Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Cavid Qurbanov Ziya Məmmədovun oğlunu da müflis edir

Cavid Qurbanov Ziya Məmmədovun oğlunu da müflis edir


10-03-2017, 11:57
Cavid Qurbanov Ziya Məmmədovun oğlunu da müflis edir
ABŞ-ın “Kentucky Fried Chicken”, yaxud KFC fast food restoranları dünyanın bir çox ölkələrində olduğu kimi, 2010-cu ildən Bakıda da fəaliyyət göstərir. Son vaxtlaradək KFC-nin Azərbaycanda 5 restoranı fəaliyyət göstərsə də, artıq bu brend altında yeni-yeni restoranlar da açılır. Bir sözlə, KFC ölkəmizdə fəaliyyətini sürətlə genişləndirməkdədir.
Bu ticarət markasının Azərbaycandakı fəaliyyəti ilə bağlı isə mətbuatda bəzi fərqli fikirlər səslənir. Belə ki, bəzi mətbu orqanlar KFC fast food restoranlarının ölkəmizə keçmiş oliqarxlar - ata-oğul Nəsib və Nizami Piriyevlər tərəfindən gətirildiyini iddia edirdi. Hətta belə fikir var idi ki, Piriyevlərin dünyanın bir çox başqa MDB ölkələrində də KFC restoranları fəaliyyət göstərir. Məsələn, bir neçə il əvvəl mətbuatda azərbaycanlı iş adamı Nəsib Priyevin Ukraynada yaratdığı “Ukrayna qida şirkəti” MMC-nin Kiyevdə ilk “Kentucky Fried Chicken” (KFC) restoranı açdığı haqda informasiya verilmişdi. Bildirilirdi ki, 2012-ci il dekabrın 20-də açılmış restoran Kiyevdə məşhur “Ocean Plaza” ticarət-əyləncə mərkəzində yerləşir.
“KFC restoranı “Yum! Restaurants International Russia&CIS ” (KFC, Pizza Hut və Taco Bell brendləri) şirkətinin verdiyi françayzinq icazəsi əsasında fəaliyyətə başlayıb. Ukrayna qida şirkəti” MMC “Yum! Restaurants International Russia&CIS ” şirkətinin Ukraynadakı tərəfdaşından biridir”- deyə vurğulanırdı.
Həmin vaxt qeyd olunurdu ki, “Ukrayna qida şirkəti” MMC yaxın beş il ərzində Kiyevdə ən azı 10 KFC restoranını açmağı planlaşdırır. O da bildirilirdi ki, “Ukrayna qida şirkəti” Ukraynada azərbaycanlı iş adamı Nəsib Piriyev tərəfindən KFC şəbəkəsinin inkişafı məqsədilə və atası Nizami Piriyevin yaratdığı PNN Group şirkətilə şərikli yaradılıb. Hansı ki, PNN Group-un Azərbaycanda KFC ilə əməkdaşlıq etdiyi də bildirilirdi.
Bəzi mənbələr isə bu brendin Azərbaycana keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov tərəfindən gətirildiyini iddia edirdi. Buna əsas kimi o göstərilirdi ki, KFC-ni Azərbaycana A.Məmmədovun rəhbərlik etdiyi “Qarant Holdinq”ə məxsus AFK şirkəti gətirib. Elə KFC restoranlar şəbəkəsinin saytında da bu haqda qeyd olunur: “AFK şirkəti May ayının 18-i 2010-cu il tarixində Azərbaycanda biznesin inkişafı və dəstəyi məqsədi ilə ictimai qida sahəsində müxtəlif layihələrin həyata keçirilməsi üçün yaradılmışdır. Bizim ilk və böyük layihəmiz KFC restoran şəbəkəsidir”.

