Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Hər ay Vidadi Zeynalovdan pul alıb, MTN generalı Sübahir Qurbanova çatdırırdım"
"Hər ay Vidadi Zeynalovdan pul alıb, MTN generalı Sübahir Qurbanova çatdırırdım"14-12-2016, 12:16 |
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Vidadi Zeynalov indiki mərhələdə ifadə verməkdən imtina edib. O deyib ki, cinayət işinin sənədləri ilə tanış olmayıb və bunun üçün ona vaxt lazımdır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Vüqar Babayev bildirib ki, təqsirləndirilən şəxslərə qarşı qaldırılan mülki iddia 153 milyon 346 min manatdır. Şahid Ramil Əliyev bildirib ki, hazırda həbsdə olan sabiq MTN generalı Sübahir Qurbanovun sürücüsü olub və təqsirləndirilən şəxslərdən yalnız Vidadi Zeynalovu tanıyır. Onun sözlərinə görə, hər ay Vidadi Zeynalovun yanına gələrək, ondan bağlama paket alıb və Sübahir Qurbanova çatdırıb. Təqsirləndirilən Vidadi Zeynalov da R. Əliyevə pul verdiyini təsdiqləyib. Şahid Rəqifə Abbasova deyib ki, nazirliyin Maliyyə Sabitliyi Şurasında şöbə müdiri vəzifəsində çalışıb. O bildirib ki, əvvəllər hər ayda 900 manat alıb, sonradan bu rəqəm 1100 manata çatıb: "Müəyyən müddət isə əlavə ödəniş alırdım. Bu məbləğ çox vaxt dollarla olurdu". Digər şahid Mətanət Məmmədova ibtidai istintaqa verdiyi ifadəni təsdiqləyərək deyib ki, uzun müddət nazirliyin Plan-Maliyyə Şöbəsinin müdiri olub. Onun sözlərinə görə, hər ay 6 min manatlıq paket alıb: "Nazirliyin fəaliyyəti ilə əlaqədar arayışların, beynəlxalq hesabatların təhlil edilməsi məsələlərinə baxırdım. 2011-ci ildə müdir təyin edildikdən sonra 2300 manat, əvvəllər isə 500 dollar alırdım. 2013-cü illərin ortalarından ayda 6000 manat paket alırdım, lakin devalvasiyadan sonra bu rəqəm 4700-ə düşdü. Paketi hər ay Vidadi Zeynalov mənə verirdi". Abbas Əhmədov şahid ifadəsində qeyd edib ki, Bakı-Telefon Rabitəsi İstehsalat Birliyində Texniki Şöbənin müdiri vəzifəsində çalışıb. O deyib ki, vəzifə təlimatına uyğun olaraq paket almayıb. Proses dekabrın 16-da davam etdiriləcək. Qeyd edək ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib. Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyənləşib. Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib. İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib. Geri qayıt |