Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Nazirin çətiri altında özbaşınalıq...
Nazirin çətiri altında özbaşınalıq...18-10-2016, 11:09 |
Baş həkim Telman İbadovun rəhbərlik etdiyi Respublika Klinik Xəstəxanasının fəaliyyətində müşahidə olunan problemlər bu gün ölkə ictimaiyyətini narahat edən ən aktual məsələlərdən biridir. Bu xüsusda aldığımız məlumatlarda vurğulanır ki, bu xəstəxanada baş verənlər ölkə səhiyyəsinin ən nöqsanlı tərəflərindən birini səciyyələndirir. Artıq uzun müddətdən bəri redaksiyamıza təqdim olunan çoxsaylı şikayət məktublarında bildirilir ki, Klinik xəstəxananın liftindən tutmuş reanimasiya otağına qədər hər yerdə rüşvət, qeyri-qanuni pullu xidmət baş alıb gedir. Hətta xəstəxananın giriş-çıxış qapısında da rüşvətsiz ötüşmək olmur. Açıqlamalardan birində bu barədə deyilir: “Respublika Klinik Xəstəxanasında formalaşmış durum hər kəsə məlum olsa da, bu vəziyyətə heç kəs, hətta Səhiyyə Nazirliyinin rəhbərliyi belə müdaxilə edə bilmir. Təbii ki, əgər bu gün Klinik Xəstəxananın giriş-çıxış qapısında duran gözətçinin gündəlik qazancı nazirin aldığı məvacibdən bir neçə dəfə yüksəkdirsə, lakin burada baş alıb gedən rüşvətxorluğa qarşı heç bir tədbir görülə bilmirsə, demək ki, bunun əlahiddə səbəbləri var...” Bir qədər sonra biz mənbənin nəzərdə tutduğu səbəbə qayıdacağıq. Hələlik isə, Klinik Xəstəxananı ağuşuna almış total rüşvətxorluq barədə digər açıqlamalara nəzər salaq. Aldığımız digər bir məlumatda deyilir: “Xəstəxananın ultrasəs müayinəsi kabinetində də konkret tariflər müəyyənləşdirilib. Belə ki, zobdan müayinə olunmaq üçün həkimə 15-20 manat ödəmək lazım gələcək. Qadınlarda daxili orqanların kompleks müayinəsi isə 100 manata başa gələcək. Bundan başqa burada qanın ümumi analizi 10, qanda qlükozanın müəyyən olunması 5, sidiyin ümumi analizi 8, böyrək analizləri 35, QİÇS analizi 10, adi həkim müayinəsi 25, professor müayinəsi 70, ginekoloji yoxlanma 50 manata başa gəlir. Döş qəfəsinin rentgeni üçün 15-25 manat ödəmək lazımdır. Daxili orqanların ümumi müayinəsi isə 160 manatdır.” Həmçinin burda fəaliyyət göstərən doğum şöbəsinin fəaliyyəti də ciddi narazılıqlara əsas verir. Bu barədə məlumatda deyilir: “Doğum şöbəsində qeysəriyyə əməliyyatı ilə ana olacaq xanımlar həkimə 800-1000 manat civarında pul ödəməli olurlar. Bundan başqa, əməliyyata girənləri hələ əlavə xərclər də gözləyir. Belə ki, əməliyyata girmədən öncə xəstənin yaxınlarına əməliyyat üçün lazım olan və olmayan dərmanların, preparatların böyük bir siyahısı verilir. Bunları almaq üçün də aptekdə orta hesabla 50-80 manat pul xərclənir. Belə prosedurları keçənlər isə iddia edirlər ki, verilən siyahıda yoddan tutmuş həkim üçün rezin əlcəklərə qədər hər şey nəzərdə tutulur. Halbuki xəstəxanalarda xəstələrə pulsuz verilən dərmanların siyahısı olur. Adi doğuş üçün isə, xəstələr 500 manat ödəməli olurlar. Lakin bu məbləğə hələ gələcək ananın xəstəxanada qalmaq pulu daxil deyil. Nisbətən daha rahat palatada qalmaq üçün xəstə əlavə 50 manat da ödəməlidir. Təqdim olunan açıqlamalara görə, xəstəxanada hər ananın gündəlik 15-20 manat əlavə xərci çıxır. Uşaq həkiminə, hər gün uşağa baxan növbətçi tibb bacılarına mütləq hörmət olunmalıdır...” İndi isə, qayıdaq mənbələrdən birinin yuxarıda yarımçıq qoyduğumuz fikrinə. Beləliklə, redaksiyamıza verdiyi açıqlamasında mənbə Baş həkim Telman İbadovun tam cəzasızlıq şəraitində Respublika Klinik Xəstəxanasında istədiyi özbaşınalıqları törədə bilməsinin səbəblərinə, daha doğrusu bir əsas səbəbinə aydınlıq gətirir: “...Bu səbəblərdən ən vacibi də budur ki, Telman İbadovun oğlu hal-hazırda ölkənin ən nüfuzlu nazirliklərindən birində yüksək vəzifədə çalışır. Baş həkim özü isə, davamlı olaraq həmin nazirliyə rəhbərlik edən hörmətli şəxsin adından sui-istifadı hallarına yol verir. Həmin nazirin həqiqətən də hörmətli və nüfuzlu dövlət məmuru olduğunu nəzərə alıb, onun adını belə bir xoşagəlməz məqamla bağlı hallandırmaq istəməzdim. Sadəcə olaraq belə bir əminliyimi ifadə etmək istəyirəm ki, hörmətli nazir vəziyyətdən xəbərdar olacağı təqdirdə, böyük ehtimalla Telman İbadovun oğlunu dərhal rəhbərlik etdiyi nazirlikdən uzaqlaşdırar”. Qarşı tərəfin də öz mövqeyini bildirmək hüququ var. Geri qayıt |