Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Gedər ayaqda olan rektorun idarəetmə metodu...

Gedər ayaqda olan rektorun idarəetmə metodu...


27-10-2016, 12:42
Gedər ayaqda olan rektorun idarəetmə metodu...
Son vaxtlar redaksiyamıza Gəncə Dövlət Universitetində müşahidə olunan neqativ hallara dair bir-birindən “maraqlı” açıqlamalar elə biri-birinin ardınca da daxil olmaqdadır. Nəyə görə “maraqlı” kəlməsi dırnaq arasına alınıb? Bu səbəbdən ki, bizim anlayışımızda maraq sözü hər zaman əsil mənası ilə yanaşı, həm də nəsə pozitiv daşıyan hiss anlayışını da nəzərdə utub. Amma təəssüflər olsun ki, GDU-dan aldığımız açlqlamalarda heç bir müsbət fikir yaradacaq məqam yoxdur. Ötən saylarımızda dərc olunmuş yazılarda həmin açıqlamalar da, onların doğurduğu münasibət və fikirlər də mövzu kimi tərəfimizdən işlənib və müəyyən qədər şərh də olunub. Lakin bizə müraciətlər həqiqətən də davamlı daxil olur. Həm də bu müraciətlərdə təqdim edilən fakt və ehtimallar bəzən (hətta tez-tez) təkrarlansa da, əslində bu hər dəfə düşünülmüş edilir. Çünki hər dəfə də həmin məsələ barədə müəyyən yeni təfərrüat təqdim olunur. Bu dəfə aldığımız yeni məlumatda isə, necə deyərlər “köhnə personajlar yeni ampluada” çıxış edirlər. Yenə də, GDU müşahidə olunan neqativ hallar müzakirə olunursa, deməli rektor Yusif Yusibovun adı hallanır, Coğrafiya kafedrasının dosenti, kimyaçı Teymur İsmayılovun adı hallanır...

Amma əslində, bu dəfə barəsində bəhs olunan problem universitet əməkdaşlarının bir qədər daha böyük hissəsini əhatə edir. Belə ki, söhbət yaxın qoumların, hətta eyni ailə üzvlərinin bir kollektivdəçalışmalarından gedir. Həm də bəzən bu ailə üzvləri eyni bir alt müəssisənin, məsələn bir kafedranın məhz rəhbər vəzifələrini tutmuş olurlar. Yeri gəlmişkən, ötən materiallarda buna artıq nümunə təqdim olunub. Biz göstərmişdik ki, GDU-nun hazırda Coğrafiya kafedrası belə bir durumdadır. Belə ki, bu kafedraya rəsmi rəhbərlik, həm də real nəzarət Teymur İsmayılovun özü və həyat yoldaşı, GDU-nun Coğrafiya kafedrasının müdiri, dosent Yeganə Əliyeva tərəfindən həyata keçirilir. Bir də biz qaeyd etmişdik ki, universitetin elmi katibi və sənəd qəbulu komissiyasının sədri vəzifələrini də tutmaqla, Teymur İsmayılov bu gün faktiki olaraq GDU-nun fəaliyyətini yönləndirən şəxslərdən birinə çevrilib. Göründüyü kimi, Teymur müəllim universitetdə eyni zamanda üç iş yeri tutur və eyni zamanda da iddialara görə, bu ali təhsil müəssisəsində baş verən bütün rüşvətxorluq və korrupsiya əməllərinin başında da məhz Teymur İsmayılov durur. Yəni, bu da dördüncü iş. Amma yeni aldığımız məlumatda “kimyaçılar klanı”nın artıq yeni üzvlərinin adları açıqlanır. Bildirilir ki, məsələn, Teymur İsmayılovun bir gəlini, Aygün Bağırova əvvəllər universitetin coğrafiya kafedrasıda kabinet müdiri, indi isə ekologiya və təbiəti mühafizə kafedrasında kabinet müdiri vəzifəsini tutur. Teymur müəllimin ikinci gəlini, Ləman xanım da baş GDU-da baş müəllim vəzifəsini tutur. Həmçinin ailənin daha bir neçə yaxın qahumları da universitetin İnzibati təsərrüfat işləri üzrə prorektoru Fəxrəddin Həsənovun rəhbərliyi altında müxtəlif texniki vəzifələr daşıyırlar.

Əlbəttə ki, rektor Yusif Yusibov barədə də müəyyən yeni açıqlamalar almasaydıq, çox təəccüblənərdik. Mənə bildirir ki, Yusif Yusibovun bir qohumu, Elsevər Nağıyev onun köməkçisi (və eyni zamanda da pulyığanı) vəzifəsini daşıyır. Bundan başqa isə, rektorun daha bir neçə qohum-əqrəbaları da onun ətrafında müxtəlif rəsmi və qeyri-rəsmi vəzifələrdə təmsil olunurlar.

Yaxın qohumlarını ətrafına toplamış daha bir rəsmi rəhbərlik nümayəndəsi də GDU-nun keçmiş prorektoru, hazırda rektorun müşaviri, Azərbaycan tarixi kafedrasının dosenti Asif Cavadovdur. Asif müəllimin həyat yoldaşı Zümrüd Cavadova isə, Psixologiya kafedrasının müdiridir. Bundan başqa, onun iki baldızı və bir neçə qohumları da GDU-da laborant və digər vəzifələrdə çalışırlar.

Daha bir ailə nümayəndəliyini Misir Fərhadov və qızı Qumru xanım təmsil edirlər. Həm Misir müəllim, həm də qızı tədris şöbəsində işçi, Qumru xanım isə, həm də Sosial kafedrada müəllim kimi çalışırlar. Yeri gəlmişkən, ötən materiallarda dərc etdiyimiz materiallarda Misir Fərhadovun da adı artıq xatırlanmışdı. Biz aldığımız məlumata əsaslanaraq qeyd etmişdik ki, GDU-nun bu əməkdaşı, yaşı artıq 70-ə çatmasına baxmayaraq, hələ də nədənsə təqaüdə çıxarılmır.

Ümumiyyətlə isə, redaksiyamıza daxil olan məlumatlarda hazırda Gəncə Dövlət Universitetində hələ indiyədək müşahidə olunmamış bir gərginliyin yaşandığı iddia olunur. Bu xüsusda açıqlama verən mənbə iddia edir ki, universitetin rektoru Yusif Yusibovun yarıtmaz idarəçilik üsulları GDU-nu bu gün rüşvətxorluq girdabında capalayan bir quruma çevirmişdir. Mənbənin deməyinə görə, hal-hazırda Gəncə Dövlət Universitetinin resursları bu müəssisənin rəhbərliyində duran bir neçə konkret şəxslər tərəfindən amansızcasına talanmaqdadır. Açıqlamalarda vurğulanır ki, bu talançılığın başında şəxsən Yusif Yusibovun özü dursa da, onun universitetdə yaratdığı mühit sayəsində bir çox digər rəhbər vəzifəli şəxslər də öz maraq və ambisiyalarını təmin etmək üçün hər vasitəyə əl atırlar. Hətta bu maraqların kəsişdiyi nöqtələrdə, həmin şəxslər müxtəlif qruplaşmalar yaratmaqla “liderliyi” ələ almaq üçün təhdid və təzyiqlərdən də istifadə etməkdən çəkinmirlər. Son aldığımız (yuxarıda qeyd olunan) məlumatların fonunda isə, Gəncə Dövlət Universitetində bu qruplaşmaların həm də daha çox ailə münasibətləri üzərində qurulduğunu da deyə bilərik...

Materialda adı keçən bütün tərəflərin öz mövqeyini bildirmək hüququ var.

Geri qayıt