Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > KFC: Kentukkinin Fırıldaq Cücələri...

KFC: Kentukkinin Fırıldaq Cücələri...


1-10-2016, 12:01
KFC: Kentukkinin Fırıldaq Cücələri...
Sentyabrın 15-də Qaynarinfo.az saytında KFC-nin Bakıdakı restoranlarının birində, daha doğrusu, 28 may metrostansiyasının yanındakı restoranında 3 uşağın zəhərlənməsi ilə bağlı bir neçə cümləlik xəbər dərc olundu. Daha sonra valideynlərin digər media qurumlarına da müraciət etməsi nəticəsində əksər media orqanlarında mövzu ilə bğlı xəbərlər tirajlandı və ictimailəşdi.

Bir gün sonra KFC-nin mərkəzi ofisindən teleqraf.com -a verilən açıqlamada zəhərlənmə faktı təsdiqləndi və daha sonra geniş açıqlama veriləcəyi vəd olundu. Amma...

Amma, amerikalılar demiş, sən saydığını say, gör Kentukkinin Fırıldaq Cücələri nə sayır...

"Zəhərlənən uşaqlardan birinin valideyni bizə müraciət edərək, uşaqların məhz KFC-də qidalanandan sonra zəhərləndiyini deyib. Sentyabrın 14-də 3 uşaq - Mirzəzadə Rəfael (4 yaş), Elgün Həsənzadə (10 yaş), Mövlanə Bayramlı (7 yaş) Nəsimi rayonu ərazisində yerləşən KFC-də qidalanıblar. Onlar ishal və qusma ilə sentyabrın 15-də 1 nömrəli infeksion xəstəliklər şöbəsinə yerləşdiriliblər. Rəfael Mirzəzadəyə qastroenterit diaqnozu qoyulub. Onun mədəsi yuyulub və xəstəxanada saxlanılıb. Digər uşaqların ailələri isə xəstəxanada saxlanmasını istəməyiblər. Lakin ayın 17-də digər iki uşağın da vəziyyəti pisləşib və onlar təkrar xəstəxanaya yerləşdirilib. Xəstələrin qusma və ishal nümunələrindən aparılan laborator müayinələr nəticəsində klipsella bakteriyaları aşkarlanıb. Hazırda uşaqlar xəstəxanadadır. ... Bir nəfər zəhərlənsəydi, bu zaman qida faktorunu inkar etmək olardı. Lakin 3 nəfər eyni vaxtda, eyni qidanı qəbul edirsə, onlarda bu bakteriya aşkarlanırsa, bu, həmin şəxslərin məhz qidadan zəhərləndiyini göstərir"" - bu sözləri aztoday.az-a açıqlamasında Respublika Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev bildirib.

KFC: Kentukkinin Fırıldaq Cücələri...

Əlavə edək ki, zəhərlənən uşaqlar bir həftə reanimasiyada qalsalar da, indi də ağır zəhərlənmədən dolayı vəziyyətləri qənaətbəxş deyil. Valideynlərin bizə verdiyi məlumata görə, hər gecə uşaqların qızdırması kəsin qalxır və təcili yardıma zəng etməli olurlar. Bir sözlə, durum acınacaqlıdır.

Bəs bu müddət ərzində KFC nümayəndələri durumu araşdırmaq və aydınlaşdırmaq üçün valideynlərlə əlaqə saxlayıblarmı, həyatla ölüm arasında çarpışan 3 fidan balanın taleyi ilə maraqlanıblarmı, xəstəxanaya baş çəkiblərmi? Validynlərin bizə bildirdiyinə görə yox, nəinki maraqlanmayıblar, əksinə...

"Bir dəfə özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim edən İlqar Abbasov adlı bir vəkil əlaqə saxlayıb, məni görüşə dəvət etdi. Görüşün məqsədini soruşduqda mənə hüquqi yardım etmək istədiyini bildirdi, amma mən vaxtım olmadığımı, xəstəxanada uşaqların yanında olduğumu bildirdim. Söhbət əsnasında isə məlum oldu ki, əslində onun məqsədi mənə yox, KFC-yə "hüquqi yardım" göstərmk imiş" - deyə valideynlərdən biri Qaynarinfo.az-a açıqlamasında bildirir.