Cavid Qurbanov Ziya Məmmədovun oğlunu da müflis edir

Bu günlərdə etibarlı mənbədən “Hürriyyət”ə daxil informasiya isə KFC restoranlar şəbəkəsi haqda tamamilə fərqli fikirləri ortaya qoyur. Belə ki, hazırda Azərbaycandakı KFC restoranlarının “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun oğluna məxsus olduğu bildirilir. Məlumata əsasən, bu şirkətin Bakıdakı ən böyük restoranının 28 may metrosunun yaxınlığındakı “Azərbaycan Dəmir Yolları” QSC-nin balansında olan binada yerləşməsi heç də təsadüf deyil. Qeyd olunur ki, PNN Group-un rəhbəri Nizami Piriyev “Beynəlxalq Bank işi” çərçivəsindən həbs olunandan və Ziya Məmmədov nəqliyyat naziri vəzifəsindən uzaqlaşdırılandan sonra KFC restoranlar şəbəkəsi Cavid Qurbanovun nəzarətinə keçib. Hazırda bu şirkətə onun oğlu Şəmşir Şəmşirlinin rəhbərlik etdiyi vurğulanır.
Mənbə deyir ki, Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunda vitse-konsul vəzifəsində çalışan Ş.Şəmşirli, paralel olaraq Türkiyədə böyük biznes şəbəkəsinə də rəhbərlik edir. Hansı ki, son vaxtlar mətbuatda da “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun Türkiyəyə milyonlarla dollarlıq investisiya qoyduğu haqda informasiya verilirdi. Məlumata əsasən, Ş.Şəmşirli atasının Türkiyədəki şirkətlərinə rəhbərlik etməklə yanaşı, Azərbaycanda da böyük maliyyə vəsaitlərinin idarə olunmasına nəzarət edir. Bunlardan biri kimi KFC restoranlar şəbəkəsini misal göstərmək olar…
Xatırladaq ki, ABŞ-ın “Kentucky Fried Chicken” şirkətinə daxil olan restoranların menyüsü müxtəlifdir. Əsas menyünü toyuq əti təşkil edir. Bu şirkət bütün dünyada gün ərzində yüz minlərlə müştəriyə xidmət edir, hər gün on min tonlarla məhsul satır. Təkcə İngiltərədəki KFC restoranlarında hər dəqiqə ərzində təxminən 400 parça qızardılmış toyuq əti satılır. Məlumata görə, şəbəkənin özünə məxsus fermalarda yetişdirilən toyuqlar (KFC-nin təkcə İngiltərədəki fermalarının birində ildə 23 milyon baş toyuq yetişdirilir-müəl.) xüsusi fabriklərdə kəsilib emal olunur və dünyanın bütün ölkələrində olan KFC restoranlarına da vahid mərkəzdən göndərilir.

Cavid Qurbanov Ziya Məmmədovun oğlunu da müflis edir

Maraqlıdır ki, əksər ölkələrdən fərqli olaraq Azərbaycanda KFC-ni quş əti ilə yerli “Qarant Holdinq”in tərkibində olan “Ucar aqro” MMC-nin tərkibində yaradılmış “Quş əti və emalı müəssisəsi” təmin edir. Görünür, məhz bu səbəbdəndir ki, bir neçə ay öncə Bakıda KFC restoranlar şəbəkəsinə məxsus kafedə 3 azyaşlı uşaq zəhərlənmişdi. Uşaqların valideynləri deyirdilər ki, onlar “28 May” metrosu yaxınlığında yerləşən KFC-də yemək yeyiblər. Axşam hər 3 uşağın vəziyyəti pisləşib və həkimlərin səyi nəticəsində onlar sağ qalıb.
Həmin vaxt valideynlər İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqların Müdafiəsi Dövlət Xidmətinə müraciət etsələr də, sözügedən faktla bağlı heç bir tədbir görülməyib.

Cavid Qurbanov Ziya Məmmədovun oğlunu da müflis edir

Bütün bunlardan da göründüyü kimi, dünya brendi olan KFC-nin Azərbaycanda iş prinsipi ancaq pul qazanmaqdır. Odur ki, bu restoranlar şəbəksində keyfiyyətsiz qida, müştəri məmnuniyyətinə etinasızlıq və məsuliyyətsizlik adi hala çevrilib.

Geri qayıt