Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Baba Rzayev möcüzəsi

Baba Rzayev möcüzəsi


17-11-2016, 10:12
Baba Rzayev möcüzəsi
“Azərişıq” ASC Şəmkir rayonunda işləməyən daş karxanasına cərimə yazıb.

Bu barədə “Yeni Müsavat”a Şəmkir rayonunun Şiştəpə kəndində fəaliyyət göstərən “Azərbaycan” dövlət kiçik müəssisəsinin direktoru Hüseynov Elşən Əli oğlu bildirib. Onun sözlərinə görə, müəssisə 30 ilə yaxındır daş istehsalı üzrə fəaliyyət göstərir. Lakin bir il əvvəl fəaliyyətini dayandırmalı olub: “Müəssisədəki texniki və maddi problemlərlə əlaqədar 2015-ci ilin oktyabrında fəaliyyətimizi dayandırmışıq. Bu barədə əlaqədar təşkilatlara, o cümlədən, vergi orqanlarına rəsmi məlumat verilib (14 saylı Ərazi Vergilər İdarəsinə 03.10.2015-ci il tarixdə ünvanlanmış ərizə redaksiyaya təqdim edilib).”

Müəssisə direktoru deyir ki, iş dayanandan sonra da elektrik enerjisi haqqı sərfiyyata uyğun ödənilib: “İşləmədiyimiz müddətdə transformator itkisi də daxil olmaqla, mühafizəçinin otağındakı istilik qızdırıcısı, sahədəki işıq lampalarının sərfiyyatını vaxtlı vaxtında ödəmişik. Karxananın yerləşdiyi əraziyə baxan nəzarətçi-müfəttiş hər ay müəssisəyə gəlib, sayğac göstəricilərini götürüb və öz avadanlığı ilə bizə aid bildirişi təqdim edib ( İşıq pulunun vaxtlı-vaxtında ödənilməsi barədə qəbzlər də redaksiyaya təqdim olunub ) ”.

Elşən Hüseynovun sözlərinə görə, bu ilin sentyabrına qədər hər şey qaydasında olub, sərf olunan enerjinin haqqı ödənilib. Lakin bu il sentyabrın 29-da “Azərişıq” ASC-nin Satışa nəzarət idarəsinin müfəttişləri karxanaya gəliblər. Mühafizəçi onlara bildirib ki, karxana bir ildir işləmir: “Buna baxmayaraq, nəzarətçilər transformatorun qapağının plombunun sökülməsini tələb ediblər. Mənə zəng gəldi və dəfələrlə təkrarladım ki, müəssisə işləmir, işləməyən yerdə hansı əsasla yoxlama aparırsınız. Nəzarətçi məni əmin etdi ki, narahatlığa əsas yoxdur, sayğac yoxlanılıb, işləmədiyi aşkarlanıb və yenisi ilə əvəzlənəcək”. Lakin sonra məlum olub ki, narahatlığa əsas varmış. Çünki nəzarətçi akt yazıb və mühafizəçinin yanında olan tanışına - karxanaya heç bir aidiyyatı olmayan şəxsə sənədə imza atdırıb: “Sonra bildik ki, nasazlıq sayğacda yox, transformatorda olub. Müəssisəyə cərimə yazıldığını ( 2600 manat !! ) yoxlamadan bir ay sonra - oktyabrın 25-də bilmişəm. Bu barədə ərazi üzrə nəzarətçinin də xəbəri olmayıb”.

Karxana sahibi cərimənin qanunsuz yazıldığını bildirir: “Sayğacda və gərginlik transformatorunda qüsurun baş verdiyini mən necə təyin edib, müfəttişlərə xəbər verə bilərəm? Məndə bunu yoxlamaq üçün cihaz yoxdur axı. Əgər sayğaca müdaxilə etmişəmsə, qapağın hər iki tərəfindəki plomblar qırılmalı idi . Onlara isə əl dəyilməyib. Digər tərəfdənsə fəaliyyətini dayandırmış müəssisədə sərfiyyat hansı əsaslarla iş vaxtı və iş gününə uyğun hesablana bilər?”

Elşən Hüseynov deyir ki, prezident İlham Əliyev sahibkarlığa dəstək, onun inkişafına yardım məqsədilə, qanunsuz yoxlamaların dayandırılması ilə bağlı ayrı-ayrı vaxtlarda bir neçə sərəncam verib. Ötən il oktyabr ayının 26-da isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiqləyib: “Həmin qanuna əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar iki il müddətinə dayandırılıb. Sənəddə yazılıb ki, bu qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Buna baxmayaraq, “Azərişıq” nümayəndələri işləməyən müəssisədə qanunsuz yoxlama aparıblar, maddi çətinliklər üzündən fəaliyyəti dayanmış sahibkarlıq subyektinə daha bir zərbə vurmuş olublar. Bu, Azərbaycan hakimiyyətinin sahibkarlığa dəstək siyasətinə zidd hərəkətdir. Müəssisənin fəaliyyətinin dayanmasına da elə qanunsuz yoxlamalar, dövlət qurumları əməkdaşlarının süni əngəlləri səbəb olmuşdu. Biz fəaliyyətimizi bərpa etməyə, müəssisəni dirçəltməyə çalışsaq da, son qanunsuz müdaxilə bütün planlarımızı alt-üst edir, fəaliyyətimizin birdəfəlik dayanmasına səbəb olur. Bütün bunlara nə vaxt son qoyulacaq?”.

Sahibkar inanır ki, “Azərişıq” ASC-nin sədri Baba Rzayev baş vermiş qanunsuzluğa obyektiv münasibət bildirəcək, müfəttişlərin fəaliyyətini bərpa etməyə gücü çatmayan müəssisəyə qarşı addımlarını pisləyəcək və yaranmış anlaşılmazlıq aradan qaldırılacaq.

“Azərişıq” ASC-nin mövqeyini dinləməyə hazırıq.

Baba Rzayev möcüzəsi
Baba Rzayev möcüzəsi
Baba Rzayev möcüzəsi
Baba Rzayev möcüzəsi
Baba Rzayev möcüzəsi
Baba Rzayev möcüzəsi

Geri qayıt