... Və bu "hüquqi yardım" özünü çox gözlətməyib. KFC Yasamal rayon məhkəməsində bu xəbərləri dərc edən media qurumlarının bir çoxuna qarşı şərəf və ləyaqətin müdafiəsi üzrə iddia qaldırıb. Artıq 11 oktyabr saat 11:50-də hakim Zəfər Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçiriləcək. İşin əcaib yanı həm də budur! Ortada 3 uşağın can çəkişməsi var, zəhərlənmə faktını həm özləri, həm də rəsmi qurum təsdiqləyib, bunlar isə vətəndaşların dərdini, ağrısını ictimailəşdirən medianı məhkəmə ilə hədələyirlər.

İşin digər əcaib tərəfləri də var.

Respublika Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev bildirir ki, KFC restoranının yerləşdiyi ərazi Dəmir Yolu QSC-nin ərazisi olduğu üçün orada yoxlama aparmaq səlahiyyətləri yoxdur (?!).

Anoloji olaraq valideynlərin İqtisadiyyat və Səhiyyə Nazirliklərinə ünvanladıqları şikayətlər də "araşdırılmaq" üçün Dəmir Yolu QSC-yə yönləndirilib.

Görəsən Dəmir Yolu Qapalı Səhmdar Cəmiyyəti dövlətin ən yüksk qurumları üçün doğrudan da qapalı qurumdur, yoxsa ortada bilmədiyimiz nələrsə var? ( Elə bu məqamdan yola çıxaraq apardığımız araşdırmalar çox maraqlı nüanslar ortaya çıxardı ki, bu barədə sonrakı yazılarımızda ətraflı bəhs edəcəyik. KFC-nin Bakıdakı restoranlar şəbəkəsinin necə dəfələrlə əl dəyişməsi, indiki sahibləri və onları Dəmir Yolu QSC-yə bağlayan tellərə aydınlıq gətirəcəyik). Hələlik o faktla kifayətlənək ki, Dəmir Yolu QSC bu müddət ərzində nəinki yoxlama aparmır, hətta yoxlama aparacaq qurumları da restorana buraxmır, şikayətləri qulaqardına vurur. Bu isə ölkə başçısı İlham Əliyevin özəl sektorda ciddi səbəb olmadan lazımsız yoxlamalar aparılmasını qadağan etməsindən sui-istifadə etməkdir.

KFC: Kentukkinin Fırıldaq Cücələri...

Artıq başqa çarələri qalmayan valideynlər xəstəxana sənədlərini, ekspertiza rəylərini toplayıb məhkəməyə müraciət etməyə hazırlaşırlar. KFC-nin Moskvadakı mərkəzinə (Bakıdakı restoranlar şəbəkəsi məhz ora bağlıdır), həmçinin ABŞ-dakı Baş qərargahına da lazımi sənədlərin təqdim edilməsi üzərində iş gedir.

Fikrimizcə, ən doğru yol da budur. Həyatı uğrunda can çəkən 3 uşağı xəstəxana köşələrində buraxan KFC-nin Bakı təmsilçiliyi necəsə cavab verməlidir. Həm də təkcə məhkəmə müstəvisində yox. Bu həm də mənəvi borcdur! Söhbət bu ölkənin körpə fidanlarından gedirsə bu ölkədə pul qazanan hər bir əcnəbi brend daha həssas olmalı, himayədarları isə bu işi əmanət etdikləri insanlardan hesab sormalıdır. Cəmiyyətin də, medianın da hesab sormaq, bu brendə bundan sonra etibar edib-etməmək kimi bir seçim haqqı var.

Azərbaycanın birinci xanımı Mehribn Əliyevanın, rəhbəri olduğu Heydər Əliyev Fondunun uşaqlara xilaskar münasibəti və sevgisindən hər bir qurum, şirkət və ya iş adamı ibrət götürməli, dərs almalıdır. Heç bir şirkətin və ya toyuğun şərəf və ləyaqəti Azərbaycan övladının həyatından, sağlamlığından dəyərli deyil!!!
Qaynarinfo.Az

Geri qayıt