsin”

Geri qayıt