Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Daha bir təhsil ocağında biabırçı mənzərə
Daha bir təhsil ocağında biabırçı mənzərə12-10-2016, 13:14 |
Bir müddət bundan əvvəl qəzetimizin səhifələrində 6 saylı Bakı peşə məktəbinin fəaliyyətində müşahidə edilən bəzi neqativ hallardan bəhs edən materiallar dərc olunmuşdu. Bu xüsusda aldığımız məlumatlarda bildirilir ki, hazırda bu məktəbin fəaliyyəti ciddi nöqsanlarla müşayiət olunmaqdadır. Açıqlama verən mənbənin sözlərinə görə, məhz məktəbin direktoru Nurəddin Cahangirovun yol verdiyi bir çox qanun pozuntuları səbəbindən son vaxtlar bu tədris müəssisəsinin fəaliyyəti tənəzzülə uğramaqdadır. İrəli sürülən iradlar isə, ilk növbədə məktəbdə dərslərə davamiyyətin aşağı olması xüsusundadır. Mənbə iddia edir ki, bu gün 6 saylı Bakı peşə məktəbində bir çox şagirdin adları sinif jurnallarında qeyd olunsa da, əslində onlar dərslərdə iştirak etmirlər. Çünki burada təhsil alan şagirdlərin bir qismi müxtəlif səbəblər üzündən “aylığa” buraxılırlar. Bunun müqabilində isə, həmin şagirdlər hər ay məktəb direktoruna müəyyən məbləğdə ödəniş edirlər. Daha sonra məlumatlarda məktəbdə mütəmadi olaraq müxtəlif bəhanələrlə pul yığımlarının da həyata keçirildiyi vurğulanır. Bir daha xatırlatmaq istərdik ki, bir vaxtlar Abşeron rayonu Binə peşə məktəbinə rəhbərlik edən Nurəddin Cahangirov qəsəbə sakinlərinin yaddaşlarında məktəbyanı əraziləri qeyri-qanuni olaraq satması ilə qalmışdı. Bu gün isə, o, öz bədxah əməllərini artıq 6 saylı Bakı peşə məktəbinin direktoru vəzifəsində davam etdirir. Redaksiyamıza daxil olan məlumatlarda bu da bildirilir ki, bu məktəbdə təhsil alan şagirdlərin valideynlərindən mütəmadi olaraq ən müxtəlif bəhanələrlə pul vəsaitləri toplansa da, bu yığımlar belə direktorun tələblərini tam ödəyə bilmir. İddialara görə, Nurəddin Cahangirov hətta şagirdlərə dövlət tərəfindən ayrılmış təqaüdlərə belə göz dikməkdən çəkinmir. Belə ki, peşə məktəbinin şagirdləri onlara ayrılmış aylıq 30 manat məbləğində təqaüdü plastik kartlar vasitəsilə almalı olduqları halda, Nurəddin müəllim həmin kartları bütün şagirdlərdən yığaraq, onları özündə saxlayır. Həmçinin bir müddət əvvəl aldığımız məlumatlarda xüsusi olaraq belə bir məqam da qeyd olunmuşdu ki, Nurəddin Cahangirovun oğlu da onunla birlikdə 6 saylı Bakı peşə məktəbində işləyir. Görünür təhsil sahəsində korrupsiyanı artıq ailə biznesinə çevirmiş Cahangirovlar bu sahədə uzunmüddətli ənənələrin əsasını qoymaqda israrlıdırlar. Bunu da qeyd etməliyik ki, aldığımız məlumatlarda irəli sürülən ittihamlara münasibətini bildirmək üçün biz dəfələrlə Nurəddin müəllimlə əlaqə saxlamağa cəhd göstərmişik. Lakin məktəb direktoru hər dəfə bir bəhanə ilə dialoqdan boyun qaçırmaqla suallarımızı cavabsız qoyub. Bu isə təbii ki, şikayətlərdə təqdim olunan faktların dürüstlüyünü bir daha təsdiq etmiş olur. Elə buna görə də, 6 saylı Bakı peşə məktəbində yer almış neqativ hallar, burada təhsil alan şagirdlərin valideynləri tərəfindən bir çox digər instansiyalara ünvanlanan şikayət məktublarında da öz əksini tapmaqdadır. Bütün bu müraciətlərdə isə birmənalı olaraq bildirilir ki, Nurəddin Cahangirovun rəhbərlik etdiyi peşə məktəbində bu gün normal təhsildən əsər-əlamət belə yoxdur. Məhz bu səbəbdən də, məktəbin məzunları ixtisaslarına uyğun işlə təmin olunmaq məqsədilə müraciət etdikləri müəssisə və şirkətlərdə qeyri-peşəkar kadrlar kimi qarşılanırlar. Təəssüflər olsun ki, dərc etdiyimiz materiallarda təqdim olunan faktlara Nurəddin Cahangirov tərəfindən indiyədək hələ də heç bir münasibət bildirilməyib. Digər tərəfdən isə, 6 saylı Bakı peşə məktəbində baş verənlərin Təhsil Nazirliyinin xüsusi komissiyası tərəfindən araşdırılması daha məqsədəuyğun olardı. Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq. Geri qayıt |