Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Bu gün “daydaylı” uşaqları legionerlər əvəz edir
Bu gün “daydaylı” uşaqları legionerlər əvəz edir9-03-2017, 13:01 |
Bəziləri fikirləşir ki, arxa-dayağı olmadan idmanda, xüsusən də futbolda uğur qazanmaq mümkün deyil. Hətta bununla bağlı müzakirələr də az olmayıb. Yeniçağ.az idman jurnalistləri arasında məsələ ilə bağlı sorğu keçirib. İdman mediasının üzvlərinə “Azərbaycan futbolunda, ya digər idman növlərində “dayday” hesabına qalan varmı? Ümumiyyətlə, belə bir durum mümkündür?”- suallarını ünvanladıq. “Futbol+” qəzetiin əməkdaşı Sərxan Musalı: “Azərbaycan idmanında bu problem həmişə aktual olub. Əvvəllər yığmalara daha çox Bakıda yaşayan idmançılar cəlb olunur, bölgə idmançılarına qarşı haqsızlıqlar edilirdi. İndi vəziyyət bir qədər dəyişib. Legionerləri qabağa verirlər, özümüzünkülər qalır kənarda… Futbolda da tapşırılmış oyunçular çoxdur. Xüsusən də aşağı yaş qruplarında bu “filankəsin”, o “bəhmənkəsin” oğludur deyib, komandalara yararlı-yararsız uşaqları götürürlər. Bu da futbolumuza zərbə vurur. Vaxtilə Zeynal Zeynalov futbol yığmamızda oynayırdı. O, unikal insan idi. Həm futbolda, həm futzalda, həm də çimərlik futbolunda əsas komandaya cəlb olunub. Onun tapşırılmış futbolçu olduğunu deyirdilər. İndi də Məhəmməd Qurbanov barədə eyni fikirlər səslənir. Bu fikirlər əsassız deyil. Belə şeylərdən qurtulmalıyıq. Axı belədə kimlərinsə haqqı tapdanır. Tapşırılmış idmançı hansısa güclü həmkarının yerini tutur. Neçə-neçə idmançı olub ki, belə şeylərə görə karyerasına son qoyub”. Komanda.az saytının baş redaktoru Rəşad Ergün: “”Dayday”lar nəinki idmanda, bütün sahələrimizdə var. Konkret idmana gəlincə, AFFA prezidenti Rövnəq Abdullayev PFL-in rəhbəri Ramin Musayevin “dayday”ı deyilmi? Ramin Musayev Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun “dayday”ı deyilmi? Ramin Musayev Gürcüstandan gələn məşqçilərin, futbolçuların “dayday”ı deyilmi? O günlərdə bir nəfər sosial şəbəkədə maraqlı bir fikir paylaşmışdı. Yazmışdı ki, Gürcüstandan olan bir məşqçi azərbaycanlı mütəxəssislərdən birindən soruşub ki, sən niyə işləmirsən? İstəyirsən, Ramin Musayevə deyim, sənə iş versin. O adam da deyəsən, bunu qəbul etməyib. Bəlkə də adi söz-söhbət kimi qəbul edəcəksiz. Amma belə şeylər var bizim futbolda… Mən hələ milli komandalarımıza dəvət alan futbolçular barədə danışmıram. Hansı ki, uzun zaman nə klubda çalışıb, nə də top üzü görüb. Siz də sual verirsiz ki, bizdə “dayday” məsələsi varmı? Var əlbəttə, xirtdəyə kimi….” Sputnik-Azərbaycanın əməkdaşı Təranə Xudabaxşiyeva: “Bu sualı 7-8 il öncə versəydiniz nəinki ad çəkərdim, adlar çəkərdim. Amma etiraf edək ki, bu gün federasiyalar məsələyə daha diqqətlə yanaşırlar. İndi “daydaylı” uşaqları legionerlər əvəz edir. Amma gücü olan, ağlı olan idmançı heç kimə arxalanmadan da uğur qazana bilər”. Sport7.az-ın baş redaktoru Amal Abuşov: “Azərbaycan futbolunda “daydayı” olan futbolçular əsasən “milliləşdirilənlər” və legionerlərdir. Hazırda ən böyük “dayı” AFFA-nın baş katibi Elxan Məmmədovdur. O, bilavasitə Dağıstandan, Ukraynadan və digər ölkələrdən Azərbaycana gətirilən, milli pasportla təmin edilən futbolçuların himayədarıdır. Bir vaxtlar Daniel Axtyamov, Murad Hüseynov kimi futbolçular var idi. Onlar burdan gedən kimi futbol səhnəsindən silindilər. Məhəmməd Mirzəbəyov, Məhəmməd Qurbanov kimiləri də onların tayıdır. Onlar Rusiyada həvəskarlar liqasında oynayacaq səviyyədədirlər. Amma Azərbaycan millisinə qədər yüksəliblər. Prosineçki inadla Məhəmməd Qurbanovda gizli istedad gördüyünü desə də, həmin “istedadı” açmaq mümkün olmadı. Ötən yay İrandan indi adını belə xatırlamadığım iki futbolçu gətirmişdilər. Digər “milliləşdirilmiş” futbolçular kimi onların da ilk dayanacağı “Sumqayıt” oldu. Klubun prezidenti Kamran Quliyev onların bizim dildə danışmasından o qədər həvəslə bəhs edirdi ki… Qış fasiləsində Samir Abbasov həmin iranlıları komandasında görmək istəmədi və rəhbərlikdən onların göndərilməsini tələb etdi. Bu cür nümunələr yetərincədir. Legionerlərin himayədarları isə adətən, menecerlər olur. Onlar klub rəhbərləri ilə müəyyən faiz qarşılığında anlaşır, gətirdikləri futbolçuların müntəzəm meydana çıxmasına nail olurlar. Amma hazırda bu proses zəifləyib. Çünki mətbuatın, azarkeşlərin gözü tərəzidir. Layiq olmayan legioneri uzun müddət oynatmaq çətindir. Eyni tendensiya idmanın digər növlərində də müşahidə olunur və bu işdə federasiya rəsmiləri, nazirlikdə oturan “dayday”lar fəaldır”. Futbolpress.az-ın baş redaktoru Elçin Cəlilov: “”Dayday” institutu Azәrbaycan cәmiyyәtinin sütun dәyәrlәrindәndir; nәinki idman, әn müxtәlif sahәlәrdә də bu institutun tәşәkkülü mümkün olub vә dayaqları çox möhkәmdir. Konkret adlar çәkib, saatlarla oxuyacağınız siyahı әmәlә gәtirmәkdәnsә, qısaca belә deyim ki, azı 90% bu cür hal mövcuddur. Hәm Gәnclәr vә İdman nazirliyindә, hәm Milli Olimpiya Komitәsindә, hәm də müxtәlif idman cәmiyyәtlәri vә klublarında, yerli idarәlәrdә “dayday” dayağı danılmazdır”. Geri qayıt |