Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Təhsil sisteminin əndrəbadi işləri...

Təhsil sisteminin əndrəbadi işləri...


16-09-2016, 10:55
Təhsil sisteminin əndrəbadi işləri...
Ötən saylarımızın birində qeyd etdiyimiz kimi, Bakı Kompüter Kolleci Bakı İdarəetmə və Texnologiya Kollecinə qoşulduqdan sonra bu təhsil müəssisəsinin başına gətirilən İradə Nəriman qızı Səfərova üzləşdiyi əngəlləri dəf etmək, eləcə də direktoru olduğu təhsil müəssisəsinin kollektivini özünün tətbiq etdiyi «qayda»lara əməl etməyə vadar etmək məqsədilə təhsil naziri Mikayıl Cabbarovun adından istifadə edir. Bu və digər bir sıra önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la paylaşan məlumatlı şəxsin sözlərinə görə, İradə Səfərova bu yolla müəllim və tələbələrə hədə-qorxu gəlməyə, onları basqı altında saxlamağa çalışır. Bir müddət əvvəl Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının Bakı Kompüter Kollecində əməliyyat-istintaq tədbirlərinin həyata keçirdiklərini və həmin vaxt İradə Səfərovanın direktoru olduğu təhsil müəssisəsinin proqramlaşdırma və servis xidmətinin şöbə müdiri Ələddin Səfərovun qanunsuz hərəkətlərə yol verdiyinə görə həbs olunduğunu xatırladan mənbə bildirir ki, adıçəkilən şəxs direktorla yaxın qohumluq əlaqələrinə malikdir: «Deyilənlərə görə, məhz rüşvət üstündə həbs olunmuş Ələddin Səfərov İradə Səfərovanın yaxın qohumu olub. Elə bu səbəbdən də kollec direktoru Ələddin Səfərovun azadlığa çıxmasından ötrü bütün gücünü səfərbər edib, əlaqələrini işə salıb və ən sonda məqsədini reallaşdırmağı bacarıb. Belə ki, həmin hadisədən bir müddət sonra rüşvət üstündə həbs olunan Ələddin Səfərov müəmmalı şəkildə əzadlığa buraxıldı». İradə Səfərovanın əlində olan imkanlardan yararlanaraq şəxsi maraqlarını təmin etməyə, gəlirlərini artırmağa çalışdığını iddia edən məlumatlı şəxs qeyd edir ki, bu gün o, Bakı İdarəetmə və Texnologiya Kollecində xoşagəlməz ab-havanın yaranmasına səbəb olub: «Deyilənlərə görə, İradə Səfərova Bakı Kompüter Kollecinin direktoru olduğu dönəmlərdə adıçəkilən təhsil müəssisəsində rüşvəti məhz bu əməlinə görə həbs olunan proqramlaşdırma və servis xidmətinin şöbə müdiri Ələddin Səfərovun əli ilə yığıb. İndi isə Bakı İdarəetmə və Texnologiya Kollecində bui şi tamam başqa şəxslər həyata keçirir. Bu arada, Bakı İdarəetmə və Texnologiya Kollecindən söz düşmüşkən nəzərinizə çatdırım ki, 1957-ci ildə Qazax rayonunda ziyalı ailəsində dünyaya göz açan, 1981-ci ildə Bakı Sənaye Texnikumunu, 1988-ci ildə isə Tümen Dövlət Universitetini bitirən Firudin Mədət oğlu Orucov uzun müddət həmin təhsil müəssisəsində direktor müavini vəzifəsində çalışıb. Məlumat üçün bildirim ki, Firudin Orucov bir çox qəzetlərdə müxbir, məsul katib, redaktor müavini və redaktor vəzifələrində çalışıb. 2007-ci ildə onun “Təkcə səni sevirəm”, 2009-cu ildə isə “Yuxuma gəl” kitabları nəşr olunub. Bu kitablarda dövrümüzün ictimai-siyasi həyatını əks etdirən şeirləri ilə yanaşı, sevgi və məhəbbətə həsr olunan şeiri, hekayə,oçerk və publisistik yazıları toplanıb. Yaradıcılıq fəaliyyətinə görə Firudin Orucov “Avropa Nəşr Mətbu Evi”nin qızıl medalına layiq görülüb. Bir sözlə, mülayim rəftarı və xoş ünsiyyəti ilə tanınan Firudin Orucovu hansı tələbədən soruşsaq, nurani bir simaya sahib, ağ saçlı, ətrafındakılara diqqət və mehribanlıqla yanaşan bir insan portreti yaradacaqlar. Qeyd etdiyim kimi, məhz bu şəxs uzun müddət Bakı İdarəetmə və Texnologiya Kollecinin direktor müavini vəzifçsində çalışıb. İradə Səfərovanın əlişinə qədər isə o, adıçəkilən təhsil müəssisəsinin direktoru vəzifəsini layiqincə icra edib və buna görə də həm kollektiv, həm də tələbələr ondan razılıq ediblər. Deyilənlərə görə, Firudin Orucov İradə Səfərovanın gəlişinə qədər Bakı İdarəetmə və Texnologiya Kollecinin direktorunun kabinetində otursa da, sonda onu yox, məhz Bakı Kompüter Kollecinin direktorunu bu vəzifəyə təsdiq ediblər. Yəni rüşvətlə həbs olunan şöbə müdiri Ələddin Səfərovun direktorunu yenidən vəzifəyə gətiriblər. Halbuki Bakı İdarəetmə və Texnologiya Kollecinin direktoru vəzifəsinə ən real namizəd məhz Firudin Orucov idi. Görünür, İradə Səfərovanın himayədarları bu məsələyə müdaxilə etdikdən sonra prosesi onun xeyrinə nəticələndiriblər». Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt