Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Akkord” STİK ASC-nin “parçaları” da özbaşınalıqları davam etdirir
“Akkord” STİK ASC-nin “parçaları” da özbaşınalıqları davam etdirir16-11-2016, 12:40 |
Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz materiallarda da biz göstərmişdik ki, son bir neçə ildə ölkə mətbuatında bəzi qurum və təşkilatlar tərəfindən şübhəli maliyyə əməliyyatlarının aparıldığına dair təqdim olunan araşdırma nəticələrində “Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyası” ASC-nin də adı tez-tez hallandırılır. Bir çox mənbələr isə, təkcə 2014-2015-ci illər ərzində “Akkord” şirkətində mənimsənilmiş məbləğin 20 milyon manat civarında olduğunu iddia edirdilər. İstənilən halda, Beynəlxalq Bankla yaşanan məlum problemlərdən sonra, artıq ASC-nin keçmiş rəhbəri İlqar Hacıyevin də “səhnədən getmə” vaxtı çatmış oldu. Və beləliklə, bir müddət sonra “Akkord” üzərində nəzarət “VIP Estate” MMC-yə keçdi. Təbii ki, şirkətin yeni sahibləri bu tikinti nəhənginin artıq öz simasını itirdiyini görməyə bilməzdilər. Bəlkə elə məhz bu səbəbdən də tezliklə “Akkordun” müstəqil şirkətlərə parçalanması prosesinə start verildi. Hələ 2014-cü ilin may ayında “Akkord” korporasiyası artıq bir neçə müəssisənin strukturundan çıxdığını elan etmişdi. Vergilər Nazirliyinin yaydığı məlumata görə, “Akkord” korporasiyasından asfalt zavodu və metal konstruksiya istehsalı müəssisəsi ayrılaraq, “Akkord Asfalt” MMC və “Akkord Steel Construction Company” MMC yaradılmışdı. Lakin görünən budur ki, bütün bu tədbirlər də ASC-nin struktur bölmələrində (və ya keçmiş strukrur bölmələrində) özbaşınalıqların qarşısının alınmasına nədən olmadı. Elə dünən redaksiyamıza daxil olmuş növbəti məlumatda da ASC-nin Balaxanıda yerləşən asfalt zavodunun rəhbərliyi tərəfindən yol verilən özbaşınalıqlar nəticəsində sadə vətəndaşların, zəhmətkeş insanların hüquqlarının kobud şəkildə pozulduğu vurğulanır. Beləliklə, redaksiyamıza müraciət etmiş Xaçmaz rayon sakini Şahbalayev Cəsarət və Syəzən rayon sakini Kərimov Fuad “Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyası” ASC-nin paytaxtın Balaxanı qəsəbəsində yerləşən Asfalt zavodunun rəhbərliyi ilə aralarında yaranmış problemin həlli üçün artıq birbaşa ölkə rəhbərliyinə müraciət etmək qərarına gəldiklərini bildirirlər. Hələlik isə, vətəndaşların mətbuat vasitəsilə ölkənin Baş Prokuroru cənab Zakir Qaralovun diqqətinə çatdırmaq istədikləri ərizədə yaranmış vəziyyət belə təsvir olunur: “2015-ci ilin may ayından oktyabr ayına qədər olan dövr ərzində Qubadan Balaxanıya, “Akkord” ASC-nin burada yerləşən asfalt zavoduna iki yük maşını ilə çınqıl və daş tozu daşımışıq. Daşınmalar “HOWO” və “Shacman” avtomobilləri ilə həyata keçirilib. Daşınmalara aid bütün qaimə və sənədlər mövcuddur. Həmin vaxt asfalt zavoda rəhbərlik edən Əlvan müəllim idi. Beş ay ərzində mütəmadi olaraq bu ağır işdə çalışsaq da, Əlvan müəllim bizə verməli olduğu puldan hər dəfə bir bəhanə ilə kəsirdi. Ən sonda zavodun ikimizə olan borcu 15 480 (on beş min dörd yüz səksən) manaya çatdı. Əlvan müəllim də hər dəfə bizi bir bəhanə ilə yola salırdı. Təxminən beş ay bundan əvvəl isə, onun özünü işdən çıxartdılar. İndi zavodun direktoru Şəmsəddin Məmmədovdur. Düşündük ki, bəlkə indi pullarımızı ala biləcəyik. Amma Şəmsəddin müəllim bizə nəinki pul, heç boş vədlər də vermədi. Birdəfəlik bəyan etdi ki, ASC-də bu məqsədlərə vəsait ayrılmayıb. Başa düşə bilmirik, necə olur ki, zavod bizim gətirdiyimiz xammaldan məhsul istehsal edib satır, amma həmin xammalın pulunun ödənilməsinə vəsait ayrılmır? Arada isə, bizim ailələrimiz maddi korluq çəkirlər. Səbəb isə budur ki, min-bir zəhmətlə qazandığımız halal pulumuzu hansısa məmurlar mənimsəmək qərarına gəliblər. Buna görə də, qəzetiniz vasitəsilə ölkənin Baş Prokuroru cənab Zakir Qaralovdan artıq dərəcədə xahiş edirik ki, bu məsələnin araşdırılması və bizim pulumuzun özümüzə ödənilməsi üçün müvafiq qurumlara göstəriş versin. Əvvəlcədən hörmətli Zakir müəllimə öz adımızdan və ailələrimiz adından təşəkkürümüzü bildiririk”. Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik. Geri qayıt |