Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Saleh Məmmədovun sonu yaxşı görünməyən (Azər)YOLu

Saleh Məmmədovun sonu yaxşı görünməyən (Azər)YOLu


17-02-2017, 15:49
Saleh Məmmədovun sonu yaxşı görünməyən (Azər)YOLu
Məlum olduğu kimi, ötən ilin sonlarında Azərbaycan Həndbol Federasiyasında rəhbər dəyişikliyi baş verdi. Bunun İslamiadaya qədər gerçəkləşəcəyini hələ o vaxt yazmışdıq. Çox təəssüf ki, yeni prezident Saleh Məmmədovun da federasiyaya nə üçün gəldiyi gec-tez ortaya çıxdı.
Bu postda Heydər Babayevi əvəzləyən “Azəravtoyol”un sədri Saleh Məmmədov gələn kimi pulunu həndbola yatırmağa başladı. Təbii ki, Heydər Babayevin federasiyaya pul yatırmaması fonunda onun kişi həndbol millimizin üzvlərinə verdiyi maaş xeyirxah addım kimi görünə bilərdi.

Ancaq tezliklə müəyyən olundu ki, Saleh Məmmədov da digər federasiya prezidentləri kimi bu posta ölkə başçısının gözündə ranq qazanmaq üçün yiyələnib. Onun həndbola gəlişi voleybolumuza ilk növbədə ciddi zərər vurdu.
Məlum olduğu kimi, “Azəravtoyol”un hamilik etdiyi “Azəryol” voleybol klubu aprelin 1-dən – Azərbaycan çempionatı başa çatdıqdan sonra fəaliyyətini dayandıracaq. Səbəb Saleh Məmmədovu daha voleybol yox, həndbolun maraqlandırmasıdır. Halbuki “Azəryol” voleybolda Azərbaycanın iddialı klublarından sayılırdı. Bu klubun qəsdən və bilərəkdən dağıdılması isə İslamiada öncəsi neçə voleybolçunun klubsuz qalmasına gətirib çıxaracaq.
Saleh Məmmədovun gəlişi ilə həndbol üzrə Azərbaycan çempionatı ilə bağlı qaranlıq duruma aydınlıq gəlsə də, bu birinciliyin də gözdən pərdə asmaq üçün keçirildiyi üzə çıxdı. Dünəndən start götürən 4 komandadan ibarət çempionat öncəsi Lyudmila Şubinanın rəhbərlik etdiyi “Qaradağ Sement” komandasının mübarizə aparmayacağı bəlli oldu. Halbuki bu komanda neçə il daxili birincilikdə ABU-nun əsas rəqibi kimi göstərilirdi. Əvəzində isə Mingəçevirin “Nur” komandası yaradıldı.
Bəli, məhz gözdən pərdə asmaq üçün bu komanda yaradıldı. Yəni, demək istədilər ki, biz gələn kimi bölgədə həndbol komandası yaratdıq. Elə bilirsiniz ki, bu komandada mingəçevirlilər oynayır? Hamısı ruslardır. Məqsəd bu həndbolçulardan özlərini yaxşı göstərənlərin İslamiadada çıxış edəcək qadın millimizin xeyrinə milliləşdirilməsidir. Axı, Saleh Məmmədova da İslamiadada ölkə başçısı önündə nəticə verdiyini göstərən material lazımdır. Elə “Azəryol”a da ukraynalı baş məşqçi Georgi Voronovun rəhbərliyi ilə artıq legionerlər doluşdurulmağa başlanılıb.
Ən pisi isə bilirsiniz nədir? “Azəryol” komandası bu qədər maliyyə ayrılması fonunda Avropa Qadınlar Çağırış Kubokunda Polşa komandasına böyük hesabla yenildi. 2 oyunun cəminə görə 18 top fərqli yenilgi! Halbuki qadın həndboluna hələ Heydər Babayevin vaxtından diqqət ayrılırdı.
Üstəlik, kişi həndbol millimizə də legionerlərin gələcəyi bəllidir. Həndbol millimizin üzvləri Saleh Məmmədovun təyinatını eşidəndə çox sevincək olsalar da, onların sevincləri qısa çəkib. Çünki artıq MDB məkanından legionerlər millimizə gətirilir. Bunu federasiyanın idman şöbəsinin rəhbəri İsgəndər Əsgərovun özü də mətbuata açıqlamasında təsdiqləyib.
Yeni prezident köhnə rəhbərdən qalan adları da silməyə başlayıb. Artıq Heydər Babayevə məxsus olan ABU şirkətinin adı ilə bağlı dəyişikliklər edilməkdədir. İlk olaraq Azərbaycanın ən köklü klubu olan ABU-nun adı dəyişdirildi. Voleybol klubunun adı – “Azəryol” məhz bu kluba verildi. İndi yəqin ki, “ABU Arena”nı da “Azəryol Arena” adı gözləyir. Gələcəkdə bu arenanın yanındakı ABU Petrolun adının Azəryol Petrol adı ilə əvəzləndiyini də eşitsəniz, heç də təəccüblənməyin. Yeri gəlmişkən, “Azəryol” voleybol klubunun icraçı direktoru Yusif Atakişiyevə də bu federasiyada baş katib postu həvalə edilib. Bir sözlə, klub tamamilə “Azəryol”laşdırılır. Ancaq bu yol yaxşı heç nə vəd etmir… (Sport7.Az)

Geri qayıt