Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Qaynata ilə kürəkənin davasına "Xalqbank" qarışdı...
Qaynata ilə kürəkənin davasına "Xalqbank" qarışdı...20-09-2016, 11:51 |
Bu günlərdə Qafqaz Xəbər Agentliyinə Yevlax rayon Malbinəsi kənd sakini Vüqar Vahid oğlu Muxtarov bildirib ki, keçmiş qayınatası Yaşar Abdullayev tərəfindən əmlakı və pulları qəsb olunub. O qeyd edib ki, Şəki Apellyasiya Məhkəməsi isə onun sabiq həyat yoldaşı Elmira Abdullayeva (Muxtarova) ilə birgə nikah dövründə aldığı evə hüququ barədə Mingəçevir Rayon Məhkəməsinin qətnaməsini ləğv edib. “Birgə nikah dövründə qazandığımız əmlaklar (Mingəçevir şəhərində Puşkin küçəsi ,bina 10-da 2 otaqlı 5 nömrəli mənzil, 18792 manat bank əmanəti, əmək haqlarımızdan yığılan mənzilimizdə olan 9000 manat pul vəsaiti, 6444 manat dəyərində elektrik, məişət-mebel avadanlıqları və qızıl zinət əşyaları) keçmiş həyat yoldaşım Elmira Yaşar qızı Abdullayeva (Muxtarova) və atası Yaşar Səməd oğlu Abdullayev tərəfindən qanunsuz yollarla ələ keçirilib. Biz 6 il birlikdə yaşamışdıq. “XalqBank”ın Yevlax filalında kassir işləyirdim.Mingəçevirdə ev alandan sonra, iş yerimi bankın Mingəçevir filialına dəyişdik. Evi yoldaşımın adına keçirmişdim. Yoldaşımın tibbi problemi olduğuna görə, illərimiz müayinə və müalicələrdə keçdi. Hətta İrana da getmişdik. Mən buna rəğmən ailəmizin dağılmasını istəmir, kənardan uşaq götürməyi təklif edirdim. İranda həkimlər bizə məsləhət bildirmişdi ki, qanunla icazə olan ölkələrdə surroqat ana üsulundan faydalanmaq mümkündür. Mənsə Quran oxuyan adamam, buna qarşı çıxdım. Bundan sonra bir qədər mübahisələr yarandı, amma boşanma həddində olacaq bir şey baş verməmişdi. Yoldaşımın adına Beynəlxalq Bankın Mingəçevir filialında 18 min 792 manatlıq hesab var idi, iyunun 11-də məndən xəbərsiz o pulu bankdan çıxardılar. Bunu lap sonradan bildim. İyunun 22-də isə işdən evə gələndə gördüm ki, qıfılı dəyişiblər. Evin içində olan əşyaları, birgə nikah dövründə aldığımız qır-qızılı bölüşdürməyi təklif etdik. Rəhmətlik atam Vahid Muxtarov onun atası Yaşar Abdullayevlə görüşüb təklif etdi ki, əmlakı bölüşsünlər. Lakin Yaşar Abdullayev boyun qaçırdı. Bundan sonra, biz məhkəməyə müraciət etdik. Birgə nikah dövründə alınan əşyaları və pulu bölüşməyi tələb etdik. Lakin məhkəmə tələbimi qismən təmin etdi, o da evi bölüşdürməkdən ibarət idi. Mən buna da razı idim. Hakimin sözünə görə, pul birgə nikah dövründə bankdan çıxarılmışdı. Amma Yaşar Abdullayev məhkəmədə hakimə qışqırdı ki, mən gedəcəm başqa yerdə pul verəcəm, amma evi ona verməyəcəm”, – deyə V.Muxtarov Qafqaznews.az-a qeyd etdi. Onun sözlərinə görə, 2012-2013-cü illərdə evin qiyməti 36 min manatdan çox idi və qayınatası ondan mənimsədiyi 18 min manatı verərək məsələni bağlaya bilərdi: “Lakin o, mənimlə ədavətə üstünlük verdi, qızı da onun sözündən çıxmadı. Şəki Apellyasiya Məhkəməsinin hakimləri Elbrus Məmmədov, Namiq Məmmədov, Elman Rəhimovun və Ali Məhkəmənin “əməkdar hüquqşünası” Əsədov Bağır Həbib oğlunun məni birgə nikah dövründə qazandığımız əmlakların bərabər payda bölgüsündən məhrum edən Azərbaycan Qanunvericiliyinə uyğun olmayan qətnamə və qərarlarından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin www.president.az saytına şikayət etdim. 