Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Gəncədəki 3 saylı xəstəxanada baytaryana mənzərə
Gəncədəki 3 saylı xəstəxanada baytaryana mənzərə20-01-2017, 17:11 |
“Samiri təzədən əməliyyat etdilər, yaradan 10 ədəd tibbi əlcək çıxartdılar. Həkimlər şokdaydı”. Oqtay Abbasov danışır ki, ötən ilin yanvarında yaxın qohumu, 26 yaşlı Samir Məmmədov Gəncədəki 3 saylı xəstəxanada kor bağırsağından əməliyyat olunub. Uğursuz əməliyyat ötən 1 ildə Məmmədovlar ailəsinə hansı acıları yaşadıb, Oqtay Abbasovdan eşidək: “Gənc Samiri xəstəxananın cərrahı Səfər Əkbərov əməliyyat etdi. Əməliyyatdan sonra yara sağalmaq bilmədi, eləcə çirk axırdı. Dəfələrlə həmin xəstəxanaya qaytardıq ki, çirkə görə bir əlac etsinlər, ancaq cərrahın əlindən heç nə gəlmirdi”. Səfər Əkbərov yarası sağalmaq bilməyən xəstəni ikinci dəfə əməliyyat stoluna çıxarıb. Ancaq bu dəfə də müsbət nəticə əldə olunmayıb. Əksinə, yaradakı iltihab daha da güclənib. Xəstənin ailə üzvləri onu Bakıya gətirməli olub: “Yenə cərraha müraciət edəndə dedi ki, �?mən əlimdən gələni etmişəm, gerisi mənlik deyil’. Biz də məcbur qalıb Samiri Bakıya gətirdik. Əvvəl Topçubaşov adına xəstəxanada əməliyyat olundu. Cərrah şokdaydı, yaradan düz 10 ədəd tibbi əlcək çıxartmışdı. Bu barədə əvvəlki cərrah Səfər Əkbərova bildirəndə dedi ki, bu əlcəklər çirkin qarşısını almaq üçün qoyub. Biz cərrahın dediklərini başqa cərrahlara bildirəndə güldülər, dedilər, �?o cərrah sizi ələ salıb’”. İlk cərrahiyyə əməliyyatının uğursuzluğu üzündən sonrakı əməliyyatlar da nəticə verməyib. Xəstənin ailəsi bu dəfə Milli Onkologiya Mərkəzinə müraciət ediblər. Samir burada bir daha əməliyyat olunub. İndiyədək də Onkologiya Mərkəzində çirkin mənbəyinin qurudulması üçün kimyaterapiyalar və başqa müalicələr qəbul edir. Hətta fəsadlar başqa orqanlara da zərərsiz ötüşməyib. Samirin bir böyrəyi çıxarılıb. Samirin ailəsində onun ölkə daxilində tam sağalacağına ümid qalmayıb. Lakin onu ölkə xaricinə aparmağa maddi vəsait də tükənib. Ailə üzvləri düşünürlər ki, vəziyyətin bu yerə çatmasının səbəbkarı Samiri ilk cərrahiyyə əməliyyatı etmiş cərrahdır. Onlar Samirin İranda müalicəsindən ötrü həmin cərrahdan maddi yardım istəyiblər. O isə maddi imkanı olmadığını bildirib. Gəncə şəhər 3 saylı xəstəxanasından “Qaynar xətt”ə bildirilib ki, cərrah Əkbər Səfərov hazırda həmin xəstəxanada işləmir: “Hər halda belə hal olubsa, xəstənin ailəsi məsələ ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edə bilər. Ancaq bizim xəstəxanada hansısa cərrahın xəstənin içində əlcək qoyması barədə ilk dəfə sizdən eşidirik”, – xəstəxanadan bildirilib. Səhiyyə Nazirliyi isə baş verənlər barədə quruma şikayət gəlmədiyini bildirir: “Belə bir faktla bağlı quruma məlumat daxil olmayıb. Yaxşı olar ki, xəstənin ailəsi bizə rəsmi müraciət etsin, araşdırılsın”. Samir Məmmədovun yaxın qohumu Oqtay Abbasov bildirib ki, yaxın günlərdə həm Səhiyyə Nazirliyinə, həm də hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edəcəklər. Hüquqşünas Vaqif Alıyev deyir, əgər xəstənin daxilindən 10 ədəd tibb əlcəyi çıxması barədə deyilənlər təsdiqlənsə, həkim məsuliyyətə cəlb oluna bilər. Geri qayıt |