Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Bakıda unikal fırıldaq...

Bakıda unikal fırıldaq...


5-12-2016, 11:58
Bakıda unikal fırıldaq...
Saxta pulları dövriyyəyə buraxmaq cinayət əməlidir və bu əməli törədənlər qanunla məsuliyyətə cəlb olunmalıdır. Lakin hələ bu əməlin törədilib-törədilmədiyi sübuta yetirilmədən, kimisə şantaj etmək, ondan pul tələb etmək də cinayətdir. Belə ki, bu günlərdə Ağdam rayonundan məcburi köçkün olan Süsən Mirzə qızı Quliyeva Qafqaz Xəbər Agentliyinə müraciət edərək, Səlimxan Məmmədov adlı Bakı sakini tərəfindən şantaj olunduğunu bildirib.
“Mən Yasamal rayonu,Ümid Əkbərov küçəsi ,131 nömrəli evdə 2008-ci ildən son aylara qədər kirayə yaşayırdım. Orda mənim və başqa bir neçə kirayənişinin yaşadığı evlərin kirayə pulunu Vüsalə adlı qadın yığıb, evlərin sahibi Səlimxan Məmmədov adlı şəxsə verirdi. Hər ayın 10-da iyirmiyə yaxın evin kirayə pulunu yığan Vüsalə o pulları aparıb Səlimxan Məmmədova təhvil verirdi. İyun ayının 20-də Vüsalə mənə zəng edib dedi ki, mən verdiyim 50 manatlıq əskinas saxta çıxdığına görə, hansısa aptekdə Səlimxan Məmmədovdan şikayət ediblər, indi polisdə ondan pul istəyirlər.
Ayın 21-də Səlimxan Məmmədov zəng edib mənə dedi ki, ona həmin gün 400 manat pul verməliyəm, yoxsa, polisə mənim adımı verəcək. Məni qorxutdu ki, əgər tutulsam, mənə azı 5-6 il həbs cəzası kəsəcəklər, özümü həbsdən qurtarmaq üçün isə on min manata yaxın da pulum çıxacaq. Mən qorxaraq, o pulu tapıb ona verdim. Bir neçə gün sonra yenə istədi və mən gah sələmə pul almaqla, gah da Bərdədə yaşayan valideynlərimdən pul istəməklə, Səlimxan Məmmədovun şantajına qurban oldum. Dörd ay içində Səlimxan Məmmədov məndən ümumilikdə 5600 AZN və bundan başqa da, 1000 ABŞ dolları aldı. Bu pulların bir qismi Bərdədən bank köçürməsi yoluyla, valideynlərim tərəfindən Səlimxan Məmmədova göndərilib, çeklər də var.
Bundan başqa, Səlimxanın Yaşar Rzayev adlı bir adamı da var ki, tez-tez gəlib məndən pul alır, Səlimxana aparırdı. Səlimxan mənə zəng edib, “filan günə filan qədər pul lazımdır” deyərək, o pulu Yaşara çatdırmağımı tələb edirdi. Mən o evdən çıxıb başqa yerə köçmüşəm.
Səlimxan Məmmədova görə, dörd ay içində borclandığım adamlara 2500 manat sələm faizi ödəməyə məcbur olmuşam. Kirayədə qalıram, mağazada satıcı işləyirəm və bu dörd ay içində Səlimxan Məmmədovun şantajlarına görə külli miqdarda borca girmişəm. Bu yaxınlarda Səlimxan Məmmədovun şantajlarından bezərək, ona daha pul verməyəcəyimi bildirdiyimdə, onun Yaşar Rzayev adlı adamı məni guya “onu vurmaqda” şərləyərək, Yasamal RPİ-nin 29-cu polis bölməsinə şikayət etdi.
Hazırda iş Yasamal RPİ-nin müstəntiqi Samir adlı şəxsdədir. Başıma gətirilən bu oyunlardan polisdə nə qədər danışsam da, izahat yazsam da… Yenə də, mənim şikayətlərimi eşidən yoxdur”, – deyə S.Quliyeva qeyd etdi. Biz Səlimxan Məmmədova dəfələrlə zəng etsək də, adıkeçən şəxs telefonumuza cavab vermədi.

Geri qayıt