03 dekabr.2013-cü il tarixdə “Xalq Bank”ın Mərkəzi İcra Aparatının rəhbəri İbrahim Rzayev mənə dedi ki, “sən kimsən,Prezidentə şikayət edirsən?” və ərizə yazıb işdən çıxmağımı tələb etdi. Mən Yevlax filialının direktoru işləyən Sərxan Qurban oğlu Xubanlıya (onun əmisi Vadim Xubanov Mərkəzi Bankın sədr müavini vəzifəsində işləyir – red.) ərizə yazmayacağımı dedikdə, o, mənə məsləhət gördü ki, əmək kitabçam korlanmamış ərizəmi yazıb könüllü işdən çıxım.Mən də ərizə yazıb işdən çıxdım. İndi çox çətin vəziyyətdə, qardaşımın yanında yaşayıram”. V.Muxtarov ona MTN tərəfindən də təzyiqlər olunduğunu əlavə etdi: “10 dekabr 2013-cü il tarixdə məni Milli Təhlükəsizlik Nazirliyinin Yevlax rayon şöbəsinə çağırdılar. Atam da mənimlə birlikdə getdi. MTN Yevlax rayon şöbəsinin rəhbəri Vahid Məmmədov iş otağında atam və mənimlə birlikdə söhbət etdikdən sonra, mənim çölə çıxmağımı bildirdi. Atam otaqdan çıxdıqdan sonra dedi, oğul MTN rayon şöbəsinin rəhbəri mənimlə açıq danışdı və sonda dedi: “Vahid müəllim, sizi istəyib deyirəm, bir daha heç yerə şikayət etməyin, əgər şikayət etsəniz o biri uşaqların da işdən çıxarılacaq, pis günə qalacaqsınız”. Bu hadisədən təxminən 6 ay sonra atam ürək çatmazlığından dünyasını dəyişdi. Dünyasını dəyişməmişdən 1 gün əvvəl mənə bərk-bərk tapşırdı ki, heç bir yerə şikayət eləmə, şikayətə baxan yoxdur. Atan, anan yox, qardaşlarının da ailələri, balaları var, onları da işdən çıxararlar. Ümid edirəm ki, sizə müraciətimdən sonra mənə və ailəmə yeni problemlər yaradılmayacaq”. Qafqaznews.az saytının əməkdaşı Yaşar Abdullayevlə əlaqə saxladı. “Evi mən almışdım, qızımçün almışdım… Məhkəmədə də sübut eləmişik”, – deyə Y.Abdullayev bildirdi. “Necə sübut etmisiniz?” sualına Yaşar Abdullayev “Sübut eləmişik də”, – deyə cavab verdi. “Bəs 18 min 792 manat pulun bankdan xəbərsiz çıxarılması ilə bağlı nə deyə bilərsiniz? O pul sizin idi?”, – deyə soruşduq. “Bilmirəm, mənim puldan xəbərim yoxdur. Mənə zəng eləməyin”, – deyə Yaşar Abdullayev dəstəyi atdı. Biz “Xalqbank”ın baş ofisi ilə əlaqə saxladıq. Özünün kadrlar şöbəsinin müdiri olduğunu deyən, amma ad-soyadını bildirməyən xanım əməkdaş Qafqaznews.az-a dedi ki, Vüqar Muxtarov 2013-cü ilin dekabrın 4-də öz ərizəsiylə işdən çıxıb. “Onun şəxsi məsələsidir, hara şikayət edib, nədən şikayət edib. Bunun bizə aidiyyatı yoxdur. İşdən çıxıb, məzuniyyət günlərinə görə də kompensasiya alıb. Sübut eləsin ki, onu məcburən işdən çıxarmışıq”, – deyə bank nümayəndəsi Qafqaznews.az-a əlavə etdi. Adı keçən hər kəsin mövqeyini dərc etməyə hazırıq. Araşdırmamız davam edir. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |