Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Ərazilərinin Bərpası Agentliyinin fəaliyyətindən şikayətlər

Ərazilərinin Bərpası Agentliyinin fəaliyyətindən şikayətlər


30-11-2016, 11:03
Ərazilərinin Bərpası Agentliyinin fəaliyyətindən şikayətlər
Redaksiyamıza yeni daxil olmuş məlumatlarda Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin direktоru Əli Məmmədovun fəaliyyətinə dair müəyyən iradlar irəli sürülür. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 iyul tarixli 471 nömrəli fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin missiyası, Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş Azərbaycan Respublikası ərazilərinin bərpası və yenidən qurulması məqsədilə aparılan bərpa işlərinin koordinasiyasını və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün onların həyat və məişətində minimum tələbatlara cavab verən şəraitin yaradılmasını təmin etməkdən ibarətdir. Bərpa və yenidənqurma proqramını həyata keçirmək məqsədi ilə vəsait toplanması üçün beynəlxalq təşkilatlar, xarici dövlət və qeyri-dövlət qurumları ilə ardıcıl iş aparılır. Respublika büdcəsi və beynəlxalq təşkilatlar tərəfindən ayrılan vəsait hesabına maliyyələşdirilən hüquqi şəxs statusuna malik olan işçi orqan yaradılır. Məhz bu orqan tərəfindən bərpası və yenidən qurulması nəzərdə tutulan ərazilərdə istehsal və sosial təyinatlı obyektlərin layihələndirilməsində və inşa edilməsində icraçıları müəyyənləşdirmək üçün tenderlər təşkil edilir. Bərpa və yenidənqurma proqramlarının yerinə yetirilməsi üçün müvafiq dəqiqləşdirilmiş tədbirlərin həyata keçirilməsi mexanizminin və müharibə nəticəsində zərər çəkmiş yaşayış məntəqələrinə dəymiş ziyanın müəyyənləşdirilməsi, onların bərpa edilməsi və yenidən qurulması haqqında təkif verilir. Deyilənlərdən də məlum olur ki, Agentliyin rəhbərliyi kifayət qədər geniş fəaliyyət dairəsinə malik olmaqla, iri məbləğlərdə maliyyə vəsaitlərinin dövriyyəsinə nəzarət edir. Aldığımız məlumatlarda isə iddia olunur ki, Agentliyin direktоru Əli Məmmədov əlində cəmlənmiş bu imkanlarıdan daha çox öz şəxsi maraqları baxımından maraqlanır. Açıqlamada deyilir: “Təəssüflər olsun ki, Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin fəaliyyətini bu gün heç də qənaətbəxş adlandırmaq olmur. Belə ki, qurumun səmərəli fəaliyyəti üçün ayrılan dövlət vəsaitləri əksər hallarda heç də məqsədyönlü şəkildə xərclənmir. Keçirilən tenderlərin şəffaflığı təmin olunmur. Bu zəmində də bir çox maxinasiyalara yol verilir. Xüsusilə bərpası və yenidən qurulması nəzərdə tutulan ərazilərdə istehsal və sosial təyinatlı obyektlərin layihələndirilməsi, tikinti təşkilatının seçilməsinin yerli tender üsulu ilə müəyyən edilməsi, tikilən obyektlərə texniki nəzarətin həyata keçirilməsi, hazır obyektlərin qəbul edilməsi işlərində bir çox saxtalaşdırmalara yol verilir. Həmçinin əmtəə almağa, inşaat və sair işlərin həyata keçirilməsinə dair müqavilələrin bağlanması işləri də çoxsaylı qanun pozuntuları ilə müşayiət olunmaqdadır. Bütün bu maxinasiyaların yeganə məqsədi isə, əlbəttə ki, maliyyə vəsaitlərinin silinməsi və bu yolla mənimsənilməsidir...”

Qeyd edək ki, aldığımız məlumatda Agentliyin direktоru Əli Məmmədov tərəfindən yol verildiyi iddia olunan bir çox qanun pozuntularına dair konkret dəlillər təqdim olunub. Lakin həmin faktları müəyyən araşdırma aparmadan təqdim etməyi məqsədəuyğun hesab etmədiyimizdən, onlar barədə artıq növbəti saylarımızda bəhs edəcəyik. Hələlik isə, bu deyilənlər barədə Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin rəhbərliyinin mövqeyini öyrənmək istərdik.

Geri qayıt